Kino aləmindən maraqlı faktlar
Əli Əhmədov tərəfindən "Digər yazılar" bolməsinə 11:32 13 avqust 2014 tarixində əlavə olunmuşdur

Kino öz qaydaları ilə inkişaf edən böyük biznesdir. Yaradıcı əməyin və texniki imkanların birgə məhsulu olan kino istehsalı prossesi maraqlı hadisələrlə də yadda qalır.

Bir çox məşhur şirkətlər məhsullarını film vasitəsilə reklam edir. Reklamçıların dilində bu “Product plasement” (gizli reklam) adlanır. Amerika filmlərində ən çox istifadə olunan brendlərin reytinq cədvəli də var. Həmçinin hər il təqdim olunan “Brandcameo Product Placement Awards” mükafatı da təqdim olunur. Beləliklə, ən çox reklam olunan brendlər siyahısında birinci yeri “Apple” tutur. Brend 2010-cu ildə ABŞ-da hər 33 filmdən 10-da görünüb. İkinci yerdə – “Nike”, “Chevrolet” və “Ford”, üçüncü yerdə “Sony”, “Dell”, “Land Rover” və “Glock” şirkətləri dayanır.

“Dəmir adam” filmi 64 gizli reklama görə “Brandcameo” mükafatı qazanıb. “Uoll-Strit. Pullar yatmır” filmi isə gizli reklamı ən pis təqdim edən film adını alıb.

Kventin Tarantinonun “4 otaq” (“Four rooms”, 1995) filminin titrlərində aktyor Brüs Uillisin adı yoxdur. Çünki B.Ullis filmdə pulsuz çəkilib (növbəti dəfə Tarantinonun filmində çəkilmək üçün). Qaydaları pozmamaq üçün Brüs Uillisin adını titrlərdən siliblər.

Ekranda ən çox görünən uydurma personaj – Drakuladır. Bu vampir haqda indiyədək 72 film çəkilib. İkinci yerdə londonlu xəfiyyə Şerlok Holmsdur ki, 66 filmdə canlandırılıb. Tarzan obrazı (üçüncü yer) isə 60 filmdə lentə alınıb.

Kino tarixində ən möhtəşəm dekorasiya “Məni sevən casus” filmindəki hovuzdur. Hovuz 4,5 milyon litr su, həqiqi supertanker və kiçildilmiş modeldə üç atom sualtı qayığı tuturdu.

Dünyada ən məşhur kinosüjet Zoluşka haqda nağıldır. Sakit, sadə, işgüzar qızın nağılı müxtəlif versiyalarda (musiqili, parodiya, cizgi filmi və s.) ekrana çıxıb.

Kino mütəxəssislərin fikrincə, “dünyada ən həyəcanlandırıcı film” Alfred Hiçkokun “Psixoz”udur. Onun ardınca Stiven Spilberqin “Çənələr” və Conatan Demminin “Quzuların susması” filmi gəlir. Qeyd edək ki, sonuncu 5 dəfə “Oskar”a layiq görülən yeganə trillerdir.

Ekranda görünən ən yaşlı aktrisa Janna Luiza Kalmandır. 114 yaşında “Vinsent və mən” adlı Kanada filmində özünü oynayıb. Yeri gəlmişkən, bu roldan sonra aktrisa daha 8 il də yaşayıb.

Hindistan kino istehsalına görə dünya lideri hesab olunur. O, Yaponiya, Fransa, hətta ABŞ-da arxada qoyur. 90-cı illərdə hind kinematoqrafçıları rekord sayda – ildə 900-dən çox film çəkiblər.

“Gənc ustad” filminin çəkilişi zamanı aktyor Ceki Çanın yelpiklə olan səhnəsi 1300 dubla çəkilib.

Ən çox ardıcıl çəkilən film (sikvel) Ceyms Bond haqqında serialdır. Agent 007 haqqında 40 ildə 23 film lentə alınıb. Bu zaman ərzində bir neçə rejissor və 007 obrazını canlandıran çoxlu sayda aktyor dəyişib.

Ən çox reklam olunan film Stiven Spilberqin “Yura dövrünün parkı”dır. “Universal” kino şirkəti filmin reklamı üçün 68 milyon dollar vəsait sərf edib. Bu da filmin büdcəsindən 8 milyon dollar artıq idi.

Amerika cizgi filminin banilərindən Uolt Disney ən çox – 26 dəfə “Oskar” mükafatına layiq görülmüş şəxs kimi kino tarixinə düşüb.

Hazırda Hollivudun ən bahalı aktrisası Nikol Kidmandır. Onun qonorarı bir film üçün orta hesabla 17 milyon dollardır. Növbəti yerləri Riz Uizerspun, Rene Zelveger, Dryu Berrimor və Kameron Dias tutur. Onlar bir filmə görə təxminən 12-15 milyon dollar qonorar alırlar.

Adətən filmlərdə mövcud olmayan telefon kod və nömrələrindən istifadə olunur. “Qüdrətli Brüs” filmində ilk dəfə olaraq əsl telefon nömrəsi istifadə olunub. Nömrənin sahibi kino şirkətini məhkəməyə verib. Çünki filmin təsiri altında minlərlə insan onun evinə zəng vururmuş.

Hollivudda pulun qədrini yaxşı bilirlər. Buna görə də əksər hallarda bir dekorasiya bir neçə filmdə istifadə olunur. “Geriyə, gələcəyə” filmindəki Hillvelli şəhərinin dekorasiyası isə bütünlükdə və ya qismən 1985-ci ildən sonra 104 filmdə istifadə olunub. S.Spilberqin “Yadplanetlilər” filminin dekorasiyası 37, Çaplinin “Qızıl axın” filmi üçün qurulan şəhər isə 200-dən artıq ekran əsərində istifadə olunub.

Kinoda ən uğurlu rejissor Stiven Spilberq hesab olunur. Demək olar ki, onun bütün filmləri hər zaman prokatlarda lider olub. “Yadplanetlilər” filmi isə Amerika kinosunun ən gəlirli filmlərindən sayılır.


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+17=
Hesaba giriş
Müəllif

Əli Əhmədov
Haqqında
Gününü internet yazılar oxumağa həsr edən birisi...
Əlaqə
E-mail:
ahmed_ahmed_88@rambler.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.025 saniye