Tv-də işlərim bitər-bitməz evə doğru tələsdim. Hər kəs də mənim yalanıma inanmışdı ki, “qohum uşağı”ndan ötrüdür. Əslində uşaq var, amma hansısa qohumun uşağı deyil. Qanı qanımdan, canı canımdan olan mənim uşağımdır. İşə gedərkən onu qonşumuza təhvil verirəm. Qonşumuz yaşlı, mehriban, canayaxın ağbirçəkdir. Tək yaşayırdı. Mənim sirrimi ilk anlayan o olmuşdu.
Uşağımın atası isə evli idi. Mən isə bunu onsuz da bilirdim. Amma özümlə bacara bilmədim. Ona da yazığım gəlirdi. Ailəsində yaşanan böhranlı vəziyyətdən qaçmağa çalışırdı. O vaxtlar tv-mizdə maliyyə çatışmazlığı yaşanırdı deyə ailəsinin ehtiyaclarını heç cür qarşılaya bilmirdi. Mən isə onu sevirdim, sonuncu axmaq kimi sevirdim, əxlaqsızcasına sevirdim. Onun özünə də bildirmişdim. Əslində haradasa atam yaşında olacaq biri idi. Mən 22, o 52. Atamı uşaqkən itirmişdim. Hardasa oxumuşdum ki, atasını itirən qızların özündən yaşca xeyli böyük kişilərə sevgisinin təməlində “ata” durur. Aşiq olduğum adamın xarizması ilə təkcə mənim yox, çoxlarının qəlbini fəth etmişdi. Qısqanırdım, dəli kimi qısqanırdım. Hansısa qız, qadın iş, ya da digər səbəbdən ötrü ona yaxınlaşırdısa, əlimdəki kağızı parça-parça edəcək, qələmi sıxacaq həddə yüksəlirdim həmişə. İşə gəlməyəndə gözlərim onu axtarırdı, xəstələndiyini eşidəndə özümə yer tapa bilmirdim. İşdən çıxıb evə gələndə darıxırdım, divarlarım üzərimə gəldiyini sanırdım, qışqırıb ağlamaq istəyirdim, yemək bişirib yeyərkən gözlərimin önündə canlanırdı. Bəzən özümə qəzəblənirdim, niyə ona aşiq olduğumu sorğulayırdım, hansı axmaq səbəbə görə ona eşqimi elan etdiyimi anlamırdım. Amma mənə görə ən böyük anlaşılmaz səhvim onun gözlərinə baxaraq etiraf etməyim idi. Heç bir reaksiya göstərmədi, sadəcə yavaşca ötüb keçdi. O anda necə peşman oldum, özümə necə nifrət etdim. Mən alçalmamalı ikən, alçaldım. Xəstə olduğumu bəhanə edib 2-3 gün işə getmədim, evdən çıxmadım. Amma ilk zəng edib maraqlanan da, işə qayıtmağımı israr edən də o oldu. Səsində dərin üzrxahlıq sezdim. İşə gələrkən başımı qaldırıb ona baxmamaqda qərarlı idim, amma özü məni kabinetinə çağırınca nə edəcəyimi bilmədim. Məndən hal-əhval soruşdu.
Gecədən xeyli keçmişdi, yuxun gəlmədiyindən kitab oxuyurdum. Qapı döyüldü. İlk öncə qorxdum. Kim ola bilər ki?! O idi. Bezmişdi artıq. O gecə onun oldum. Başımı sinəsinə qoyub atamın ölümündən sonra anamla keçən boz günlərimizdən, yaşadığımız çətinliklərdən, 2 il öncəsində anamı itirdiyimdə yaşadığım böhrandan söz açdım. Niyəsini özüm də bilmirəm, amma içimi boşaltmaq istəyirdim. Mən danışdıqca isti göz yaşlarım axırdı, o isə saçlarımda barmaqlarını gəzdirərək sığal çəkirdi, sanki mənim acılarımı xəfiflədirdi. Adətim üzrə səhərin gözü açılmamış oyanarkən onu tapmadım, getmişdi. Dizlərimi qucaqlayaraq üzümü gizlətdim, çiyinlərimin tərpənişindən ağladığım bəlli idi. Axı niyə məni oyandırmadan getdi?! İşə gedib onunla üzləşək, ondan gecənin hesabatını almaq istəyirdim. Amma onu uzaqdan gördüyüm anda gücümün yoxa çıxdığını sezdim.
Münasibətimiz başlamadan bitdi. Məni görməzdən gəlirdi, iqnor edirdi. Göz yaşlarımı iş ortamında axıtmamaq üçün özümü zor tuturdum, onun qarşısına keçib bağırmaq istəyimi içimdə boğurdum. İşdən əvvəl və sonra ümid qığılcımı ilə zəng edirdim, msaj yazırdım, amma ondan heç bir cavab reaksiyası gəlmirdi. Get-gedə rəngimin solması, arıqlamağım iş yoldaşlarımın diqqətini cəlb etmişdi. Mən isə möhürlənmiş dilimi açıb içimdəkilər tökə bilmirdim. Hava, su kimi ona dərin ehtiyacım vardı. Yuxusuz gecələr keçirməyə başladım.
Hamilə qalanda dəhşətə düşdüm. Axı mən bunu hesablamamışdım?! Abort kimi dəhşətli planı ağlımın ucundan belə keçirtmək tüklərimi biz-biz edirdi. 2 ay boyunca götür-qoy etməkdən dolayı heç onun özü də yadıma düşmürdü. Heç kim öyrənməməlidir, hətta o belə. Bank hesabımı yoxladım. Xaricdə qısamüddətli yaşayış üçün kifayət qədər məbləğ vardı. Anama məktubunda ondan əfv diləyərək qəbir daşına buraxıb kağız parçasının üzərinə daş qoydum. Ərizəmi o imzalamalı idi, fəqət məni sorğulamağa başladı, əlaqəsiz cavablarımdan razı qalmadığından imzasını atmadı. Evimə qədər gələndə istəmədən ağzımdan qaçırtdım. Özünü itirmişdi deyəsən. Səsini qaldırmadı, sadəcə divana çöküb gözlərini boşluğa kilidlədi.
Məni şəhərdən uzaq evlərin birində yerləşdirdi, qısamüddətli işdən azad etdirdi, hamiləliyim boyunca evdən kənara addımımı belə atmırdım. Məni hərtərəfli təmin etdiyini düşünsə də, yanılırdı. Məni sevgiyə, qayğıya ehtiyacım vardı, nəinki geyimlərə, yeyinti məmulatlarına. Görürdü, bəlkə anlayırdı, amma heç nə etmirdi.
Uşağımızın dünyaya gəlməsindən bu yana bircə dəfə gəlib yoluxmadı, qucağına almadı, qoxusunu içinə çəkmədi, öpmədi. Heç vaxt özümü bu qədər tənha, bu qədər alçaldılmış hiss etməmişdim. O, məni deyil, uşağımızı satdı. Onun ucbatından uşağımdan uzaqlaşmağa, nifrət etməyə başladım, amma çox davam etmədi.
Evin dörd divarlarından ibarət həbs həyatımdan qurtuldum. Yaşadıqlarımdan dolayı saçlarım vaxtından əvvəl ağarmağa başlamışdı. Uşağımızı görməyə gəlmədiyindən başqa tv-yə keçid etdim. Onsuz da o mühitdən yetərincə soyumuşdum.
...Bu gün 4 yaşını qeyd edəcək. O, hələ mənim anası olduğunu bilmir. Əslində belə olmasını mən istədim. Onu qorumaq lazımdır. Mənim həyatımın bədəlini o ödəməməlidir.