Atam xəstələndi
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 11:37 02 yanvar 2016 tarixində əlavə olunmuşdur

Soyuqdəymədən xəstələnən atam 3 gündür ki, yatağından qalxa bilmirdi. Tez-tez öskürürdü. Gah anam, gah da mən içməyə isti çay verirdik. Dərmanları da zorla qəbul edirdi. Xəstəlik bizə keçməsin deyə divanı yataq yeri seçmişdi. Tv izləyərkən arabir göz qapaqları ağırlaşaraq yumulurdu.

Bu səhər anamın səsinə oyandım. Elə pijamalı halımla tələsik səs gələn otağa qaçdım. Anam atamı divandan qalxızdırıb corablarını çıxardaraq ayaqlarını isti suya salmağa çalışırdı. Atam gecədən bəri üşümüşdü, amma bizi yuxudan etmək istəmədiyindən canını dişinə tutub bacardığı qədər dözmüşdü. Ayağa qalxacaq taqəti yox idi.

Anam məni “çay”a göndərib özü isə tələsik geyinməyə başladı. Yaxınlaşıb asta səslə soruşduğumda kiçik bazarlıq edəcəyini bildirdi. Külək pəncərələri döyəclədiyindən anamı soyuq qış havasında evdən çıxmasını əngəlləmək, onun yerinə özümün gedəcəyini təzəcə bildirmişdim ki, anam mənə sərt baxış atdı. Susub onu izləməyə davam etdim.

Çayı hazır edib atama uzatdım. Çiyinlərinə salaraq sarıdığı yorğandan əllərini çıxardıb fincandan ikiəlli yapışdı. Bu andaca dodaqlarında kiçicik təbəssüm peyda oldu. Gözləri sevinc saçırdı. Çayın buğumları üz cizgilərində gəzərkən sanki xəstə atamı deyil, başqa birini görmüş kimi idim. Gözlərimiz toqquşarkən onun məmnunluğundan mütəəssir oldum. Anidən boğazım düyümləndi, bir z aralıda əyləşib atama tamaşa etməyə başladım. Xəstələndiyi gündən bəri bizimlə az-az danışırdı.

Anam əlində sellofan torbalarla qayıtdı. İsti təndir çörəyi, pendir, göy-göyərti, çay paketi və dərmanlar almışdı. Əlindəkiləri qaparaq tələm-tələsik boşaltdım. Anam isə ağır-ağır nəfəsini dərərək paltosunu və uzunboğaz çəkməsini çıxartdı. Kandarda atamı izləyib stula çökdü. Ona da isti çay hazır edərək qarşısına qoydum. Anam başındakı papağa və boğazındakı şərfə dəyib toxunmadan minnətdarlıq dolu gözlərini mənə zillədi.

Dodaqlarımda zərif təbəssümlə birgə təzədən yolumu mətbəxə salıb bu dəfə özümə çay süzdüm. Elə mətbəx pəncərəsi önündəcə əyləşərək çayımın buğumlarına tamaşa etməyə başladım. Anidən içimi narahat duyğu bürüdü. Yaxın günlərdə işə düzələcəm, bəs birdən anam da atam kimi xəstələndi? Kim qulluq edəcək axı? Atam işsiz biri deyil ki, həftənin 7 günü, günün 24 saatı boyunca anamın sağlamlığının keşiyində dursun? Qonşularmı? Qohumlarmı? İnanmıram, onlar özlərini düşünən eqosentrik varlıqlardır. Yalvar-yaxarla ancaq 1-2 günlüyə razı olarlar, vəssəlam!

Günorta radələrində anamla bu barədə söhbətimiz oldu. Anam xəfif təbəssümlə yaşarmağa hazır gözlərini məndən gizlətməyərək yanaqlarıma sığal çəkdi. Düzdür, anam nadir hallarda xəstələnirdi, amma yenə də rahat deyildim. Uzun müddət belə səssizcə əyləşdik. Ta ki atamın yüksələn öskürək səsini eşidənədək.

Əslində hər dəfə zəhrimar səsi eşidəndə hiss etdiyim duyğunun adı narahatçılıq yox, əsəbilik idi. Atama əsəbi idim, xəstələnməməli idi, anamı bu qədər əziyyətə salmamalı idi. Təbii ki, bunu bacardığım qədər gizlətməyə çalışırdım. Mən sadəcə atamın tez sağalmasını istəyirdim.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+9=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0393 saniye