Ari faciəsi
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 23:33 08 noyabr 2015 tarixində əlavə olunmuşdur

O, əslində digərləri kimi əsir alman əsgərlərdən biri idi. Nizam-intizama tabe, “yenilməz”, “ari” əsgərlərindən biri idi.

Ölkəsini sevirdi, amma siyasətini heç cür sevə bilmirdi. Nifrətini də içində basdırırdı. Ölkəsi simurq quşu kimi küllərindən doğularkən çox sevinmişdi ilk başlarda, amma tüğyan edən olayların iyrəncləşməsinə ürəyi bulanırdı. Siyasi fikirləri ilə Hitler hakimiyyətinə qarşı çıxan almanların həbsxana həyatları haqqında ağızdan-ağıza yayılan söyləntilər tükürpədici idi. Yəhudilərə qarşı görünməmiş “addım”ların sonunu düşünməkdən beynini yemişdi. Amma ruhuna rahatlıq verməyən, beynini gəmirən olaylar haqqında ailəsinə bircə kəlmə də söyləməmişdi. Çünki evdə “ari” havası hökmran idi. Milliyətçilik hər şeyə üstün gəlmişdi.

O da böyük qardaşı kimi təlim-tərbiyədən sonra əsgər gedərkən ata-anası çox sevinmişdilər. “Mənim oğullarımın 3-cü Reyxə böyük xidmətləri olacaqdı” arzuları artıq həyata keçmişdi.

Faşist Almaniyası öz möhtəşəmliyi ilə irəliləyərkən damarlarında qaynayan qanı ona inkaredilməz qürur bəxş etmişdi. Hətta o dərəcədə sərxoş olmuşdu ki, ölkəsinin daxili siyasətindən ötrü artıq narahat deyildi. Təbəssümünə kölgə salacaq, gözlərindəki işığı söndürəcək heç nə yox idi.

Amma soyuq Stalinqrad onun düşüncəsini 180 dərəcə dəyişdirməyə müvəffəq oldu...

İllərlə SSRİ-də öz əlləri ilə dağıtdığı ölkəni tikdirdi. Tək deyildi, onun kimilər çox idi, barmaqla sayılası deyil. Yenilməzlik əfsanəsi puç olduqdan sonra əsir düşdülər və bədəlini ödəməyə başladılar.

Neçə-neçə obyektlərin fəhlələrindən biri oldu. Qardaşı isə biabırçı “əsir” adını almamaqdan ötrü gicgahına sıxdığı güllə ilə intihar etmişdi.

Geri qayıdanlar olduğu kimi şanslı idi, çünki onun kimilərdən neçəsi bu və digər səbəblərdən ötrü dünyalarını dəyişmişdilər və onların qəbiristanlığı elə orada idi.

Amma qayıdarkən nə atası sağ idi, nə də anası. Ölüm sükutuna qərq olmuş evin boşluğu onun ruhunu üşütməyə başlayırdı artıq. Bir şəhərin divarla yarıya bölünməsi qədər faciəli heç nə yoxdur...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+6=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0226 saniye