Ölsəm, məni bu kişinin yanında basdırarsız. (Qocaya məktub)
Qoca, darıxmışıq, vallah. Həm darıxmışıq, həm də bezmişik. Yox, MY-dən əsla.. Daha sənin oynatdığın futbolu görməyəcəyimizlə bağlı acı gerçəyin hər oyun daha çox qapımızın torunu silkələməsindən bezmişik. Çeynədiyin saqqızın dişlərinlə sevişdiyi günlər girir hərdən yuxuma. Adam adətən ən gec ayılmaq istədiyi yuxulardan çox tez oyanır. Məndə də elə olur. Görürəm ki, sevgilin “Old Trafford” yenə qucağını açıb sənə. Üzündə yenə MY üçün qurban verdiyin illərin qoyduğu izlər – qırışların arasından milyonları xoşbəxt edən SAF gülüşün gün kimi çıxır. Qalarmı “Dumanlı Albion”un səmasında bircə dənə də olsun bulud bu gülümsəmədən sonra? Qırışlar demişkən, indi anlayıram, sən o qırışlarla doğmalaşırdın ki, biz qələbələrə görə gecələri xoşbəxt, rahat yataq. Bir də gəlməz səndən. Dumanın İngiltərəyə yaraşdığı qədər gözəl yaraşırdın “Old Trafford”a, qoca. Tez getdin, vallah. O gün getdiyin üçün demirəm bunu. Sən onsuz da nə vaxt getsən bizim üçün tez getmiş olacaqdın. O gün “Qal” sözünün, “Getmə”nin nə anlama gəldiyini dərk etdiyim gün idi. Sən demə, əsrlərdi yazılan sevgi romanlarında aşiqlərin, sevgililərin bir-birinə deməsi üçün yox, o gün sən “Old Trafford”u tərk etməyəsən deyə icad olunub həmin sözlər, bütün dillərdə. Meydanın kənarındakı varlığın, elə təkcə duruşun bəs edirdi minlərlə azarkeşin evində, futbolçuların isə meydanda özlərini güvəndə hiss etmələri üçün. Qoca, fəxr edirik səninlə. Olmasaydın, neylərdik? Olmasaydın, bu qədər olmazdıq. Olmasaydın, qırmızı ordu nə qədər sərkərdəsini itirərdi. Oynatdığın oyun bir neçə nəslin futbol beşiyinə çevrildi, “Arzuların teatr”ında şəninə oxunan laylalara böyüdük, qoca. Sən qayıt, söz verirəm, istidən buğ
tutmuş eynəyinin şüşələrini özüm silərəm, saqqızlarını da qaçıb, alaram sənin üçün, həmişə geyindiyin tünd rəngli paltoda bir ləkə görsən, rəqiblər üçün etdiyin kimi əllərini yumruğa çevirib, dişlərini qıcaya da bilərsən mənə, problem yoxdu. Təki sən qayıt, qoca. Başımızın üstünü elə buludlar alıb ki, saçına yağan qarlardan yağacaq “Arzuların teatr”ına, hiss edirəm. 26 il.. Bir gün belə aldatmadın MY- ni, o da sənə sadiq idi. Hələ də səni unutmayıb. Saxta aşiqlər bürüyüb ətrafını. Hərdən sən də gəlib şahid olursan. O ehtiyat oyunçular skamyasına, o kresloya, MY-yə heç kəs sənin qədər yaraşmayacaq daha qoca. Ancaq bunu bilə-bilə yenə də oyunlar zamanı kameralar səni çəkəndə, ekranda adamın ruhuna dinclik gətirən gülüşün peyda olur. Sanki ayrıldığın sevgilin xoşbəxt olsun deyə “yaraşırsız” deməyə çalışırsan. Ancaq eynəyin altından gözlərin səni ələ verir, qoca. Nə sən MY-ni, nə MY səni, nə də dünya sizin sevgi hekayənizi unutmayıb, unutmayacaq da. “Qapı və aut xəttlərindən kənarda heç nə yoxdur” cümləsi üzərinə həyat fəlsəfəsini quran birinə meydanın kənarında da həyatın var olduğuna dair sübutsan. İstisnasan. “Fergie time” fenomeni sayəsində xoşbəxtliyin müddətini bizim üçün bir-iki dəqiqə daha artıq edən sehrbazsan. Dəqiqələr doxsanı keçən kimi baxışlarını ayıra bilmədiyin sol qolundakı saatın əqrəblərində asılı qaldı bütün uşaqlıq xatirələrimiz. Saqqızının şirinliyi ilə birlikdə yox oldu xəyallarımız. Dekabrın 31-i hamı (ya da çoxu) yeni ili qarşılayır, köhnə ili yola salır. Sən “Old Trafford”u tərk etdiyin gündən sonra hər 31 dekabrda yazdıqlarımı yenə yazacam. Yeni il gəlir, köhnə il dəyişir, bunlar hamısı hekayədi. Köhnə, yeni nə varsa hamısı sənsən, qoca. Yaxşı ki varsan. Sənə ömrümün sonuna qədər minnətdar olacam. Bir gün səni unutsam, bil ki, ölmüşəm. Və əgər ölmüşəmsə, ruhum sənin yanındadı, “Old Trafford”da...