Bizdə və Onlarda Qadın...
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 19:26 30 noyabr 2015 tarixində əlavə olunmuşdur

Aysel Abdullazadə yazır:

Cəmiyyətimizdə qadın olmaq çətindir. Bunu ağlım kəsəndən, fikir yürüdə bilmək qabiliyyətim olandan və bir qadın kimi hüquqlarımı dərk edəndən müşahidə etmişəm. Azərbaycan cəmiyyətində qadın kimi yaşamaq özgüvən tələb edir. Əks halda acizlik pəncərəsindən bir kölə kimi, sızan zəif işığa baxmaqla kifayətlənəcəksən.

Bu gün cəmiyyətimiz qadına düşüncəsinə yox, geyiminə görə, ağlına yox, qaşlarına görə, dünyagörüşünə və savadına yox, xarici ölkədə olmağına görə qiymət verir. Bu qadının yox gəncliyimizin acizliyi və bəsit düşüncəsidir.

Yolda gedən bir xanım qısa ətək və ya dizləri yamaqlı cins şalvar geyinibsə, heç tərəddüdsüz əxlaqsızdır. Evlənməmiş gənc bir qız qaşındakı artıq və iyrənc görünən tüklərdən azad olubsa, yolunu azıb. Bir xanım işlə əlaqədar və ya sadəcə gəzmək, görmək amaclı xarici ölkəyə səfər edibsə, kəsinliklə adı fahişədir. Bu fikirlər danılmazdır. Azərbaycan "kişisinin", eyni zamanda "qadınının" yuyulmuş beyninin məhsuludur. Qadını çərçivəyə salmaq, yaşamını, sərbəstliyini məhdudlaşdırmaq itin başına ip keçirib yanında gəzdirmək məsəlidir. Bunun başqa adı yoxdur.

Hər insan öz namusunu özü qorumalıdır, qadının namusunu ata, qardaş və ər "himayəsinə götürüb" ona mənəvi işgəncə vermək, yaşamını qısıtlamaq haqqına sahib deyil.

Bir sual həmişə məni düşündürür. Bu qadınları bu qədər anamız, bacımız, arvadımız var deyib guya ki, öz aləmlərində namus mücəssəməsi edib oksigensiz balonda saxlayan kişilər varsa, bəs, bu küçədə, yolda, şəhərdə, işdə, restoranda, kinoda qadınlara söz atan, gördüyü yerdə gözləri ilə qadını soyudurub-geyindirən, min hoqqa ilə tanımadığı qadına, qıza "ceyran" deye müraciət edib pis-pis gülən gədələrin ailəsində, qohumunda, tayfasında qadın qavramı yoxdur? Yoxsa onların nəslindəki qadınların hamısı bir nəfər kimi əxlaq nümunəsidir, digərləri bu gədələrin pis, vəhşi baxışlarına məruz qalan mənən zorlanmışlar?

Bu gün Azərbaycan gəncliyindən iyrənirəm, qadınlara kölə kimi baxan millətlə bir havanı ciyərlərimə çəkməkdən utanıram. Bizdə qadınlara verilən sərbəstliyin qısıtlığı gələcəyin anasını kar və kor edir, dünyaya açılan pəncərəsini bağlayır.

Yay olduğu üçün on gün tətilimi başqa ölkədə keçirdim. Bizdən qat-qat zəif, inkişafda geri olan, yeni bir binasını görmədiyim bu ölkədə güclü bir inkişaf gördüm. İnsanları çox sərbəst, qadınlara hörmət və izzətlə yanaşılan, geyiminə görə ad qoyulmayan bu ölkənin çimərliyindən qadınlar sərbəst şəkildə yol kənarı ilə evlərinə gedə bilirdilər. Onlara kişilər tərəfindən acgözlüklə baxılmırdı, şortiklərinə baxıb gülən, ucadan nömrəsini deyən gədələr yox idi. Yaxın ölkə olduğu üçün azərbaycanlılar çox idi, inan ki, mübaliğəli şəkildə demirəm, müşahidə etdiyimi paylaşıram, iki dəfə şit-şit parkda qızlara baxıb gülən, "anqıraraq" (üzr istəyirəm, başqa bənzətmə tapa bilmədim) qadınlara öz dilində söz atan gədələr gördüm, yaxınlaşanda eyni dildə danışdığımızı eşidib millətimin bu cür səviyyəsiz gəncliyindən yad bir ölkədə utandım.

Gördüklərimin xülasəsini danışdım sizlərə, artıq nəticə çıxarmağa belə ehtiyac yoxdur, çünki nəticəmiz göz önündədir. Bu anlatdıqlarım Azərbaycan gəncinin düşüncəsi, səviyyəsi, dünyagörüşü və mədəniyyətinin göstəricisi idi.

Qadınlara göstərilən və sunulan hörmət bir anaya edilən hörmətdir! Hər qadın bir anadır! Gəlin bunu unutmayaq, bunu ictimailəşdirək və bu bəsit düşüncəli gəncliklə mübarizə aparaq!

Aysel Abdullazadə...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+30=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0247 saniye