Kişiləri məhv etməyə çalışan qadınların hekayəsi
Aysel Abdullazadə tərəfindən "Hekayə" bolməsinə 00:07 07 dekabr 2015 tarixində əlavə olunmuşdur

Onun adı ilə...

Kişilərin idarə etdiyi bir dünya... İçində acının, göz yaşının və qanın oluq-oluq axdığı bir dünya. Kişilər savaşlarda vuruşur, ən azından şərəfləri ilə ölə bilirdilər, ancaq qadınların elə bir şansları olmurdu. Onlar bu müharibələrdə öz oğullarını, ərlərini itirir, bir çox hallarda namuslarını belə qoruya bilmirdilər. Onlarca əsgərin təcavüz etdiyi bir qadın düşünün, belə bir dünya kimə lazımdı?! Yəqin ki, yenə kişilərə.

Qız uşaqları evcik-evcik oynarkən, oğlanlar küçələrdə müharibə oyunu oynayır, çox vaxt da bir-birilərinin ağızlarını, burunlarını qırıb, evə elə gəlirdilər. Bu oğlanlar böyüyəndə əlində silah olan əsgər və ya siyasətçi olanda da bu oyundan əl çəkmirdi. Və nəticədə dünya bir qan çanağına dönürdü. Bu hal qadınların canlarını boğazlarına yığmışdı. Daha onlar bu qanlı savaşlarda oğullarını itirmək istəmir, əsir düşüb onlarca əsgərin altında kirli bir mələfəyə çevrilməkdən yorulmuşdular.

Uşaqlıqdan bəri qadın savaşçılar haqqında çox oxumuşdu. Ən böyük arzusu onlardan biri olmaqdı, ancaq kişilər olduqca bu iş alınmazdı. Kişilərin qadınlara olan tamahı olduqca, qadınların dünyada söz sahibi olması bir kənara qalsın, onlar heç ən sadə haqqlarını belə ala bilməyəcəkdilər. Bir qadına bir kişi yetirdi, ancaq kişilərin gözü doymaq bilmirdi bu qadın ehtirasından. Sanki qadınla yatanda dünyaya olan nifrətlərini hayqırır, söyür, qadını vurur olmazın hərəkətlər edirdilər. Bax, bütün bunlar onun beynində "kişisiz bir dünya” ideyası yaratdı. Bu dünyada qanlı savaşlar olmayacaq, daha analar oğul deyə fəryad qoparmayacaqdı. Şəhid olan əsgərlər ölmürdü bəlkə, bu savaşlarda, ancaq onları böyüdən analar hər gün, hər an min dəfə ölürdü, ancaq kişi ürəyi bunu anlamayacaq qədər sərt yaradılmışdı. Bunun üçün yox edilməliydi bütün kişilər və dünya, qadınların idarə etdiyi bir cənnətə çevrilməliydi. Bütün ömrünü elmə, təcrübələrə həsr etdi.

O, bunları edərkən kişilər daha da azğınlaşıb, dünyanı dağıtmaq üzrəydi. Demək olar ki, dünyanın elə bir ölkəsi, elə bir yeri yox idi ki, orada savaş olmasın. Bu savaşlardan və kişilərdən qaçmaq üçün güvənli bir yer lazımdı. Bunun üçün illərcə axatarışlar elədi, bu düşüncəsini onunla həmfikir olan qadınlarla bölüşdü. İndi onun yanında 37 qadın vardı. Onunla birlikdə 38 qadın - dünyanın qədərini dəyişmək istəyən qadınlar. Onların hər biri öz ixtisasında çox başarılı insanlardı. Məsələn, kişilər qırıcı təyyarələri daşıyan gəmilər, uzaq mənzilləri vura biləcək raketlər ixtira edərkən, onlar kişilər olmadan da insan cinsini davam etdirməyin yollarını, insanı başqa bir canlıya necə çevirmək olar kimi çalışmalar edirdilər.

Aralarında çox zəngin olanlar da vardı, dünyanın ən bacarıqlı savaşçısı olanı da, ancaq onları birləşdirən dəyər kişilərə olan nifrəti idi. Bu savaşçı qızın çox maraqlı bir hekayəsi vardı. Dövləti onu xüsusi təyinatlı bir əsgər olaraq yetişdirir. Bu illərcə sürən acılı bir çalışma olur. Bir çox kişinin bacara bilmədiyi işləri bacarır, həyati önəmi olan görəvləri layiqi ilə həyata keçirir. Özünün dediyinə görə öldürdüyü insanların sayını unudub. Belə bir savaşçı idi.

Ancaq günlərin bir günü qaynar nöqtələrin birində görəvdə olanda başına bir hadisə gəlir. Ölkəsi üçün çox dəyərli bir diplomatı teroristlər qaçırır. Onu xilas etmək görəvi də, ona və onunla birlikdə on-on beş əsgərə tapşırılır. Əmr beləydi - nə bahasına olursa olsun, diplomat düşmənlərdən xilas ediləcək, əgər onu sağ ələ keçirmək mümkün olmasa öldürüləcəkdi. Terorist qrup onları izləyən xususi təyinatlılardan qaçaraq, balaca bir kəndə girir. Və o insanlarda canlı qalxan kimi istfadə etməyi planlaşdırır, ancaq əmr qəti idi. Nə bahasına olursa olsun, diplomat azad edilməli idi.

Beləliklə, günəşin batması ilə güclü atışma başlayır. Sabaha qədər davam edən döyüşdə diplomat, teroristlər və kənd sakinlərindən çox sayda insan qətlə yetirilir. Görəv başarı ilə tamamlanmışdı, ancaq balaca uşaqların cəsədləri başında ağlayan anaların fəryadı onun həyatını alt-üst edir. O gün qərarını verir.... və indi buradadı. Burada olan digər qadınların da buna oxşar həyat hekayələri var.

Uzun axtarışlardan sonra Afrikanın dərinliklərində istədikləri kimi bir yer tapa bildilər. Bura demək olar ki, insanlara məlum olmayan bir yerdi. Sayı 100-150 nəfərdən olan balaca bir qəbilənin yaşadığı dünyadan uzaq bir yer. Buranın sakinləri ibtidai insanlar kimi yaşayırdı. Ov edir - ancaq ehtiyacları qədər ovlayır, ağaclardan hazırladıqları daxmalarda yaşayırdılar. Beləliklə, bura yerləşmək qərarına gəldilər. Uzun hazırlıqlardan sonra bir gecə savaşçı qız qəbilənin yaşadığı yerə daxil olub, bütün kişiləri öldürdü - oğlan uşaqları da öz nəsiblərini aldı. Ancaq bircə nəfər təcrübə üçün sağ saxlanılmışdı. Ola bilsin ki, onun genlərində istifadə edərək, insan nəslinin davamını təmin edəcəkdilər. İşlərini tamamlayana qədər xüsusi yer hazırlayıb qadınları və qız uşaqlarını orada saxladılar. Bununla da çalışacaqları rahat bir yer tapmışdılar. Bura gəlmək, yerləşmək o qədər də asan olmadı. Kimsəyə bildirmədən bu qədər əşyanı, cihazı gətirmək çətin olsa da, bacardılar. Bunun üçün milyonlarca dollar pul xərcləndi, neçə-neçə qeyri-leqal təşkilatlarla, şirkətlərlə işlədilər, ancaq sonunda onları "xoşbəxt son” gözləyirdi. Hər şey tamam olduqdan sonra, əsasən, iki şey üzrə çalışmalarını sürətləndirdilər. Bunlardan biri kişi cinsi olmadan da insan övladının nəslini davam etdirmək və bunu edərkən gələcəkdə doğulan bütün uşaqların qız olmasını bacara bilmək, ikinci digər - ən önəmli məsələ isə kişiləri yox etmək və ya nəsə başqa bir canlıya çevirmək. Bu qədər kişini öldürmək onların da ürəyindən deyildi, ancaq kişilərlə də bu həyat yaşanmırdı, mümkün deyildi.

Başqa bir canlıya çevirməyi bacarsalar, həm onlar yaşaya biləcək, həm də onlardan xilas olmuş olacaqdılar. Bunun üçün uzun illər boyunca çalışmaq lazımdı, ancaq bacara biləcəklərinə inanırdılar. Çünki onlar bir əqidə ətrafında birləşmiş insanlardı.

Bu işin ən önəmli hissəsi olan elmi araşdırmaları aparan, onların hədəfləri üçün çalışan qadının da maraqlı bir hekayəsi vardı. Çox zəngin bir ailənin qızı olduğu üçün dünyanın ən böyük məktəblərində təhsil aldı, ən güclü xəstəxanalarında təcrübələr keçdi. Ən sonunda qorxunc deyiləcək qədər bir biliyə sahib olmuşdu. Onun bu halı böyük dövlətlərdən birinin nəzərindən qaçmadı. Yüksək maaşla işə dəvət olundu. Əvvələr belə bir işi sevinə-sevinə qəbul etdi, ancaq çox keçmədən nə qədər yanıldığını anladı. Burada ağlına belə gəlməyəcək təcrübələr aparılırdı, özü də canlı insanların üzərində. Bu insanlar savaşlarda əsir alınmışdı. Onları axtaracaq, xilas edəcək kimsələri yoxdu. Beləliklə, onların indi küçə iti qədər dəyərləri yoxdu. Üzərlərində istənilən təcrübəni aparmaq olardı. Bu təcrübələr, əsasən, ölümcül xəstəliklərin müalicəsi, öldürücü virusların insan bədənində necə hərək etməsini öyrənmək olurdu. Bundan başqa bir çox məsələlər üzərində iş aparılırdı. Məsələn, mükəmməl insan - yenilməz savaşçı yaratmaq, insanın beynini idarə edən cihazlar və b. Düşməni olan ölkələrin vətəndaşları arasında öldürücü xəstəliklərin yayılması bunların içində ən yüngülü idi. Bu təcrübələr zamanı bir insan çox qəribə bir hala düşmüşdü. Aparatdan çıxanda orada olanarın hamısı qorxudan az qala bir təhər olmuşdu. Bu yarı insan, yarı meymuna oxşayan yırtıcı bir heyvana oxşayırdı. Danışa bilmir, ancaq vəhşi dağ heyvanları kimi səslər çıxarıb ətrafına hücum edirdi. Bir xeyli uğraşdıqdan sonra onu bir təhər öldürə bilmişdilər. Deyilənə görə, çalışmalarında uğur əldə etsələr, insanı istənilən formaya sala biləcəkdilər. Onların istədiyi, onların qulu olan yarı insan, yarı heyvan olan yaratıqlar idi. Təsəvvür edin bir ölkənin insanlarını bu hala salmaq olardı. O gündən sonra oradan uzaqlaşmışdı. İndiki çalışmalarını da əslində oradakı işin üzərində qurmuşdu, ancaq onun hədəfi daha təhlükəli idi - dünyadakı bütün kişləri hansısa zərərsiz bir canlıya çevirmək. Bu canlının qurbağa olmasını belə qərarlaşdırmışdılar. Qurbağılar yəqin ki, müharibələr apara bilməz, insanlara hücüm etməzdilər.... dünyanın ucu-bucağı olmayan okeanlarında, bataqlıqlarında yaşayardılar.

Aradan on ildən çox zaman keçmiş, dünyada isə heç nə dəyişməmişdi. Dünya əhalisinin üçdə biri qanlı savaşlar nəticəsində öldürülmüşdü, ancaq savaşlar hələ də davam edirdi. Belə getsəydi, dünyada insan qalmayacaqdı. Tam da bu zaman onlar istədiklərini əldə etdilər. İndi kişiləri qurbağaya çevirmək olacaqdı, özü də hamsını birdən. Bunun üçün ixtira etdikləri cihazı kosmik peyklərdən birinə yerləşdirmək lazımdı. Peyk atmosferi tərk etdikdən sonra yerdən idarə olunan aparatdan "on” düyməsi sıxılacaq və cihazdan yerə şüa şəkilində mikroblar enəcək. Bu mikroblar bütün kişilərin genləri ilə oynayıb, onları qısa zamanda qurbağaya çevirəckdi. Əvvəlcədən saxladıqları qəbilə insanını isə bu şüalardan qoruyub, ondan gələcək insanların doğulması üçün istifadə edəcəkdilər. O cihazı peykə yerləşdirmək elə də çətin olmadı, ancaq bütün işlər onların istədikləri kimi getmədi, nə yazıq ki...

Kişilər qurbağaya çevrilmişdi, ancaq balaca şirin qurbağalara yox, elə kişilər boyda qurbağalara. Və bunlar yıtıcı heyvanlar kimi saldırqandı. Bütün dünyada çaxnaşma yaranmışdı. Kişilərin bu hala düşdüyünü görən qadınlar, qızlar, qız uşaqları çığırıb qaçmağa başladılar. Ürəyi zəif olanlar, uşaqlardan bəziləri bu həyacana dayana bilməyib, elə oradaca keçindilər. Yerdə qalanlara isə indi qurbağa olan, keçmiş kişilər hücüm edir, onları öldürüb yeyirdilər. Bütün bu olanları böyük ekranlardan ürək ağrısı ilə izləyirdilər. Bəli, onlar istədiklərinə nail ola bilməmişdi. Savaşların dünyanı dağıdacağından, insan oğlunun nəslinin kəsiləcəyindən qorxduqları üçün kişiləri qurbağaya çevirmişdilər.... ancaq indi dünya gözlərinin önündə məhv olurdu.

Daha bu olanların qarşısını almaq mümkün olmayacaqdı. O zaman anladılar ki, heç bir insan övladı dünyanın qədərini dəyişdirəcək qədər güclü deyil.

Qurbağalar isə durmadan qadınları öldürüb yeyirdilər, çox qısa zaman sonra qadınların soyu tükəncək, dünya bu vəhşilərə qalacaqdı. İndi onların qarşısında iki yol qalırdı. Ya o əsir saxladıqları kişi ilə birlikdə insan nəslinin davam etməsi üçün dünyanı bu yaratıqlardan xilas etmək, ya da sakitcə ölmək....

Tural Sahab...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+8=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0449 saniye