Berlin divarı sadəcə bir xalqı deyil, fərqli rejimləri də bir-birindən ayırırdı. 28 il ayaqda qalan divarı aşma cəhdləri də heç əskik olmadı.
Divarı aşıb yaxınlarına qovuşmağa çalışan 136 adam həyatını itirdi. 1989-cu ilin fevral ayında 20 yaşındakı Kris Qeffroy qaçma cəhdi əsnasında bir Şərqi alman əsgəri tərəfindən vuruldu. Bu, Berlin Divarını keçmə təşəbbüsü əsnasında yaşanan son ölümcül vurulma olayı idi. Qeffroyun hekayəsini bir çox alman bilir. Bəs Berlin Divarının digər qurbanları kimlərdir? Neçə adam divarın digər tərəfinə keçməyə çalışarkən həyatını itirdi? Berlin Divarı Sənədlər Mərkəzi və Postdam Yaxın Tarixi Araşdırmalar Mərkəzi mütəxəssisləri illərlə sürən araşdırmalar nəticəsində həm qurbanların sayını, həm də ölümlərinə bağlı detalları ortaya çıxartdı. Bu məlumatlar bir kitabda bir araya gətirildi.
13 avqust 1961-ci il tarixi Almaniyada fərqli bir anlama sahibdir. Çünki o gün Almaniyanı “Şərqi” və “Qərbi” deyə ikiyə ayıracaq olan Berlin Divarının inşasına başlandığı gündür. Bu tarixdən sonra düz 28 il boyunca ayaqda qalan divarı aşıb qarşı tərəfə keçə bilmək üçün çox sayda adam cəhddə tapıldı. Ancaq qaçmağa çalışanların bir qismi həyatını itirdi. Tarixçi Hans-Hermann Hertle Berlin Divarının 136 qurbanlarından biri olan İda Zikman haqqında aşağıdakıları qeyd edir:
“İda Zikman 22 avqust 1961-ci il tarixində 59-cu doğum günündən bir gün öncə Bernauer küçə 48 nömrədə olan üçüncü qatdakı evindən aşağı tullandı və öldü. Divar inşaatı onu şəhərin qərb tərəfində bir neçə blok kənarda yaşayan bacısından ayırmışdı.”
Tarixçi Hertle və məsləkdaşları Zikmanın da aralarında olduğu 136 qurbanın həyat hekayələrini bir araya gətirdilər. Araşdırma qrupu illərlə sürən işlərlə, məlumat və hadisələr haqqındakı gerçəkləri topladı, səlahiyyətlilərlə görüşdü və keçmiş Şərqi Almaniya kəşfiyyat təşkilatı Ştazinin arxivində araşdırma etdi. Federal Alman Hökümətinin Mədəniyyət və Mətbuatda məsul Dövlət Naziri Bernd Noymann beləcə foto və mətnlərdən ibarət bənzərsiz bir kitabın ortaya çıxdığını söyləyir:
“Bu, həyatını itirmiş olanlara şəxsiyyətlərini və adlarını, yəni bu səbəbdən qürurlarını təkrar geri verə bilməklə əlaqədar bir vəziyyətdir. Diktatorluq mexanizmi və nəticələrinin nələr olduğunu bu bioqrafiklərdə ortaya qoyulur. Bu layihəni əsl qiymətli edən də məhz budur.”
Hər qaçış hekayəsi fərqli idi və hamısı da özünə xas faciələri ehtiva edirdi. Qaçanların çoxu iqtidardakı Sosialist Birlik Partiyası (SED) ilə qarşıdurma içərisində idilər və keçmiş Şərqi Almaniyadakı həyat şərtlərinə artıq dözə bilmirdilər.
“Kristel və Ekxard Vehage adlı gənc cütlük illər boyunca nə birlikdə fəaliyyət göstərə biləcəkləri bir iş tapdılar, nə də birlikdə yaşaya biləcəkləri bir ev. Ümidlərini itirmişkən 10 mart 1970-ci ildə keçmiş Şərqi Berlin Şönefeld aeroportundan Hannoverə silah gücü ilə bir təyyarə qaçırtmağa qərar verdilər. Amma pilotlar özlərini kabinəyə kilidləyib təyyarəni təkrar Şönefeldə endirdilər. Cütlük təyyarədə intihar etdi.”
Tarixçi Hertle ən təəccüblü tapıntıların Sosialist Birlik Partiyasının ölülərə və yaxınlarına qarşı münasibəti olduğunu söyləyir. Keçmiş Şərqi Almaniya vətəndaşı qaçma cəhdi zamanı vurulduğunda Ştazi işçiləri ölüm səbəbi haqqında yaxınlarına ümumiyyətlə yalan söyləyirdilər. Adamın yol qəzası , ya da başqa talehsiz qəzalar nəticəsində öldüyü bildirilirdi.
Ancaq 136 qurbanın hamısı qaçma təşəbbüsü əsnasında həyatını itirmədi. Bir çox insan da qaçma niyyəti olmadığı halda vuruldu. Çünki gedərkən, ya da avtomobil istifadə edərkən səhvən sərhədin yaxınlığına gəlmişdilər. Qurbanlar arasında uşaqlar da var idi. Ayrıca qaçaqlar və ya silah yoldaşları tərəfindən öldürülən 8 əsgərin həyat hekayələri də sənədləşdirildi. Tarixçilər hələlik yalnız Berlin Divarındakı ölümləri araşdırdı. Ancaq iki Almaniya üçün bir zamanlar sərhəd təşkil edən digər bölgələrdə yaşanan fərarilik hekayələri isə hələ qeyri-müəyyənliyini qoruyur.