Çirkab
Bəyaz Məmmədova tərəfindən "Hekayə" bolməsinə 00:57 24 aprel 2014 tarixində əlavə olunmuşdur

       Bir gün onu öz əllərim ilə torpağa qoyacağım ağlımın ucundan belə keçməzdi.O,mənim tək dayağım idi.O mənim bir parçam idi.İllər boyunca sirrini içimdə daşıdığım,gözlərinə hər baxdığımda məsumiyyət dolu qorxaqlıq gördüyüm,əllərini hər tutduğumda soyuqdan donmuş hüceyrələrini hiss etdiyim qardaşım idi.Uşaq vaxtı bir az dəcəl,böyüdükdən sonra isə bu dəcələlliyini pik nöqtəsinə çatdıracaq qədər də amansız oldu.O öz həyatına qarşı amansız oldu.O özünü bir çirkabın içinə atıb,orda yaşadı.Dinləmədi heç kimi.Dinləmək istəmədi.Həyatını məhv edən insanları başının üstündə tac edərkən,onu qorumağa çalışanları kiçildib əli ilə yerə tərəf itələdi.Onlara bir nöqtə kimi baxdı.Hər söz deyildiyində onları təhqir belə etdi.Halbuki təhqir edilməsi gərəkənlər sadəcə təriflənirdi.O torpağın altına gedərkən gözlərimdə günahmı,mərhəmətmi,qorxumu,həyəcanmı bilmirdim amma bir tək onu anlayırdım ki,o böyük sirr ilə birlikdə o böyük insan da məhv oldu.Atasını məhv edən,anasının gözlərini amansız yaşlarla dolduran,bacısını hər zaman qorxu və həyəcan içində saxlayan bir insan idi o.Ailəsini düşünmədən palçıqlı,bəlkə də qanlı çirkaba batmış Samir Mahmudov.Allah rəhmət eləsin.Etdiyi bütün səhvləri bağışlasın.

              * * * 

           Sərin bir yaz günü idi.Havadan hansısa bir ətrin qoxusu gəlirdi.İnanılmaz olan bu iy məni sanki bihüş edirdi.Allaha bizə belə bir hava bəxş etdiyi üçün təşəkkür etdim bir anlıq.Artıq hava qaralmışdı.Biz o vaxtlar həyət evində qalırdıq.Otağımın pəncərəsindən elə hey ulduzları seyr edirdim.Yaz günü hava daha açıq olurdu.Buna görə ulduzları seyr etmək daha asan idi.Ulduzlar mənim həmdəmim idi.Univerisistetə həmən il daxil olmuşdum.Çox xoşbəxt idim.Həmişə axşamlar pəncərəmdən baxıb ulduzlara bu gün dərsdə nələr olduğunu danışardım.Bacım yox idi.Anama da ki söz danışa bilməzdim.Bir az sərt qadın idi.Onunla iki kəlmə etmək çox çətin idi.Elə rəfiqəm də yox idi.Bircə qardaşım var idi.O da ki səhərlər dərsdə,axşamlar da ki çöldə dostları ilə olurdu.Üzünü belə görmürdüm.Atama gəlsək.O iş bir az qəlizdi.Atam anamla mən doqquzuncu sinifdə oxuyarkən ayrılmışdılar.Atam bizdən ayrı qalırdı.Əgər bunu etiraf etmək lazımdırsa bəli atasız yaşamaq bizimçün çətin idi.Amma anamın dırdırı və təbiiki atama layiq olmayan hərəkətləri nəticəsində boşanmaq vacib halına gəlmişdi.Atam evdən getdiyi gün bizim üçün dəhşətli idi.Anamın əsəbi,ağlaması,bizim üstümüzə qışqırmaqları düz beş ay davam etdi.Sonra yavaş-yavaş özü də öyrəşdi.Onsuzda o artıq yolunu tapmışdı.Qardaşım bilməsə də mən hər şeyi çox gözəl bilirdim.Anamın gizli-gizli telefonda kimləsə danışması,gülüş səslərinin get-gedə qaqqıltıya keçməsi mənə hər şeyi aydın edirdi.Amma anam olduğu üçün bunu elə də şişirtmək istəmirdim.Qardaşımın bunu bilməsi faciəyə gətirib çıxara bilərdi.Bir sözlə ailədə sevdiyim tək insan qardaşım idi.Düzdü onu az-az görsəm də yenə də qardaşım mənimçün çox dəyərli idi.

     Ulduzları seyr etdiyim gün mənimçün dəyərli olan insanın-qardaşımın səsinin gəldiyini eşitdim.Diqqətlə qulaqlarım şəkləyib səsi dinlədim.Qardaşımın yanında üç nəfər var idi.Birinin səsini yaxşı tanıyırdım.Namiq idi.Məhlə uşağı Namiq.O birinin səsi elə də tanış gəlmədi.Mənim pəncərəm yer məsafəsindən üç metr yuxarıda olduğuna görə onlar məni  görə bilməzdilər.Amma hər ehtimala qarşı arxaya çəkilib onları dinləməyə başladım.

-Qaqacanı pulum yoxdu.Ötüşdürdə bir az.Sən də başa düşməsən kim başa düşsüne məni ?-deyə qardaşım dedi.

-Gör kim danışıre.Mən sənə güvənib verdime onları.Dədən polisdə işləmir?Denən pul lazımdı çıxarıb vericeydə.Nə ağlayırsan?-deyə çəmkirdi tanış olmayan səsli oğlan.

-Söz verirəm bu həftənin sonuna kimi çatdıracam.Amma bu söbəti başqa kimsə bilsə özündən küs.

-Ayda yaxşıda bildik.Gələndən bəri yüz dəfə dedin.Bunu anladıq sən əsas pulu gətir çıxart.

-Yaxşı danışdıq gələn həftə pul səndə olacaq.İndi get buralarda çox görünmə.

Mən hələ də nə söhbət getdiyini anlamamışdım amma nəsə yaxşı iş görmədiklərini sezdim.Oğlanın ayaq taqqıltılarının səsindən onun evimizin əksi istiqamətində getdiyini bildim.Tez boylanıb qardaşımla,Namiqi gördüm.Oğlanın arxasında baxıb danışmağa başladılar.

-Samir əminsən pulu verə biləcəksən?-dedi məhlə uşağı

-Bir təhər yığmalıyamda qaqa.Neyniyim?Gəlib öldürsün məni?Ya türmələrdə yatım?Dədəm bilsə məni çoxdan basar dama.Dua eliyimki onun xəbəri olmasın.

-Səhv iş tutdun qaqacanı.Gərək girişməzdin bu işə.Başıva bəla açassan.Belə işlərin axırı nə olur özün hər gün televizorda görürsən.

-Ala neyniyim?Sənə nə varki .Anan ,atan sağ-salamat bir yerdə.Xoşbəxt bir ailənin övladısan.Dərdin yox,qəmin yox.Nolsun atam polisdi?Batırıq kasıblıq içində.Anam bir yerdə,atam bir yerdə.Neyniyim axı məni keyiləşdirən nəsə olmalıdı.Unutmalıyam qaqa olanları.Unutmadıqca dəli olmaq vəziyyətinə çatıram.Yaşadıqlarım elə də asan deyil.Heçolmasa sən başa düş məni.Həm də pula da ehtiyacım var.Heçolmasa satıb nəsə qazanaram.

-Başa düşürəm qaqa.Amma mən sənə görə deyirəm.Diqqətli ol.Çox qəbul eləmə.Bu zəhrimar ölümə də aparır insanı.

-Narahat olma.Sadəcə özümü toparlayana kimi.Yaxşı mən gedim evə.Gecən xeyrə.-deyərək evə doğru addımladı.

Şok içində idim.O pak sandığım insan sən demə çirkabın içində üzürmüş.Və bizim bundan xəbərimiz yox idi.Həmin an elə bil kimsə mənə möhkəmcə sillə vurdu.Özümə gələ bilmirdim.Anam yatmışdı.Qapını açıb donuq sifətimlə qardaşıma baxdım.Qarşımda sanki cinayətkar bir insanın durduğunu gördüm.Mənə gülümsəyib əli ilə başıma sığal çəkdi.Bir anda diksinib dala doğru atıldım.O əlləri hər zaman pak və təmiz bilirdim.Amma eşitdiyim sözlərdən sonra artıq o əlləri saçımın bir telinə belə dəyməsini istəmirdim.İyrənirdim ondan.İki dəqiqə içində doğma qardaşıma qarşı iyrənclik  hissinin yarandığına görə təəssüf hissi keçirtdim.Heyifsləndim bu günə qədər inandığım şəxsə qoyduğum hörmətə.

-Keç içəri səninlə işim var.

-Nə işi yuxum var gedirəm otağıma.Sonra danışarıq bacı yaxşı ?

-Yox ! Sonra olmaz ! İndi və təcili şəkildə danışmaq lazımdı.

-Yaxşı de görüm nə olub axı?

-Sən narkotika ilə məşğulsan ? Düzünü de mənə .

-Başa düşmədim?Bu nə danışıqdı mənimlə danışırsan?Sən düşünürsən nə danışırsan?

-Xeyr,mənim düşünməyimə ehtiyacım yoxdu.Bəyax özün hər şeyi qəşəngcə dedin.De görüm sən məni məhv etmək istəyirsən,özünü yoxsa ailəni?

-Hansı ailə?Hansı ailədən danışırsan sən?Ailə qalıb?Sən bu işlərə qarışma qətiyyət.Uşaqsan otur uşaq yerində !-deyə səsini ucaltdı.

-Düzgün danış.Qarşında küçədən keçən qız yoxdu.Mən sənin bacınam.Uşaq deyiləm artıq mən.Mən sənin ailənəm.Mənə hesab verməlisən.Yəqinki bunların atama deyilməsini istəmərsən hə ?

-Şşş sakit dur.Qışqırma.Anam eşidəcək.Sənin məqsədin nədi?Məni şantaj edirsən?

-Səni şantaj etmirəm.Mən sənin yaxşı olamğını istəyirəm.Mənə düzünü de.Yoxsa ataya hər şeyi deyəcəm.

-Sus dedim.Yaxşı etiraf edirəm.Bu işə girişmişəm.Amma ağzını açsan axırı çox pis olacaq.Özün bilirsən atam bilsə mən bir gün içində türmədə yatacam.Gəlib artıq orda mənə yemək verərsən.

-Utanmaz ,utanmaz da hələ danışırsan?Bu işdən əl çəkməlisən.Təcili surətdə.

-Başqa arzun istəyin?Əfsanə xanım bu elə də asan iş deyil.Bu işə girişmisənsə içindən çıxmaq çox çətindi.Çəkil gedirəm yatam.O balaca başınlada hər işə girmə.Sus otur yerində-deyərək məni itələdi.

      Səhər tezdən oyanıb qardaşımla danışmağa qərar verdim amma onu evdə tapmayanda əsəsbimdən çölə çıxıb dərindən hava aldım.Dərsə gecikəcəyim qorxusu ilə tez içəri girib əynimi dəyişdim.Univerisitetedə Nərmini gördüm.Çox xoşbəxt görünürdü.Diyəsən qardaşım ona yenə növbəti yalanlarından birini danışmışdı.Nərmin mənim oxuduğum univerisitetin ikinci kusunda oxuyurdu.Həmçinin də bizim qonşumuz idi.Uşaq vaxtından bəri qardaşımla  bir-birilərini sevirdilər.Onlar demək olarki birlikdə böyüşmüşdülər.Nərmindən niyə belə xoşbəxt olduğunu soruşmaqdan belə utandım.Sakitcə sinifimə getdim.

       Qardaşımın əməllərini bildiyim gündən düz bir həftə ötmüşdü.Yenə hər zamanki kimi pəncərədən baxırdım.Anam evdə yox idi.Bacısıgilə getmək adı ilə hara isə getmişdi.Qardaşımın səsinin gəldiyini eşitdim.Gülüş səsləri ilə evin qabağında kiminləsə danışırdı.Cəld ayağa durub qapıya tərəf getdim.Qardaşım qapını sındırırdı sanki.Tez qapını açdım və gördüyüm mənzərə elə yaxşı deyildi.Qardaşımın gözləri qızarmış,səsi tutulmuşdu və qaqqıltı ilə gülürdü.Onu belə gördüyüm zaman yalnız bir şeyi düşündüm.Bu an atam evdə olsaydı qardaşım cürət edib bu vəziyyətdə evə gələ bilməzdi.Atasızlığın nə qədər faciələrə səbəb olacağını həmin an daha gözəl anladım.Qardaşım gülə-gülə içəri keçdi.Divanda oturub televizorda gedən nəyəsə gülməyə başladı.Artlq anlamışdım işin nə yerdə olduğunu.Qorxumdan nə anama,nə də atama zəng edə bildim.Bir saatdan sonra qardaşım yuxuya getdi.O gecə mənə haram oldu.Anamın da evə gəlməməsi məni ikiqat incitdi.Uşaqlarından xəbəri olmayan məsuliyyətdiz valideynlərin qızı idim mən.Bəxtsiz də deyə bilərik.O gün bir şeyi anladımki bu ailədə bircə mən səhv etməməliyəm.

        Bu hadisənin üstündən 10 gün keçmişdi.Hər gün qardaşım çox pis vəziyyətdə  evə gəlirdi.Dəli olurdum.Anam bilməsin deyə onu çox əziyyətlə içəri keçirdir və yatızdırırdım.Bir gün səhər qapının döyüldüyünü eşitdim.Həmin gün dərsə getməmişdim.Qapını hökmlə kimsə döyürdü.Qapını açan zaman qarşımda Nərmini gördüm.Samirin neçə gündü görünmədiyini və ona heç zəng etmədiyini soruşdu.Mən isə bu sual atəşinə heç cür cavab verə bilmədim.Axı nə deyərdim?Qardaşım narkomandı.Onunla işin olmasın deyim?Bu sirri saxlamalı idim.Amma bir tərəfdən Nərminə də yazığım gəlirdi.O hər gün ümidlə qardaşımın zəngini gözləyərkən mən bütün həqiqəti ondan gizlədirdim.Hər şeyin yaxşı olacağını deyib ona təsəlli verdim.Amma o nədənsə bu təsəlliləri heç sevmirdi.Axşam qardaşım evə nədənsə ayıq gəlmişdi.Onunla bir az söhbət etməyə çalışdım.Nərminin çox pis olduğunu dedim.O isə məni vecinə belə almayaraq otağına getdi.Artıq gec idi.Danışmaqla bir şey olacağını sanmırdım.Mən sadəcə özüm də bilmədən qardaşımın ölümünə hazırlaşırdım.Ata da üç gün idi ki evə zəng eləmirdi.Onunda anamın dediyinə görə yeni ailəsi var idi.Özüm də zəng etmək istəmirdim.Düzdü bizi sevsə də anama görə bu evə gəlmək istəmirdi.Arada bir bizlə əlaqə saxlayırdı.Amma təbiiki arada bir əlaqə saxlamaqla övlad yetişdirmək olmaz.Mənim əlim qolum bağlı idi.Sakitcə sonunu maraqla gözlədiyim hekayəni yazırdım beynimdə.Nə bilərdimki bir gün o əllərimdən uçub gedəcək.Nə bilərdimki bu vicdan əzabl ilə ömrümün sonuna kimi yaşayacam.Mən sadəcə gözləyirdim.Heç gəlməyəcək amma gözlədiyim o möcüzəni gözləyirdim...Bəlkə də nə vaxtsa o möcüzə gerçəkləşəcəkdi...

           Daha neçə gənci çirkaba batırdı bu?Daha neçə gəncin həyatına son qoydu?Görəsən saysaq bitərmi?Torpağın altında yatan o zavallı gənclərin günahının nə olduğunu kim deyəcək mənə?Bəlkə elə onlar özləri etdi hər şeyi?Onlar sadəcə nəfsinin qurbanına çevrildilər.Çirkaba batmaq üçün özləridə bilmədən əllərindən gələni etdilər.O qurbanlardan növbətisi idi mənim qardaşım idi.Məsum idi bir vaxtlar.İradəli,dözümlü,cəsur,heç vaxt acı çəkməyən,həmişə güclü olan,daima sevincdən gülən gözləri ilə ətrafa baxan insan idi o.İndi onun həyatı qaranlığa çevrilmiş bir sükut içində davam edirdi.Düz 2 il idiki narkotik qəbul edirdi.Hər gün onun bu sirrini ürəyimdə danışımaq mənə ağrı verirdi.Çiyinlərimdə olan o ağırlığı məndən başqa heç kim hiss edə bilməzdi.Nə qardaşımın türmədə gedib çürüməsini,nə də göz görə-görə ölməsini istəyirdim.Çıxılmaz vəziyyətdə qalmaq nə imiş o vaxtı anlamışdım.Amma deyəsən türmə bundan yaxşı idi.Qardaşımın meydini yerlərdə sərilmiş şəkildə gördüyümdə anladım nə qədər böyük səhv etdiyimi.İnsanın içini yeyib-parçalayan o qorxu hissi hər şeyi məhv etdi.Mən artıq qarşımda “Mahmudov”deyilən zaman dik duraraq “Mənəm”deyən insan yox,”Samir” deyərək bağırsan belə sənin səsivi bir daha eşitməyəcək bir meyit yatırdı.Qapıdan çıxdığımda gördüyüm o mənzərə sanki uca dağ başında bütün qış boyu qalaraq,yayda əriyən buza bənzədi bir anlıq.Gözlərimin dolduğunu və qəlbimlə beynimin birlikdə işlədiyini duydum.Artıq onlar ikisidə əmin idi ki,Samir Mahmudov yox idi.O yalnızca bir ölü idi.Bir azdan gəlib götürəcəklər və torpağa basdıracaqlar düşüncəsi içimi yeyib-bitirdi.”Samir”deyə qışqırdım amma səsimə səs verən olmadı.Qardaşımın o qalın səsini eşitmədim.”Burdayam keçi”deyişini eşitmədim.”Yenə nə istəyirsən?”-deyərək süzgün-süzgün baxan gözlərini görmədim.Mən onu öz əllərimlə itirdim.Bəlkə də atama desəydim heç nə belə olmayacaqdı amma yeganə ümidimin qardaşım olduğunu anlayıb susmuşdum.O ümidimdə getdi.İndi mən sadəcə yetim idim.Atamın evdən getməsi belə mənə belə təsir etməzkən,anamın başqa kişilərlə birlikdə əylənməsini belə vecimə almazkən qardaşımın ölümü məni yerlə-yeksan etdi.O sadəcə bu cümlələri dedim : “Sənin üçün çox darıxacam.Bağışla məni.Mənim tək dayağım,bağışla.Bəlkə də indi sənə yemək gətirə bilərdim amma indi mən sənin meydinin üstündə göz yaşı gətirirəm ancaq.Bağışla”.Sonra məni meydin başından çəkib evə apardılar.Pəncərədən onun meydini necə apardıqlarını gördüm.O an anladım doğurdanda yetim qaldığımı.Və təbiiki meydin darvazadan çölə çıxarıldığı anda Nərminin gəlişi və hadisəni öyrənib qışqıraraq ağlaması məni bir az daha vurdu yerdən yerə.Sevdiyin bir insanın bir daha olmamasını anlaman sənin ruhunun sadəcə şikəst qalmasıdı.Qardaşım özünü öldürdü getdi.Həm ruhunu,həm bədənini.Amma Nərminlə mənim ruhumu şikəst etdi.İndi bizim ruhumuz bir daha düzəlməz dedi həkimlər.Mənim ruhum daha yeriyə bilməyəcək, Samir Mahmudov ....

 

P.S:Gələcəkdə nə baş verəcəyini düşünmədən atdığınız addımlar ətrafınızda sizi sevən insanlara çox böyük zərbə endirə bilər.Bəli həyatda insanın özü üçün yaşaması gözəl hissdir əgər yetimsənsə.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+21=
Hesaba giriş
Müəllif

Bəyaz Məmmədova
Haqqında
Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....
Əlaqə
E-mail:
beyaz.queen@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0272 saniye