Oğurlanmış iki il...
Aysel Abdullazadə tərəfindən "Hekayə" bolməsinə 00:26 07 dekabr 2015 tarixində əlavə olunmuşdur

Oğurlanmış iki il...

Par ilə örtülmüş pəncərənin üzərində barmaqlarını gəzdirir, buxardan gülümsəyən “çöp adam” çəkirdi. Fikri, görünür, uzaqlara dalmışdı. Lakin olduqca xoşbəxt görünürdü Leyla.

Bizi eyni redaksiyada yazar fəaliyyətimiz və bir də üst-üstə düşən fikirlərimiz, həyata baxış bucaqlarımız birləşdirirdi.

İxtisasca filoloqdur. 19 yaşı olarkən orta məktəbin 11-ci sinfindən tanıdığı bir cənabla ailə həyatı qurur. Həyat yoldaşının ailəsi kasıb olduğundan toy üçün heç nə edə bilməyəcəklərini söyləyirlər. Leyla və nişanlısı işləyir, toy üçün hazırlıq tədarüklərini də məhz özləri görürdü. Leylanın valideynlərinin də köməkliyi ilə 2010-cu ildə mərasim baş tutur. Hər şey ürəyincə idi. Ürəyincə olan şeylər də elə bununla yekunlaşdı.

Toylarının səhəri günü qaynatası ona: “biz səni istəmirdik, biz belə gəlin arzulamırdıq” - deyib gedir. Təəccüblü halda damarında qanını donarcasına bir vəziyyətə salmışdı onu bu söz. Qaynatasının “sənin kimi” işlətdiyi ifadənin anlamı onun kimi kültürlü, ali təhsilli, savadlı, istiqanlı, bilgili, zövqlü, işləmək istəyi və.s olmağının təzahürü idi.

Bakıya, kirayə qaldıqları evə gəlirlər. Toy üçün alınan şeylərin yarıdan çoxunu kredit yolu ilə almışdılar. Qatara minəndə isə yoldaşının cibində əlli dollar pul var idi. Gələn günündən alıcılara söz verdikləri üçün zənglər gəlməyə başlayır. Yeyəcək almağa belə pulları yox ikən, borcları necə verək deyə düşünürdü hər iki gənc.
Vəziyyətdən yüngülvari xəbərdar olan Leylanın ailəsi yeyəcəkləri göndərməyə başlayır, onların sayəsində iki il bu şəkildə yaşayırlar. İki ildə ətin, toyuğun, yağın və digər ərzaqların satış qiymətini bilmədən. Gündə zənglər gəlir, təhqirlər eşidir, alacaqlılar evlərinə gəlirdilər.

Bunlar bir tərəfə, Leyla, onu narahat edən ciddi bir problemlə qarşılaşır. Toylarından 23 gün keçməsinə baxmayaraq onlar ər-arvad münasibətində yaşamamışdılar. İlk öncələr bunu yaşantıları ilə əlaqələndirsə də, artıq, bir neçə aydan sonra bunun normal bir hal olmadığını anlayır. Dörd ayın sonunda niyə onların da normal ailələr kimi münasibətlərinin olmadığını soruşduğunda ona heç nə demir həyat yoldaşı. Bir müddətdən sonra Leyla üçün də adiləşir bu hal, sanki doğru olan bu imiş kimi.

Normal bir həyatları olmadı, yoldaşı işə getməyə yol pulu olmadığı üçün onu qonşudan istəməyə göndərirdi. 2-3 dəfədən sonra bu da adiləşir, yeməkləri Leylanın ailəsi göndərir. Birtəhər yola çıxmaq üçün qonşudan alınan pullar və bu anormal ailənin mənəvi və maddi yükü altında əzilən, 20 yaşlı həyata yeni qədəm qoyan, gənc bir qız idi Leyla...

Artıq bu olanlara dayana bilmir, hər gün tək başına dənizə gedib bir küncdə oturub ağlayır, sonra evə qayıdardı. Faizlər, borclar onu insan kimi yaşamaqdan məhrum etmişdi. Heç kimlə də bölüşə bilmirdi dərdini. Artıq il yarım idi ki, evli idilər və həyatları bu cür davam edirdi.

Ana ola bilməmək hissi onu bir tərəfdən yeyib bitirir, digər tərəfdən də, bu şəkildə yaşamaq ona əzabdan başqa bir şey deyildi. Heç bir şeyin dəyişmədiyini anlamışdı, artıq, iki ili keçmişdi evliliklərindən, hər şeydən əlini üzür və ayrılmaq qərarına gəlir. Həyat yoldaşı da könüllü şəkildə razılaşır. Ayrılan zaman mövcud olan borcu iki hissəyə bölür, hər ikisinin payına yeddi min dollardan çox borc ödəmək düşür. Eləcə qəbul edib, qeydiyyat şöbəsində könüllü şəkildə ərizə yazıb, 20 dəqiqəyə boşanırlar.

Artıq boşanmış 22 yaşlı gənc bir xanım idi. Bütün xəyalları, arzuları puç olmuşdu. Amma qeydiyyat şöbəsindən çıxanda hiss etdiyi yüngüllük heç vaxt yaşamadığı bir hiss idi. Sanki çiyinlərindən ağır yüklü dağlar götürülmüşdü. Amma ailəsinə, hələ də olanları danışmamışdı, onlar yoldaşındakı bu problemi sonradan yaranmış kimi bilirdilər. Halbuki Leyla, sadəcə, toy günü yaşanan birlikdəliyin qurbanı oldu. Hələ də o problemin nədən qaynaqlandığını bilmir, imkan olmadığından güclü həkimə də müraciət edə bilməmişdi. İki il bir evin içində iki yad insan kimi yaşamaq onun ailə taleyinin kuliminasiya nöqtəsi idi. Qismət, bax, bu olsa gərək...

İndi xoşbəxtdir, başı sakit və sevdiyi işlərlə həyatını davam edir . Filoloq-müəllimədir, yazardır, yaxşı fəaliyyətləri var, arzuladığı şeyləri yavaş-yavaş həyata keçirməyə başlayıb. 2010-2012-ci illəri həyatından oğurlanmış illər kimi xatirə dəftərində saxlayır. Əvvəllər yaşamaq istəməsə belə, indi bu fikirlərinə gülümsəyir . Çünki artıq həyatını tamlıqla dərk edir, həyat eşqi çox yüksəkdir. Ailəsi olsun istəyir və ən əsası, ana olmaq arzusu ilə yaşayır.

Son olaraq, yaşadıqlarınıza rəğmən içinizdəki həyat eşqini heç vaxt itirməyin, bir gün onun içinizdən bir günəş kimi parladığını görəcəksiniz...

Müəllif: Aysel Abdullazadə
Düzənləmə: Gülara Səlim


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+30=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0235 saniye