Çox zaman cəmiyyətdəki "kişilik" düşüncəsi öz hakimiyyətini legitimləşdirmək və möhkəmləndirmək üçün “qadınları qorumaq”, onları müdafiə etmək diskursundan (müəyyən dünyagörüşünü formalaşdıran sözlər, ideyalar, yanaşmalar, müzakirələr və s.) istifadə edir. Buna kişilərin üstünlük təşkil etdiyi toplumlarda daha çox rast gəlinir və adətən, qadınlar namus və qeyrət anlayışının “daşıyıcısı”, kişilər isə bunun “təminatçısı” kimi çıxış edir. Misal üçün, əgər yad kişi sizin yanınızda ədəbsiz söz desə, bu halda sizin həyat yoldaşınız o insanın cavabını verməlidir. Amma eyni insan bir qrup kişinin yanında bənzər sözlərdən istifadə edərsə, bu sözlər artıq “ədəbsiz” kateqoriyasına girmir və bunun üçün heç kimin namusunu qorumaq lazım gəlmir. Bu misal yanaşmada olan ayrı-seçkiliyi açıq şəkildə ortaya qoyur.
Beləliklə, qadınlar üçün nəyin daha uyğun və daha ədəbli olduğuna qərarı, adətən kişilər verir və qadınlar bununla razılaşır. Bu razılaşma-qəbuletmə daha geniş miqyasda qadınların bir çox hallarda kişilər tərəfindən qoyulmuş qaydalarla oynamalarına səbəb olur.
Burada bir məsələyə də toxunmaq lazımdır. Bayaq qeyd etdiyimiz kimi, qadınlarımız, eyni zamanda, həm də iqtisadi asılılıqda yaşayırlar. Bir çox ailələrdə qadınlar evdən kənarda işləmir və evin büdcəsinin formalaşmasında iştirak etmir. Təbii ki, son zamanlar bu dəyişməkdədir və indi Azərbaycanda bir çox oxumuş qadın iqtisadi cəhətdən müstəqildir. Amma buna baxmayaraq, hakim düşüncə hələ də onları sıxmaqdadır. İqtisadi müstəqilliyə baxmayaraq onlar hələ də ideoloji və mənəvi savaş verirlər: ailələri, qohumları və cəmiyyətləri ilə. Yəni, iqtisadi sahədə özünü təsdiqləsələr və maliyyə təhlukəsizlilərini təmin etsələr də, ideoloji savaşda hakim diskurs üzərində qələbə çala bilmirlər.
Amma bunu da qeyd etmək lazımdır ki, ideoloji savaşın qazanılmasında iqtisadi müstəqillik çox önəmli mərhələdir. İqtisadi müstəqillik insanın “dilinin uzun olmasını” təmin edir. Yəni, iqtisadi cəhətdən asılı olmayan insan danışa bilir və özünü müdafiə mexanizmini danışmaqla və ya dominant məntiqin təsvir etdiyi kimi “cavab qaytarmaqla” qurur.
İdeoloji savaşı qazanmaq üçünsə ideyalara ehtiyac var. Qadının kişiylə bərabərhüquqlu olduğunu müdafiə edən nəzəriyyəyə feminizm nəzəriyyəsi deyilir. Feminizm qadın huquqlarını mudafiə eden nəzəriyyədir. Bu, bir dunyagorusudur. Feminizmi cox radikal bir yanasma kimi təqdim etmək yanlışdır.
Bunu dəstəkləyənlər tək qadınlar deyil, həm də kişilər olmalıdır. Çünki bu, cəmiyyətimizin ümumi inkişafı deməkdir. Təəssüf ki, Azərbaycanda çox zaman qadınların hüquqları tapdalanır. Qadın seksual obyekt, qulluqçu, uşaq istehsalçısı kimi görülür. Əksər cəmiyyətlərdə qadınlar kişilərdən daha çoxdur. Ona görə də qadınların fəal olmadığı cəmiyyət hesab edin ki, yarı qüvvəsi ilə işləyir. Hətta əgər buna kişi-qadın münaqişəsinin mənfi enerjisini əlavə etsək, demək olar ki, cəmiyyətin faydalı iş əmsalı xeyli dərəcədə aşağı düşür.
Yekunda, mən qadınlarımızı daha fəal, daha özünə güvənən və daha inadkar olmağa, kişiləri isə daha anlayışlı olmağa çağırıram.