Bu həyatı başdan çevirib, yenidən-yenidən oxuyur kimiyəm. Həyatıma yeni olanlarla gələn günlər, təkliyimin içərisində gizlətdiyim tənhalığımdan uzanan əllərə verilmiş, ümüd kimidir. Hərdən ömrümdən dəqiqələri qovur, gözümün qarası ilə divarda asılmış saatın əqrəblərini dartar kimi çəkib gətirirəm növbəti rəqəmin üzərinə. Bu anlarda yaşamağı- yaşamağa məcbur olduğumu ürəyimin və ağlımın ən məhrəm duyğuları ilə anlayıram. Bu vəziyyətimi dəyişə bilməməyin acizliyini yaşayıram. Beynimin içi dərdlərin paliqonuna bənzəyir. Ətraf səs-küylüdür, tanımadığım və tanıdığım insanlar çoxdur. Susuram, dərdlərimi beynimin bir küncündən o birisinə qovuram. Beləcə, dərd qaçdı-qovdusunda ürəyimi bürüyən əzab duyğusunu yox etməyə çalışıram. Məni tanıyanlar yanımda olanda susqunluğumdan qulaqlarının batdığını deyirlər. Nə olsun? Bu məni narahat etmir kim nə deyir desin. Hər insanın özünün, öz dünyası, həyatı, sevinci, xoşbəxtliyi və bədbəxtliyi olduğunu dərk edəndən sonra insan üçün çox danışmaq asan olmur. Danışıb sözlərimlə bir-iki dərdi sürüyə-sürüyə dartıb fikirlərimin kəndarına gətirmək beynimin dərd paliqonundan qovub çıxarmaq istəsəm də, bunun baş tutmayacağını bilib, sakit qalıram. Mən özümü başqasının yaşamına qoşqu etmək istəmirəm. Onsuzda bilirəm ki, belə sadəlöv hərəkətlərlə həyatımın çiyinlərimə yüklədiyi, hərdən məni “bu qədər dərdin altında əzilib məhv olacağam” düşüncəsinə salacaq qədər ağır, əzab yüküm azalmayacaq. Həm də insanlar problemlərindən danışanları xoşlamırlar. Hara çevrilirsən- çevril, tənhasanki, tənhasan dərdin olsa da olmasa da. Artıq yaşamımın gözlərinin içinin- içinə baxmaq, oradakı giziltili, hər an yox olmağa hazır olan ümüdsüz, ümüdlərə ümüd verməyin zamanıdır. Bu həyata, yaşama olan istək və arzularımı təzədən kəsib biçməyim lazımdı. Yaxşı və dərdsiz sabaha ümid etmək istəməliyəm. Niyəsə elə bilirəm ümid yaxşı hissdir. Bəlkə də hisslərin ən yaxşısıdır. O özünü görə bilmədiyin, ancaq işığını sezdiyin, bəlkə də görmək istədiyin, köhnə görkəmli kerasin lampası kimidir. O lampa günəşə də çevrilə bilər, qəfildən yerə çırpılıb çilik-çilik də ola bilər. İnsanların parça-parça olub yoxa çıxan ümidləri kimi.