Bu il dənizə getməmişdim, bunun da özəl səbəbləri var. İki gün əvvəl sadəcə gəzinti amaclı dənizə getdim. Mövsüm etibarilə sakit boş yer tapa bilmədim. Məqsədim bir az kitab oxuyub dolaşmaq idi. Adamların çoxluğu səbəbilə dənizin içinə qədər uzanan daşların üstündə oturub insanları seyr etməyə başladım. Mənzərə çox eybəcər görünürdü. Başqa ölkələrdən və ən əsası televiziyadakı çimərlik görüntülərindən fərqli idi gördüklərim. Qadınlara sanki çimərlik geyimləri qadağan olunmuş, ya da ümumiyyətlə bu geyimlərin varlığından xəbərsizdirlər kimi bir nəticəyə gəlmək qaçınılmaz idi. Kişilər uşaqları ilə dənizə girir, xanımları isə suyun kənarında ayaqlarını suya salıb oturmuşdular. Bir an düşündüm ki, burdakı adamlar hamısı eynidir. Xanımlar çimərlik geyimi əvəzinə ev paltarlarında dənizə gəlmişdilər, xalatla ayaqlarını suya qoyub oturan qadınlar nə qədər zövqsüz olduğumuzu, istirahəti belə normal yaşaya bilmədiyimiz qənaətinə gətirdi məni. Ümumiyyətlə, geyim mövzusunda çox geridə qalmışıq, irəliləyə bilməmişik. Yerə uyğun, konseptə uyan kombinlər etmək, ədəbinə görə geyinib çıxmaq anlayışımız yox dərəcəsindədir. İndi qayıdaq bu dənizdəki görüntüyə. Tipik azərbaycanlı kişisi qadını ilə dənizə gedirsə onu bu şəkildə qapadır. Özünü və qadınını gəldiyi istirahətdən acımasızca məhrum edir. Dəniz geyimində olsa ona gülərlər, yaxud yanındakı qadına baxarlar deyə düşünərək doğru etdiyini fikirləşir. Çünki həmin o "kişilər" özü elədir, çimərlik geyimindəki bir qadına məhz onun bədəninə görə baxır, açıq yerlərinə nəzər yetirir. Onun qadınına da bunu etməsinlər deyə qadını dənizə xalatla gətirir. Hər şey insan beyninin və zəkasının məhsuludur. Keçən il Gürcüstanda-Qara dəniz sahilində oldum. Fərqi çoxıarınızın gördüyünə və bildiyinə əminəm. Orada çimərlikdən çıxan insanlar paltarlarını dəyişmədən o geyimdə evlərinə gedirdilər. Bəli, yol kənarı ilə çimərlik geyimində dənizdən çıxdıqları kimi evlərinə yol alırdılar. Həm də çox sərbəst şəkildə. Heç bir maşın yol kənarı ilə gedən yarıçılpaq qadınların yanına çatanda "əyləci" sıxıb dayanıb baxmırdı, söz atmırdı, heç ağlından belə şeyi keçirmirdi. Niyə bilirsiniz mi? Çünki yol kənarı ilə gedən o adamları qadın olaraq deyil, insan olaraq görürdülər. Bu arada, bəli, çimərliklərimiz yalnız "xalatlı qadınlar"dan ibarət deyil, əlbəttə. Normal, dənizə uyğun çimərlik geyimində olan xanımlar da olduqca üstünlük təşkil edir. Fəqət, o xanımları görən kimi ağzının suyunu silən, dönüb-dönüb bədən əzalarını sayan, yanından keçəndə gözlərini pörtlədib hədəqəsindən çıxaran, qadın döşündən, əzasından "ilhamlanan" kişilər də məhz qadınlarını xalata bürüyüb saxlayanlardır!
Aysel Abdullazadə...