Bir də mənə belə baxma, yazığam
Könül sənə uyar, aman, qorxuram!
İnsanlardan ötür zaman qorxuram!
Mən sevməkdən daha yaman qorxuram,
Bir də mənə belə baxma, yazığam!
Gülə-gülə qulaq asma sözümə,
Can üzülür sən güldükcə üzümə.
Gözlərindən sevgi keçər gözümə,
Bir də mənə belə baxma, yazığam.
Mənim qəlbim onsuz da qəm odası,
Kədər etmə sevincimi, qadası.
İncimə, var o gözlərin xatası,
Bir də mənə belə baxma, yazığam.
Dil “sevirəm” desə, qulaq kar olmaz,
Görməyincə bil ki, sevgi var olmaz.
Səndən mənə sevən olmaz, yar olmaz,
Bir də mənə belə baxma, yazığam.
Hər gözəldə o baxışı sezmirəm,
Hər gözəli bu baxışla süzmürəm.
Bir də mənə belə baxma, dözmürəm,
Qurban olum belə baxma, yazığam.
Yusif Nazim Ərəbsoy