Şəhərimizdə bir çox uşaq evləri var. Hansı ki, orada da bir ailə yaşayır. Bizdən fərqli olaraq həmin ailənin üzvləri 4-5 nəfər yox, 50-60 bəlkə də daha çoxdur. Onların da özünəməxsus yaşamı, həyatı var. Orada da kədərli, sevincli günlər bir-birini əvəz edir. Kənardan hər şey qənaətbəxş görünə bilər, ancaq onların qəlblərində daim bir həsrət olur. Ata və ana həsrəti. Sözsüz ki, həmin uşaqlara verilə biləcək ən gözəl hədiyyə "ana laylası", "ata nəvazişi" olardı. Heyif ki, bu nə bizim, nə də onların əlindədir. Bəzilərinin bəxti gətirir, həyat üzlərinə gülür, amma həyatın sərt üzü ilə qarşılaşan , körpə vaxtından daim qəlbində həsrət olan bu uşaqların isə bəxti gətirməyib.
Müəyyən bir müddətdən sonra həyatın qollarına atılmaq məcburiyyətində qalırlar. Bəziləri müxtəlif yollarla pul qazanmağa çalışır. Çoxlarımız isə onları günahlandırırıq. Halbuki, onların seçim haqqı olsaydı heç vaxt bu yolu seçməzdilər. Bizim adi gözlə baxdığımız bir tikə çörəyə, isti bir sığınacağa onların ehtiyacı var. Günlərələ ac-susuz yaşayırlar. Bəziləri bu çətinliklərə dözüb yaşaya bilir, ancaq əksəriyyəti heç bir günahı olmadan həyatını yaşamamış bu dünyadan köçür...