Mənim autist qardaşım var
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 10:34 10 noyabr 2015 tarixində əlavə olunmuşdur

Mənim qardaşım autistdir. Bu fərqliliyin yaşadığımız kiçik qəsəbə həkimi tərəfindən üzə çıxdığı andan etibarən onun ucbatından anam atam tərəfindən döyülürdü, söyülürdü ki, “bu nə uşaqdır doğmusan?” Ata sürü psixologiyası tezisi ilə düşünürdü ki, əgər uşaq “xəstə” doğulubsa, deməli doğan qadın da, doğulan uşaq da şeytan əməlidir. Bu cür düşüncə bütün qəsəbədə hakim idi. Qəsəbə uşaqları qardaşımı döyərdilər, ona barmaq edib gülərdilər, bizim ailəyə “ayıb”layardılar. Mən yanında olmayanda çəkdirmədikləri qalmırdı. Əgər qəsəbə həkimimiz mənə başa salmasaydı, bəlkə mən də onlardan biri olub qardaşıma ölüncəyə qədər nifrət edəcəkdim. Həkim dəfələrlə atam-anamla danışmışdısa, nəticəsiz qalmışdı. Həkim hətta polisə şikayət etmişdisə, amma polisin nəzərində də “xəstə” uşaq elə xəstə idi, daha önəmlisi həkimdən ona aidiyyəti olmayan ailə məsələlərinə burun soxmamağı tələb edilmişdi. Amma, o, geriləmək əvəzinə irəliləyirdi ki, qəsəbədən yekdil şəkildə qovulması ilə nəticələndi.

Anama olan nifrətim atamdan da betər idi. Qardaşımı əzizləmirdi, qorumurdu. Dırnaqarası “sevgi”sinə isə ürəyim bulanırdı az qala. Anamın rolunu mən əvəzləmişdim, qardaşımdan ötrü məktəbə getməkdən imtina etmişdim. Ha anamın diz çöküb mənə yalvarması, ha atamın məni “qardaş vəkili” olaraq lağedərcəsinə aşağılaması olsun, qardaşıma görə bütün dünyanı qarşıma ala biləcəyimi hiss edirdim. Mənim oxumağım ta əvvələdən atamla anamın maraqlarına uyğun deyildi, amma işləməyim üçün etmədikləri təzyiq qalmırdı. Düşünürdüm, əgər işləsəm, qardaşım necə olacaq? Həkimimiz də artıq şəhərə qayıtmağa məcbur olmuşdu. Anam qəsəbə evlərində qulluqçuluq edərək ailəni dolandırmağa çalışırdı. Atam isə onsuz da gah sürücülükdən, gah fəhləlikdən, gah satıcılıqdan qazandığı “müqəddəs” qara qəpiklərini zəhrimar içkilərə xərcləyirdi, sonra isə ailəlikcə döyülməyə məruz qalırdıq.

Mən isə hər şeyə rəğmən qardaşımı sevirdim, qoruyurdum. Kənd həkimi mənə demişdi ki, qardaşında az ya çox dahilik əlaməti müşahidə olunmalıdır. Mən isə gözləyirdim, uşaq ağlımla həmən dahiliyin tez üzə çıxmasını arzulayırdım. Məktəbdə öyrəndiyim riyazı hesablamaları öyrədirdim, rəsm çəkirdim, amma onun reaksiyasızlığına ümidim yarımçıq qırılırdı. Amma onu müşahidə etməyimlə gah özümü özümü göyün 7-ci qatında hiss edirdim, gah da bütün planlarımın suya düşməsindən dolayı üzülürdüm. Reaksiyalarına söz tapmaqda aciz idim. Bəzən isə onun çiyinlərindən yapışaraq ağlamsına-ağlamsına yalvarırdım, sonra əfv diləyirdim.

O vaxt mənim 14, qardaşımın 5 yaşı vardı. Yatmağa hazırlaşırdım ki, atamın anamla söhbətini eşitdim. Qulaqlarıma inana bilmirdim, nəfəsimi tutub saxlamışdım, gözlərim az qala hədəqəsindən çıxacaqdı. Atam qardaşımı sataraq həm bu biabırçılığa son qoymaq, həm də xeyli qazanc əldə  etmək niyyətində idi. Anam isə ağlamsınaraq güclə eşidiləcək səslə razılaşdığını bildirdi. Atam qardaşımın “qüsur”u, “ayıb”ı ortaya çıxdığı andan etibarən ondan canını xilas etmək arzusunda idi. Terror əsdirsə də, əlini qana batıracaq potensial qatilə namizəd ola bilməmişdi, həmişə ölümdən itdən qorxan kimi qorxurdu.

Həmin gecə yatmadım, atamla anam səssizliyə qərq olduqdan sonra qardaşımı durğuzdurub onu kürəyimə ataraq kəndimizi tərk etdim, mələk qardaşım tez-tez eyni sual verirdi ki, “hara gedirik?”. Nə cavab verəcəyimi düşünə-düşünə birdən “daha yaxşı yerə gedirik” dedim. Qardaşımı əmin etdim ki, orada atam sənə nifrət etməyəcək, anam döyülməyəcək, uşaqlar sənə gülməyəcək, mən isə məktəbə gedəcəm. Qardaşım eləcə kürəyimdə yuxuya qərq oldu.

Səhərə yaxın ayaqlarım ağrıyırdı, amma dayanmamaqda qərarlı idim. Şəhərə çatmalı idim. Canımdakı yorğunluğa lənətlər yağdırırdım ki, uzaqdan sürətlənən maşın bircə anlığa  yanımı kəsdirdi. Sükan arxasındakı gənc qadın şüşələri aşağı saldırıb bir mənə, bir kürəyimdə yuxuya qərq olan qardaşıma baxdıqdan sonra bir söz işlətmədən arxa qapını açdıraraq başı ilə məni içəri dəvət etdi. İlk əvvəl qorxdum, tanımadığım kimsə idi. Bəlkə orqan mafiyasının, insan biznesinin adamıdır. Piyadaçılığıma davam etdim. Ayaqlarım yorulsa da, kürəyim ağrısa da, dayanmırdım. Dayansaydım, atam bizi tapacaqdı, qardaşım satılacaqdı, bu isə məni qorxudurdu. Şəhərə qədər məni maşını ilə təqib edən gənc qadına ara-sıra nəzər salırdım.

Şəhərdə isə özüməəminliyim yoxa çıxdı. Bu qədər insanların çoxluq təşkil etdiyi şəhərdə nə edəcəyimi artıq düşünə bilmirdim. Qardaşımı yerə buraxaraq özümü itirməməyə çalışdım, amma anidən çiyinlərimə yüklənən ağırlıqla dizüstə çöküb ağlamağa başladım. Qardaşım niyə ağladığımı soruşanda cavab tapa bilmədim, mənə bir xeyli baxdıqdan sonra qollarını boynuma dolayıb qucaqladığında mən də onu təkrarladım. Saçlarını, yanaqlarını sığallayıb göz yaşlarım içində gülümsəyərək hər şeyin yaxşı olacağını bildirdim. Birdən arxamdan səs eşitdim, çevrilincə həmin gənc qadını gördüm. Əlini uzadaraq özünü tanıtdı. Dediyinə görə prodüsermiş. Əyilib balacaya gülümsünərək saçını qarışdırmaq istəyirdi, amma qardaşım ondan qorxdu, cəld arxamda gizlənərək titrəməyə başladı. Özünü itirmişdi, onu sakitləşdirməyim çox uzun sürdü...

Mənim autist qardaşım var. Bu gün 10 yaşını qeyd edir. Onun skripka üzrə növbəti mükafatına sevinməsinə fəxr edirəm. Əgər həmin gənc prodüser qadın olmasaydı, bizi himayəsinə götürməsəydi, qardaşımı özəl autizm mərkəzinə göndərməsəydi, ömrümün sonuna qədər vicdan əzabı içində onun istedadından bixəbər qalacaqdım. Əlavə olaraq keçmiş qəsəbə həkimi qarşıma çıxmasaydı, yarımçıq buraxdığım məktəb təhsilini tamamlayaraq ali təhsilə addımlarımı atmaqda qərarsızlıq çəkəcəksim. Qardaşım hələ də istənilən dəyişikliklərə müxtəlif reaksiya verməkdədir, amma artıq ailəsi var...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+28=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0644 saniye