Məktəbdə diqqətdən kənarda qaldığım kimi kollecdə də vəziyyətim eynidir. Digər qızlar kimi cəlbedici bədənim, gözəl saçlarım, baxımlı üzüm yoxdur. Həmişə onlara qibtə ilə baxırdım.
Anamın ölümü ilə tamamilə yıxılmışdım. Aradan 10 ilin keçməsinə baxmayaraq hələ də özümə gələ bilməmişəm. 9 yaşım vardı, kiçik qardaşımdan savayı tikintidə baş vermiş qəza nəticəsində əlillik qazanmış atama da baxmalı idim. Dövlətin atama ödədiyi “qazanc”la birtəhər dolanmağa başladıq. Arada tanış-bilişlər, qohum-əqrəbalar da yardım əlini uzadırdılar. Qonşumuz yaşlı qadın idi, bizə tez-tez hazırladığı yeməklərdən pay göndərirdi. Mən isə çökdükcə çökürdüm. Dərslər, ailə vampirsayağı enerjimi sorurdu. Atam məni savadlı görmək istəyirdi deyə məktəbi ata bilmirdim. Onu həmişə vicdan əzabı içində qovrulduğunu görürdüm. Ayaqlarıma yumruqlar endirib ağlayırdı, məndən və qardaşımdan bu həyat üçün üzr istəyirdi.
Qardaşım məndən də güclü travma almışdı. Anamız dünyasını dəyişərkən 5 yaşında idi. Özünəqapanıqlığı məni və atamı qorxudurdu. İstər evdə ailə masası ətrafında, istər məhəllədə uşaqların oyunlarında həmişə səssizliyi ilə seçilirdi. Suallara bomboş gözlərini zilləməklə cavab verirdi. Onu məktəbə hazırlaşdırmaq mümkün deyildi. Həmişə məni kitab-dəftərlə görəndə qaçırdı. Bizim yalvarışlı israrlarımıza əlləri ilə qulaqlarını qapadaraq çığırırdı. Onsuz da dərs ləvazimatlarını çatdıra bilmirdim deyə pedaqoji kollektiv mənə güzəştə gedirdi, amma qardaşımın durumunu düşündükdə ağlımı itirəcək kimi olurdum. 4 illik cəhdlərimiz nəticəsiz qaldı. Atam qışqırırdı, qadağan edirdi, həbs edirdi, amma nəticəsiz qaldı. Qardaşım oxumaqdan imtina edərək bizə səsini yüksəldirdi, kağızları cıraraq üsyan edirdi. 9 yaşında atamızın tanışlarından birinin köməyi ilə iş həyatına atıldı. Məhəllədən bir az uzaqda ayaqqabı təmirçisinin dükanında ustanın yardımçısı oldu.
Hər gün qardaşıma yeməklər hazırlayıb aparırdım. Uzaqdan onu izləyərkən yanaqlarım islanırdı. Özümü günahkar hesab edirdim. Qardaşım deyil, mən işləməli idim. Mən deyil, o oxumalı idi. Ana, niyə bizi atıb getdin? Ata, sənin də payın çoxdur. Amma, deyəsən, qardaşım işləməkdən məmnun idi. Qoca ustanın hər hərəkətinə maraq dolu gözlərlə baxırdı. Kaş ki, bizə danışsaydı. Onu işə aparıb gətirən qoca ustanı bizdən də çox sevdiyini üzümüzə çırpsaydı. Hər səhər-axşam ailə masasında gözlərini qaldırıb bizə baxmırdı, səsini çıxartmırdı. Qazandıqlarını səssizcə masa üzərinə buraxırdı. Yatdığına əmin olduqdan sonra yaxınlaşıb saçlarına sığal çəkərək öpürdük.
Məktəbdə digər qızlar kimi baxımlı ola bilmirdim, amma həmişə gözucu onlara diqqət yetirirdim. Ürəyimdə “kaş ki”-lər keçsə də, dərhal özümə qəzəblənirdim. Onlar mənim yaşadıqlarımı yaşamayıblar, analarını itirməyiblər, ataları sağ-salamatdırlar, bacı-qardaşları isə... Bu nöqtədə quruyub qalırdım, zorla udqunurdum, ağlamamağa cəhd edirdim. Məktəbi bitirən kimi qardaşım kimi işləyəcəkdim, amma gözləmədiyim halda qardaşımın təzyiqi ilə sənədlərimi kollecə verdim.
Burada qızlar nəinki baxımlıdırlar, hətta sevgililəri var. Brend geyim, telefon markası, sevgi söhbətlərini anlamıram. Anladığım qədəri ilə rəfiqə qazanmaq şansım sıfırdır. Onlardan fərqli olaraq mənim qiymətlərim “rüşvət”lə yazılmırdı. Hal-hazırda şəhər gəzintisi, kafe və film söhbəti gedir. Mən isə qardaşımda səhər müşahidə etdiyim corab dəliyinin fikrini çəkirəm...