Napoleon Banopartdan Jozefinaya məktublar
Əli Əhmədov tərəfindən "Digər yazılar" bolməsinə 12:26 03 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Onların ehtiraslı sevgisi çoxumuza bir məktubun mətniylə tanışdır:“Jozefina, çimmə, gəlirəm! Üç günə savaş bitəcək!” Halbuki, Napoleon Bonapartın sevgili xanımı Jozefina Boqarneyə yazdığı məktublarda yalnız ehtiraslı sevgi deyil, həmçinin qısqanclıq, kədər, ölümün hər an baş verəcəyi qorxusuyla Jozefinaya qovuşmaq arzusu və uşaqca gileylər görə bilərik. Layihənin ilk yazısı olaraq sizlərə ölümün gözlə-qaş arasında olduğu savaşlarda yazılan Napoleon Bonapartın sevgi məktublarını təqdim edirik.

3 aprel 1796-cı il

“Sevgili Jozefina,

Səndən uzaqdaykən bütün dünya, ilk baxışda gözümə tənha qaldığım səhralıq kimi görünür. Sən mənim ruhumdan da çoxumu zəbt etmisən... Sən – mənim gün ərzində düşündüyüm yegənə fikirsən. İnsan adlandırılan bu məxluqlar məni təngə gətirəndə və dünyaya lənət yağdıranda əlimi ürəyimin üstünə endirirəm: orda sənin rəsmini saxlayıram, ona baxıram və sevgin mənə dərhal səadət yaşadır. Hansı ovsunlarla məni bütövlükdə özünə ram etməyi, həyatımı təkcə sənə bağlamağı bacardın?! Jozefina üçün yaşamaq! Budur mənim həyatımın amalı...


Səndən uzaqlarda, sənin sevgindən zövq almamış ölmək indi mənimçün – şeytani əzabdır! Mənim yeganə sevgim, bu ağrılı həyat yolunda birgə addımlamaqçün seçdiyim qadınım, sənin ürəyin artıq mənə tabe olmayacağı o gün gəlincə – həyat mənim üçün öz gözəlliyini və cazibəsini tamamilə itirəcəkdir...” 

17 iyul 1796-cı il. Marmilo.

 “Sevgilim,

İndicə səndən məktub aldım. Bu məktub ürəyimi məmnunluq hissiylə doldurdu. Özün haqda məni tam təfərrüatıyla məlumatlandırdığın üçün sənə minnətdaram! Görünür, səhətin xeyli düzəlib. Ola bilsin, bir azca kökəlmisən də. Sənə ara-sıra at sürməyi məsləhət görürəm. Hazırkı vəziyyətində bu sənə xeyirli ola bilər.

Biz ayrılandan bəri mən çox kədərliyəm... Mənim səadətim – sənin yanında olmaqdı. Dayanmadan sənin öpüşlərini, göz yaşlarını, səni daha cazibədar edən qısqanclığını xatırlayıram. Bir də misilsiz Jozefina dadı hələ də mənim ürəyimi və beynimi yandırıb-alışdırır!

Bu yaxınlarda anladım ki, səni əvvəlkindən də güclü sevirəm. Ancaq daha sonra bu hal yenə təkrarlandı; səni min kərə də çox sevdim.

Səni tanıdıqca daha dərindən vuruluram sənə. Bu isə La Bruyerin “Sevgi, biz onu gözləmədiyimiz məqamda yaranır” fikrinin yalan olduğunu təsdiqləyir. Axı təbiətdə hər şeyin öz yaranma və böyümə mərhələləri vardır. Ah, yalvarıram sənə, mənə hər-hansı bir qüsurunu açıqla! Bir qədər az füsunkar, az məlahətli, az həssas ol! Bir də heç vaxt qısqanıb ağlama; sənin göz yaşların mənim ağlımı əlimdən alır!

Özünə yaxşı bax ki, sağal, əzizim. Dincəl. Sonra yenidən qayıt mənə. Qayıt ki, birlikdə çox vaxt keçirək və ölüm təşrif buyuranda da “Bizim birlikdə o qədər məmnun günlərimiz olmuşdu ki!” söyləyək.

Öpürəm səni, milyon dəfə! Həmçinin sənin Fartüneni (Jozefinanın iti – red.) də öpürəm ki, mənə qəzəblənməsin. 

4 avqust 1796-cı il

Elə uzaqdayam ki, səndən! Mən səndən uzaqda – zülmət içindəyəm! Hələ bu, düşmənə açdığımız atəşlərin qorxunc ildırımları zülməti qovub işıqlandıranacan – biz qələbə çalanacan davam edəcək.

Jozefina! Mən səninlə vidalaşanda, sən ağlayırdın; sən ağlayırdın! O səhnə bir anlığa gözümün önünə gəlincə içim titrəyir! Amma sən dözümlü ol, sevgilim, təmkinli ol... Vurmzer (Avstriya general-feldmarşalı növbəti gün vuruşda həlak olmuşdu – red.) sənin o göz yaşlarını, mənə baha qiymətə ödədi.

13 noyabr 1796-cı il. Verona.

Daha sevmirəm səni! Əksinə! Sənə nifrət edirəm! Sən – iyrənc, axmaq, mənasız qadınsan! Mənə heç nə yazmırsan, sən öz ərini sevmirsən. Məktublarının ona nə qədər sevinc bəxş etdiyini bilirsən və bununla belə, ona heç deyilsə altı sətir cızma-qara da olsa yazmırsan.

Axı bütün gün ərzində Siz nə işlə məşğulsunuz?! Hansı təxirəsalınmaz iş Sizin bir belə vaxtınızı alır ki, sevdiyiniz adama məktub yazmağa da maneçilik törədir?! Ona bir ömürlük vəd etdiyiniz zərif, vəfalı sevginizə nə mane olur belə?!

Kimdir bütün vaxtınızı məşğul edən o yeni aşiqiniz?! Diqqətli ol, Jozefina: bir gözəl gecədə mən sənin qapılarını sındırıb qarşında dayanacağam!

Sevgili xanımım, əslində, məni narahat edən budur ki, səndən heç bir xəbər ala bilmirəm. Dərhal mənə dörd səhifəlik məktub yaz! Elə məktub olsun ki, mənim ürəyim sevinc və mərhəmətlə dolsun.       

Tezliklə səni bağrıma basım ekvatoru yandıran günəş şüaları kimi yandırıcı öpüşlərimə qərq etmək ümidi ilə...

Hazırladı: Könül Həsənqulu / Kulis.az


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+23=
Hesaba giriş
Müəllif

Əli Əhmədov
Haqqında
Gününü internet yazılar oxumağa həsr edən birisi...
Əlaqə
E-mail:
ahmed_ahmed_88@rambler.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0316 saniye