Peykər İbrahimova “5 Sual, 5 Cavab”da
Yazar.in tərəfindən "Müsahibə" bolməsinə 15:00 27 noyabr 2014 tarixində əlavə olunmuşdur

Yazar.in “5 Sual, 5 Cavab” adlı yeni layihəyə başlayır. Layihə çərçivəsində hər dəfə bir müəllifimizə 5 sual ünvanlayacağıq.

Layihəmizin ilk qonağı Yazar.in-də ən yaxşı hekayə müəlliflərindən hesab edilən Peykər İbrahimovadır.

SUAL 1: Yazar.in saytının ən yaxşı hekayə müəlliflərindən hesab edilirsiniz. Nəyə görə başqa bir janr yox, hekayə?

CAVAB 1: Düzünü desəm, bu barədə heç düşünməmişdim. Həmişə nəsr əsərlərini oxuyub bəyənmişəm. Bəlkə də, buna görə, nəsrə üstünlük verirəm. Təkcə, hekayə ilə məhdudlaşmıram. Roman da yazıram.

SUAL 2: Hansı yazıçının təsirini yaradıcılığınızda hiss etmisiniz?

CAVAB 2: Cübran Xəlil Cübran, Albert Kamyu, Frans Kafka və Fyodor Dostoyevski yaradıcılığını çox bəyənirəm. Onların yazdıqlarıma təsirini hiss edirəm. Lakin onu da qeyd etmək istəyirəm ki, məncə insan nəyə vaxtını sərf edirsə, ondan faydalanmağı bacarmalıdır. Baxdığı kinolardan  tutmuş, qulaq asdığı musiqiyə qədər hər şeydən özünə nəsə götürməlidir və yeri gəldikdə öyrəndiklərindən istifadə etməlidir.

SUAL 3: Həyata baxışınızı dəyişdirən üç kitabın adını çəkə bilərsiniz?

CAVAB 3: Demək olar ki, hər oxuduğum kitabdan sonra düşüncələrimdə nəsə dəyişir. Buna görə,  bu suala cavab vermək bir az çətindir... Sun Tzu "Müharibə sənəti", Mary Shelley "Frankeynşteyn" və  Stefan Sveyq "Şahmat" əsərlərini qeyd edə bilərəm.

SUAL 4:“Xoşbəxtlik qəpiyi” hekayəsində bəhs etdikləriniz təxəyyülünüzün məhsuludur?

CAVAB 4: Bəli, təxəyyüldür. Belə desək, bu hekayə realizm puzzle'na parçalar yerləşdirmək idi. Əvvəlki hekayələrdəki kimi, real heyatda rastımıza çıxması qeyri-mümkün obrazlar yox, bəlkə  də, nə vaxtsa qarşılaşa biləcəyimiz bir obraz yaratmaq istədim.

SUAL 5: Yaradıcılığınızla bağlı hansı planlarınız var?

CAVAB 5: Şübhəsiz, hər bir yazar üçün kitabının nəşr olunması  birinci plandır. Kiçik  tirajla da olsa  hekayələrimi nəşr etdirmək, təqdimat mərasimi keçirmək kimi planlarım var. Daha  sonra,  romanımı  tamamlamaq fikrindəyəm. Hələ ki, bu qədər... Gələcəkdən danışırıqsa, uzun müddətli planlar həmişə  risklidir.


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
5+22=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
yazar@yazar.in
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0245 saniye