Hovard Zinn – ABŞ Xalqlar Tarixi
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 10:46 24 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Tam səmimi: Dünyanın supergüclərindən biri ABŞ-ın tarixi haqqında nə bilirsiniz? Hollivud filmlərdən tamamilə fərqli… Ənənəvi rəsmi tarix paraqraflarında standart sxem mövcuddur: Hindistana dəniz yolu kəşf etmək istəyən Kolumb səhvən yeni qitəni kəşf etmişdi.

Bəs əgər Kolumb yerli əhalini (qırmızıdərili hinduları) qətl edən bir qatildirsə?! Düşünün… Hovard Zinn “rəsmi tarix”in yalanlarını üzə çıxardarkən “qəhrəman”ların alçadılmasının (!) nə dərəcədə doğru olub-olmadığı haqqında müraciət edir. Unikal mühakiməsində öz qəhrəmanlarını ortaya qoyur. Quruluşunun kökündə hinduların soyqırımı dayanaraq torpaqlarını əllərindən alaraq genişlənən “yeni qitə sakinləri” qırmızıdərililəri kölələşdirə bilmədilər. Niyə? Çünki hindular “azad” idilər. Bəs Afrika amilindən necə istifadə edə bildilər? Zira Afrikanın daxilində quldarlıq dərin kök salmışdı.

Vəssəlam?! Hinduların qətliamı və qaradərililərin kölələşdirilməsi ilə ABŞ-ın keçmişi arxivə göndərildi? Təkcə zənginlər yeni qitədə özlərinə komfort yaşayış təmin etməyə çalışırdılar? Yəni, heçmi ağdərililər qul psixologiyasına məhkum edilmədilər? Edildilər, həm də necə edildilər! Zənginlərlə bərabər yoxsullar da Avropadan köç etmişdilər. Piramidanın pillələrini xatırlayın. Ən alçaq pillələrlə ən yüksək pillələri müqayisə edin. Çoxluq azlığa tabedir. “Təməl daşı” və “ədalət” terminləri qətiyyən bir-birləri ilə uyuşmurlar. Bəyənnamə? Saxta imzalarla dolu kağız parçasıdır sadəcə. Qadın, 1920-ci il və səsvermə hüququ. Bəli, ABŞ. Qadınlar ölkədə kişilərlə eyni status qazanmaq üçün mübarizə aparmış və bu yolda çoxlu qurbanlar verilmişdi, fəqət bu mübarizə hələ “rəsmi”dən sonra da davam edəcəkdi. Hələ Kolumbun gəmilərində uşaq dənizçiləri var idisə, niyə də “Qərb cəbhəsində yenilik yoxdur” rəsmi yalanla Birinci Dünya Müharibəsindən sonra ABŞ-da uşaq əməyindən istismar halları olmasın?! Ölkənin quruluşu əzəldən bir sistemə söykənirdi: Kapitalizm. Zamanın tələbinə uyğunlaşaraq meydana çıxan sosializm, kommunizm və anarxizm. Üç formasiyaya səbəb ABŞ-ın Bani Atalarının işçi sinfinin istismar etmələridir. Cek Londonun “Dəmir dabanı”nı xatırlayın. Birinci və İkinci Dünya Müharibəsi, Vyetnam və Kamboca siyasəti, İraq və Əfqanıstan müdaxiləsi. Xalq qarşı çıxırdı. Fəqət yuxarı instansiyalar insan hüquqlarının tapdalanmasından həzz aldıqlarını gizlətmirdilər.  

Kosmopolit və tarixsevər olaraq Hovard Zinnə təşəkkürümü bildirirəm. Əslində qeyd edilənlər mənə heç də yad deyildi. Gündəmin mütəmadi izləyicisi kimi onsuz da mənə məlum idi ki, hələ də hindular və afroamerikalar ABŞ-da qlobal problem olaraq qalmaqdadır. Məsələn, tarixi kəsimə diqqət yetirək.
1) “Xaç atası” filminə görə Marlon Brandoya “Oskar” mükafatı verilməli idi. Lakin mərasim qalmaqalsız ötüşmədi. 1973-cü ilin yazında “Oskar” təqdim olunan vaxt ABŞ-da hindu qəbiləsi ilə hökumət arasında qarşıdurma yaşanmışdı. Hinduların müdafiəsinə ilk olaraq Marlon Brando qalxdı. O, təqdimat mərasiminə gəlməkdən imtina edərək oraya hindu qəbiləsindən olan aktrisa Saşin Litlfezeni göndərdi. Saşi səhnədə Marlon Brandonun hökumətə müraciətini oxudu. Sənəddə diskriminasiyaya son qoymaq tələb olunurdu.

2) 2014-cü il avqustun 9-da Ferqüssonda 18 yaşlı qaradərili gənc ABŞ polisi tərəfindən amansız şəkildə qətlə yetirildi. Buna etiraz olaraq, qaradərili insanlar etiraz aksiyalarına başladılar. Bir neçə ay davam edən aksiyalar dekabrın 2-də polis zorakılığı ilə yatırıldı.
2015-ci aprelin 25-də 26 yaşlı qaradərili gənc Freddi Qreyin polis tərəfindən qətlə yetirilməsinə etiraz olaraq, Merilend ştatının Baltimor şəhərində kütləvi aksiyalar başlandı. Bu etiraz da polis müdaxiləsi ilə yatırıldı. Lakin Ferqüsson və Baltimor hadisələri ABŞ-ın XXI əsr tarixinə anti-demokratik ölkə damğasını vura bildi.
“The Independent” qəzeti bu hadisələri “Amerikanın rüsvayçılığı” olaraq təqdim edib. ABŞ prezidenti Barak Obama da ölkəsində rasizmin şiddətləndiyini etiraf etmək məcburiyyətində qalıb. “Mən çox tez-tez ölkəyə “bir dəqiqəlik sükut” üçün müraciət edirəm. Bu yalnız bizim ölkə üçün xarakterikdir. Dünyada başqa elə bir inkişaf etmiş ölkə yoxdur ki, orda əhali insanların odlu silahdan kütləvi şəkildə qətlə yetirilməsi ilə barışsın və bunu normal hesab etsin”, – deyə prezidenti Obama vurğulayıb.
Halbuki, Keniya əsilli Barak Obama 2008-ci ildə ABŞ-ın prezident postuna seçiləndə amerikalılar kimi, dünya da düşünürdü ki, bu ölkədə rasizmə son qoyulacaq. Lakin Ferqüsson, Baltimor və ABŞ demokratiyasının iç üzünü göstərən bu kimi hadisələr məhz onun dövründə baş verdi.

Amerikalı professor Hovard Zinn kitabında yazır: “İbtidai sinifdən yuxarı sinfə qədər heç bir dərslikdə Amerikaya gələnlər tərəfindən yerli əhaliyə qarşı törədilən qətliamlar barədə məlumatlarla rastlaşmırıq. Şagirdlərə belə aşılanır ki, qətliamlar Britaniya taxt-tacına qarşı istiqlal müharibələrindən qabaq baş verib. 1770-ci ildə Britaniya əsgərlərinin 5 amerikalını qətlə yetirdiyini bilən şagirdlər daxili müharibələrdə Koloradoda yüzlərlə qırmızıdərili ailənin qətliamından bixəbərdirlər”. Qaradərililərlə yanaşı, Amerikanın əsl sahibləri olan qırmızıdərililərə qarşı soyqırım və təqib siyasəti bu gün də davam edir. “Washtingon Times” yazır ki, Nyu-Yorkun 2,5 milyon hektar torpağı saxta sənədlərlə və zorakılıqla yerli əhalinin əlindən alınıb. Qırımızıdərililər bu böyük cinayətlə bağlı məhkəmələrə müraciət etsə də, heç bir tədbir görülməyib.  

“Arzum budur ki, irqçiliyin dəhşətli dərəcədə yayıldığı, “məhv etmək” və “müdaxilə etmək” sözlərinin dildən düşmədiyi bu torpaqlarda bir gün ağdərili və qara dərili oğlan və qızlar əl-ələ verərək bacı-qardaş kimi gəzsinlər”.
Amerikanın “qara tarixini” ifşa edən Martin Lüter Kinq 1960-cı illərdə belə arzulayırdı. Ağdərililərin Amerikasında quldarlığa və irqçiliyə qarşı mübarizə aparan bu şəxs 1968-ci ildə məhz qaradərili olduğu üçün qətlə yetirildi.

Və sizlərə kinoman olaraq bir film məsləhət görürəm. “También la lluvia” (Even the Rain). Cənubi Amerika yerliləri ilə oraya sonradan gələn bəyazların mübarizəsi. Əvvəlcə ispanlar qızıl üçün, indi beynəlxalq şirkətlər su üçün. Amma əsrlərdir sürən eyni tərzi bir az “çağdaş”laşdırıblar. Əllərində dəyərli nə varsa alınaraq öldürülmüş bir xalqdan üzr istəyir bu ekran əsəri. Filmin gedişatını düşününcə tarixçi Hovard Zinnə ithaf edilişi əslində hər şeyi açıqlığa çıxarmış kimi olur sanki.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+23=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0262 saniye