Neftçi ata
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 23:57 06 dekabr 2015 tarixində əlavə olunmuşdur

Sizə atamdan söz açmaq istəyirəm. Digər atalardan fərqlidir. Bəli, fərqlidir. Dünyaya göz açdığım gündən etibarən onu heç vaxt doyunca görməmişəm, qucaqlamamışam, öpməmişəm. Narahatçılıq daima bizim beynimizi qurd təki çeynəməkdə idi. Hər dəfə anam göz yaşları içində atamın arxasınca su atarkən “ata, getmə” deyə bağırmamaq üçün özümü zorla saxlayırdım. Bilirəm ki, onun da qəlbi parçalanır, o da bizdən ayrılmaq istəmir. Amma həyatın şərtləri onu neftçi olmağa məcbur etdiyindən əlindən özgə heç nə gəlmirdi. 15 gün bizə yetmirdi, 15 gün bizə azlıq edirdi, 15 gün...

Fərq etməz, hansı şəraitdə oluramsa olum, həmişə bir yanım əskiklikdən qurtulmurdu. Mən də ən azından həmyaşıdlarım kimi olmaq istəyirdim. Amma lənət olsun ki, mənim saf arzum heç cür reallaşmırdı. Nifrət etmək istəyirdim, atama nifrət etmək istəyirdim. Ailəmiz yarımçıq olduğundan, maddi imkansızlıqdan dolayı özümə travma yaşadırdım. Digər uşaqlar kimi əylənmək, gülmək, sevinmək mənim üçün ancaq və ancaq səssizcəsinə izləyici rolunu ifa etməkdən ibarət idi. Anamın israrları da nəticəsiz qalırdı, çünki içimdəkiləri bildirmirdim.

Amma sonra utanırdım. Özümdən, düşüncəmdən, nifrətimdən qəzəblənib utanırdım. Atamdan üzr istəyib ondan məni əfv etməsini istəməkdən savayı özgə düşüncəm də vardı. Qaçmaq, hər kəsdən qaçmaq, qaçıb uzaqlaşmaq, qaçıb hayqırmaq, qaçıb ağlamaq, qaçıb sonsuzluğa qərq olmaq istəyirdim. Dərslərimdən aldığım əla qiymətlərlə məktəbdən evə qayıdarkən anama “zoraki” təbəssüm nümayiş etdirib “hər şeyin qaydasında olduğunu” bildirirmiş kimi duruma məhkum olunmuşdum. Anam mənim sıxıntılarımı sezirdisə, məni sorğu-suala tuturdusa, yenə də yalan söyləyərək gülümsəməyimdə idim.

Böyüyürdüm, acılarım da mənimlə birgə böyüyürdülər. Atamın hər gəlişində və gedişində natamamlıq duyğusu gah azalırdı, gah artırdı. Dilim möhürləndiyindən gözlərimlə onun getməməsi, qalması üçün yalvarırdım. Deyəsən, anlayırdı. Məni qucaqlayarkən, sinəsinə basarkən, yanımda əyləşərkən, dərslərimlə maraqlanarkən aramızda sanki telepatiya yaranırdı. Dillərimizlə gözlərimiz deyil, beyinlərimiz danışırdı. Əlini saçlarımda gəzdirib parlaq gələcək üçün gülümsəyirdi. Dodaqlarını alnımda, yanaqlarımda hiss etdikcə onun çiyinlərindən yapışıb silkələmək kimi dəliliyimə addım-addım yaxınlaşırdım. Amma səsi, ümidverici səsi məni özümə qaytarırdı.

Atasızlıqdan təkcə “ata”nın varlığı-yoxluğu ilə ölçülmür. Ata var ki, dünyasını dəyişib. Ata var ki, ailədən imtina edib. Ata var ki, əlildir. Ata var ki, yataq xəstəsidir. Ata var ki, növbəli çalışır. Ata var ki, işgəncə verir. Ata var ki, heç maraqlanmır. Atanın narkomanı, qatili, oğrusu, pedofili, təcavüzkarı var. Atanın varlısı-kasıbı, mehribanı-qəddarı var. Mənim atam isə...

Heç kim bizə pis davranmırdı, əksinə bacardıqları qədər hörmətlərini əsirgəmirdilər. Uşaqlardan, müəllimlərdən, qonşulardan kimsə nə mənə, nə anama, nə də atama artıq-əskik söz demirdilər. Qohum-əqrəbalar ara-sıra zəng vurub hal-əhval tuturdular. Amma heç kiminsə maddi-mənəvi dayaq olmaması atamın qürurundan irəli gəlirdi. Hətta yaxın qohumlarımızdan belə yardım əlini geri çevirirdik, bütün israrlara rəğmən.

Mən isə...Düzünə qalsa, heç vaxt niyə fərqləndiyimi anlamamışam. Atamdan ötrü? Onun qüruru nəsil əlaməti olaraq mənə keçmişdi? Bilmirəm, amma bildiyim budur ki, mən digər uşaqlardan heç vaxt seçilmək istəməmişəm. Eynən onlar kimi olmaq ən böyük arzularımdan biridir. Dəfələrlə məni aralarına dəvət ediblər, oyunlarına qoşulmaq təklif ediblər, amma hansısa gözəgörünməzlik sayəsində əngəllənmiş kimi idim sanki. Sadəcə “güclü” görünməyimin səbəbkarı olaraq gülümsəmişəm. Heç vaxt ən fəal şagird statusuna yiyələnmək istəməmişəm, adımın “şərəf lövhəsi”ndə bəzədilməsi uğrunda kiminləsə mübarizə şəraitində olmamışam. Və zaman keçdikcə kiminsə mənə açıq-gizli yazığı gəlməsi, güzəştə getməsi ilə barışmaz mövqedə olmuşam.

...Ancaq və lakin bizdən olmayan biri heç vaxt bizi anlamaz!

...Siz bilməzsiniz kiçik uşağın üzünü pəncərəyə söykədərək atasını gözləməsini! Siz bilməzsiniz “bu nömrəyə zəng çatmır” səsindən əlləri əsən qadının çəkdikləri!

...Manaf Süleymanovun məşhur "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" əsərini oxumusunuzmu? O əsər mənim sevə-sevə qoruduğum, ifrat dərəcədə qısqandığım göz bəbəyimdir. Hər gün oxuyuram, bezmədən oxuyuram, əsəb qarışıq göz yaşları içində oxuyuram. Neft sənayesi inkişaf edir, neft maqnatları varlanırlar, amma olan neft üzərində min bir əzab-əziyyətə qatlanana olur. İnsan həyatı sanki ucuzdur. Buradan al, oradan ver, vəssəlam! Artan insan ölümləri, xəstəliklər sanki o yazıq insanların günahsız günahlarıdır. Həmin əsərin vərəqləri arasında Abdulla Şaiqin “Məktub yetişmədi” hekayəsini gizlədirəm. Məktub həqiqətən də yetişməmişdi.

Bir gecə gözlərimə heç cür yuxu getmədiyində sevimli kitabımı təkrar vərəqləmişdim. Artıq sonuncu sinifdə oxuyurdum və hələ də kim olmaq istədiyimə bir qərar verməmiş kimi idim. Anam hər gün narahatçılıq dolu gözlərini mənə zilləyərək susqunluqla soruşurdu, mənsə cavabdan qorxaq təki qaçırdım. Bu yaşıma kimi heç kimə tam olaraq güvənib açıla bilmirdim. Bəzən absurdcasına düşünürdüm ki, mən “təkəm”. Amma sonra dərin peşmançılıq hissi ilə atamın dediklərini yadına salırdım. Amma yenə də özüm kimilərdən fərqlənirdim. Atamın hər gəliş-gediş müddəti arasında iş yoldaşlarından kimisə ya ailəliklə evinə dəvət edərdi, ya da biz onlara qonaq gedərdik. Yaşca böyük-kiçik, oğlan-qız olmalarına diqqət etməzdim. Qonaqlıq müddətində sezdiyim bir məqam vardı ki, onlar kimi deyiləm. Onların bacı-qardaşı var, onlar deyib gülə bilirlər, doyunca əylənə bilirlər, duyğularını açıb tökə bilirlər. Bəs mən? Mən niyə onlardan biri deyiləm axı? Yaradan niyə mənə qarşı bu qədər əzazil olub? Bəzən insan deyil, robot olduğumu düşünməkdən qorxurdum.

Birdən zəng çalındı. İlk öncə anlamadım. Kim ola bilər? Atamın vaxtına hələ vardı. Tələsik özümü dəhlizə ataraq qapıya yaxınlaşdım. Atamın səsini tanıdım. Dərhal qapını açdım. İlahi! Atam başdan-ayağa su içində idi.

Atam danışdı. Gözlənilməz tufan neçə-neçə neftçini diri-diri udmaq niyyətində idi, amma atamla bərabər daha 3 nəfərin xilasetmə tədbirləri sayəsində ölümdən qayıtdılar.

Önümüzdə bir neçə gün ərzində heç bir KİV-dən bu barədə xəbər eşidilmədi. Hiddətimdən stəkan-boşqab salamat qoymayıb sındırdım. Məni sakitləşdirmək qeyri-mümkün idi, ilk dəfə olaraq duyğularım bu qədər aktivlik nümayiş etdirirdi, hətta atamın işə getməsinə də qarşı çıxdım. Ortada açıq-aşkar məlumatlandırma sistemi varkən “insan həyatı” ilə sanki “ucuz mal”mış kimi davranmaqları mənə çatmırdı. Bir neçə gün sonra üzücü xəbər gəldi. Atamın iş yoldaşlarından biri sətəlcəmdən dünyasını dəyişmişdi...

...Və o gün universitetdə idim, arxa sıraların birində mühazirə yazmaqdan yorulub sosial şəbəkəyə giriş etdim. Nəfəsim az qala tutulmuşdu. İşıq sürəti ilə necə ayağa qalxdığımı xatırlamıram. Tələsik titrəyən barmaqlarımla atamın nömrəsini yığdım. Dilim söz tutmasa da, atam anlayaraq “oğlum, mən...mən...sağam” dedi. Hə, sağ idi, amma...Düzünə qalsa, “amma”lar vecimə də deyildi. Əsas atam idi, o da sağ idi. Bu dərəcədə eqosentrik olduğumu bilmirdim. Qısa müddət keçdikdən sonra özümə qayıtdım və bu zaman mənə zillənən baxışları görə bildim. Nə cavab verəcəyimi bilmədim. İcazə alaraq özümü atama yetirməyə başladım. Mən bu qədərmi alçaldım ki, digər neftçilərin ölümü vecimə də deyil? Axı onlar da kiminsə atası, oğlu, qardaşıdır. Amma həqiqət budur ki, o digərləri məni zərrəcə maraqlandırmırdı. Ancaq və ancaq neftçi atam. Yaşadığım həyata rəğmən, istəklərimi boğmağa rəğmən, xarakterimdəki anlaşılmazlığa rəğmən yol boyunca bir sual məni dərin-dərin düşündürürdü: Görəsən neftçi ata ilə fəxr etməyə dəyərmi? Atam danışardı ki, 90-cı illərin axırlarınadək neftçilərin həmrəyliyi həddindən artıq güclü idi. Hətta dövlət qurumları belə neftçilərdən qorxub çəkinirmişlər. Bəs görəsən o həmrəylik, o güc, o əfsanə harada itib batıb? Niyə neftçilər etiraz aksiyaları keçirmirlər? Niyə ilk öncə özləri susurlar? Niyə?! Dövlətin, KİV-nin, cəmiyyətin “saxta” münasibətini kökündən dəyişdirmək üçün niyə bir neçə günlüyə işlərini dayandırmırlar? Dünyasını dəyişən yoldaşlarının xətrinə bunu etməlidirlər. Hər bir neftçi kimi onların da ailələri var. Və bu gün o ailələr dənizə nifrət etməzlərmi? Ata, qardaş, ər, sevgili, nişanlı oğurlayan “dəniz” artıq günahkardır. O dənizə qərənfil atılacaq.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+26=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0292 saniye