İnkişaf irəliləməyə aparan yoldur, birbaşa addım atılmasının göstəricisidir. Bu gün biz 21-ci əsrdə yaşayırıq. Ən son texnologiyalardan istifadə etmək bacarığına malik, bilgisayar biliklərinin qavranılmasında pik həddəyik. Fəqət, bir nüansı da qeyd etmədən keçə bilməyəcəm. İnkişaf addımları kəsə yoldan və sürətlə getməyi sevir. Kəsə yolla gedilən zaman isə əhatə məhdurdlanır, müəyyən bir sınır ortaya çıxır. Danışmaq istədiyim bu sınırdır.
Oxu çərçivəsi, oxu məhdudiyyəti... Azərbaycan gəncliyi oxu mədəniyyətindən kənarda qalır. Bu, mərkəz şəhərlərə nisbətən bölgələrdə daha qabarıq problemdir. Bu gün kitab mağazaları alıcıların azlığından gileylənir. Bunun səbəblərini araşdırıb, sizlərlə bu haqda müzakirə etməyi düşündüm. Mən ixtisasca filoloqam, sanki yapım kitabla yoğrulub. Almaq və sunmaq istədiyim ən dəyərli hədiyyə mənim üçün kitabdır.
Çox səmimi deyirəm, kitabın bizə-oxucusuna verdiklərini heç bir şəkildə başqa əvəzedici nədənsə almaq mümkün deyil. Kitab öyrədir, izah edir, anladır, dünyagörüşü formalaşdırır, mədəniyyət aşılayır, insan ortaya çıxarır. Bəli, kitab bir insan yaradır. Bu gün gəncliyimiz kitab oxumaqdan uzaqlaşır, çünki kitabdakı əsəri film şəklində televiziya və internet portalları əks etdirir, kitabdakı şeiri biri səsləndirir, kitabdakı məqalə müxtəlif sosial şəbəkələrdə paylaşımlar şəklində yayımlanır.
Gənc düşünür, kitabı niyə alıb oxumalıdır? Çox asan şəkildə internetdən əldə edə bilər. Lakin, bu bəsit düşüncədir. O qədər bəsit və məzmunsuz fikirdir ki, kitab oxusu ilə monitor oxusunu fərqləndirə bilmir, o fərqi hiss edə bilmir. Kitab zövqü deyilən bir anlam var ki, bunu aşılamaq, insanda yaratmaq gərəkir.
Kitab müəllif beynindəkilərin ağ vərəqə səpələnişidir, oxuduğun obrazın gözünün önündə canlanmasıdır, səni hadisənin içinə təhrik edən, oxun bitənə qədər (hətta bitəndən sonra belə təsiri qalıcı olan) səni orda formalaşdıran, səndən başqa bir sən yaradan dəyərdir. Əlinə götürüb vərəqlədiyin, hər səhifəsində barmaq izlərinin xətlərini özündə saxlayan, ağ kağızının qoxusunu içinə çəkdiyin bir aləmdir. Bu hissləri bilgisayar monitorundan, sensor funksiyalı böyük megapx-li olan telefonlarınızdan, tablet və ya planşetlərinizdən ala bilməzsiniz. Kitab bir dünyadır, sizə öz içində yaşama hüququ verən, sizi özündə barındıran bir limandır.
Oxu mədəniyyətinin formalaşması insan intellektinin yüksəlməsinin sığortasıdır. Kitab aksiyalarında iştirak edək, kitablarla hədiyyələşək, oxuyaraq kitabla böyüyək.
Həyatda başarılı insanların yeganə mənbəyi kitab oxumaq olub, elə də davam edəcək. Hər vasitədən yararlanmaq gözəldir, araşdırma aparmaq üçün internet, xəbərləri izləmək üçün xəbər portalları-saytlar, film izləmək üçün kinotetrlar, dostlarla ünsiyyət üçün sosial şəbəkələr, bir sözlə, hamısına ehtiyac var, amma oxumaq üçün, o zövqü dadmaq üçün kitablardan vazkeçməyək, kitabların həyatımızda və yaşantımızda rolunu itirməyək!
Əsən qalın, əziz oxucular...
Aysel Abdullazadə...