Müasir dünyanın “Mona Liza”sı
Nuranə Novruzova tərəfindən "Fotoqalereya" bolməsinə 15:39 11 sentyabr 2014 tarixində əlavə olunmuşdur

“Bir fotonun tarixçəsi” layihəsində bu dəfə sizə bütün dünyanı iri, yaşıl gözləri ilə heyran qoyan, “National Geographic” jurnalının üz qabığı olan qırmızı örpəkli əfqan qızından və həmin məşhur fotodan yazacam.

O əfqan qızı ki, foto çəkiləndən 17 il keçsə də, heç kimə hələ onun adı bəlli deyildi. “Əfqanıstanlı qız” ( “Afgan girl” ) adlı foto onun həyatında çəkdirdiyi ilk foto idi. O əfqan qızından yazacam ki, qaçqın həyatı yaşayırdı, amma çəkilən ilk fotosu ilə dünyanı özünə heyran etdi.

Gedək bu məşhur foto çəkilən həmin dövrə, 1984-cü ilin dekabrına. Pakistanda Nasir Bağ ( Nasir Bagh ) əfqan qaçqın düşərgəsində 1984-cü ilin dekabr günlərinin birində “National Geographic” jurnalının fotoqrafı Stiv Makkarri (Steve McCurry ) dünyanın ən məşhur fotoportretlərindən birini çəkir. Artıq Sovet qoşunu Əfqanıstanı işğal etmişdi. Əfqanıstanın əhalisi də Pakistanda qaçqın düşərgələrində məskunlaşmışdılar. Burada özünə sığınacaq tapanlardan biri də 1985-ci ildə “National Geographic” jurnalının ikonasına çevrilən və 17 il adı dünyaya bəlli olmayan bu 12 yaşlı qızcığaz və onun ailəsi idi. Əfqan gözəli dediyimiz və “müasir dünyanın Mona Lizası” olan bu qız kim idi? Niyə Stiv Makkarrinin diqqətini çəkmişdi?

Həddindən artıq balaca, çox kasıb və bir o qədər də ləyaqətli olan 12 yaşlı bu qızcığaz geniş açılmış yaşıl gözləri və sehirli baxışları ilə fotoqrafı ovsunladı. Makkarri düşərgədəki sinif otaqlarını, burda təhsil alan şagirdləri çəkirdi. Eyni zamanda da fotojuralist kimi mövzusu “Əfqan qadını” idi. Sinifdəki şagirdləri çəkdiyi vaxt Makkarri bir cüt yaşıl gözün ona baxdığını hiss edir. Bu onun diqqətindən yayınmır. S.Makkarri onu görəndə Əfqan qadınlarının fotoşəkillərini çəkmək üçün gözəl imkan əldə edir. Və bu fürsəti əldən verməyən fotoqraf sonradan ona məşhurluq gətirəcək qızcığazın fotolarını çəkir. Əynində yaşıl paltarı, başında cırılmış qırmızı örpəyi və geniş açılmış dəniz yaşılı gözləri ilə obyektivə baxaraq poza verir.  Bununla da, Pakistanın Nasir Bağ qaçqın düşərgəsində fotosu çəkilən 12 yaşlı bu qızcığaz 1980-ci illərin Əfqan münaqişəsinin və dünyadakı qaçqınların vəziyyətinin simvoluna çevrilir. 1985-ci ilin iyununda  isə “National Geographic” jurnalının üz qabığı olmaq həm Makkarriyə, həm də bu qızcığaza şöhrət gətirir. Eyni zamanda da jurnalın indiyə qədər çəkilmiş ən məşhur portreti olur.

Lakin bundan sonra illər keçir, nə dünyaya bu 12 yaşlı qızın adı bəlli olur, nə də ki, onun sonrakı taleyi. Nəhayət, 17 il sonra – 2002-ci ildə jurnal vaxtilə ona şöhrət gətirən  ən yaxşı portretin sahibinin axtarışına çıxır. Bu zaman jurnalın heyəti Nasir Bağ qaçqın düşərgəsinin bağlandığını və qaçqınların vətənləri Əfqanıstana qayıtdıqlarını öyrənirlər. Bununla da qızı axtarmaq bir az çətinləşir və axtarışlar Əfqanıstanda davam etdirlir.

Axtarış zamanı bir çox yaşıl gözlü qızlar özlərini fotoqrafa həmin qız kimi təqdim edirlər. Lakin fotoqraf o dəniz yaşılı, qorxu ilə baxan gözləri unutmamışdı. Bir müddət sonra axtarışlar öz faydasını verir. Və jurnalın komandası 30 yaşlarında olan qızı tapırlar. Məlum olur ki, yaşıl gözləri ilə 12 yaşında bütün dünyanı özünə heyran qoyan  “müasir dünyanın Mona Lizası” nın adı Şarbat Guladır. 13-16 yaşları olanda Rahmat Gul adlı biri ilə evlənir. Və 1992-ci ildə Gula həyat yoldaşı və ailəsi ilə Əfqanıstana gəlir. Hazırda onun üç qızı var. Dördüncü  qızı isə körpə olanda ölür. O uşaqlarının təhsil alması ümidi ilə yaşayır.

Makkarri 1984-cü ilə yalnız 3 fotosu çəkilən qızcığaz, indi isə üç qız anası Gulanın yenidən obyektivinə poza verməyini istəyir. Bu vaxtı ona əvvəl çəkilmiş, “National Geographic” juranalının üz qabığı olan və 17 il görmədiyi o məşhur portretini göstərirlər. Beləliklə, Gula yenidən kameralar qarşısına keçir. Bu dəfə o, Makkarriyə əlində jurnalın1985-ci il, iyun buraxlışını tutaraq, başında bənövşəyi örpəyi və dəniz yaşılı gözləri ilə poz verir.

Amma bu dəfə baxışlarındakı qorxaqlıq getmişdi. Və artıq böyüyüb qadın olmuşdu...2002-ci ilin aprelində “12 yaşlı qız”  yenidən “National Geographic” jurnalının üz  qabığı olur. Ancaq bu dəfə onun 30 yaşı var idi. Fərq yalnız bununla bitmirdi. Belə ki, artıq dünyanı baxışları ilə heyran qoyan, 17 il adı məlum olmayan qızın Şarbat Gula olduğunu hər kəs bilir.

Simsar.az


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+10=
Hesaba giriş
Müəllif

Nuranə Novruzova
Haqqında
Baki Slavyan UniversitetiJurnalistika fakultesi
Əlaqə
E-mail:
weno17@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0347 saniye