Qaranlıqdakı ümid
Vüsal Məmmədzadə tərəfindən "Hekayə" bolməsinə 14:21 05 fevral 2014 tarixində əlavə olunmuşdur

Heç vaxt tək deyilsən. Sadəcə, səni başa düşəcək insanları tapmaq üçün səy göstərməlisən...

Gecənin soyuğunda nəmləmiş skamyadan durdu. Artıq qərarını vermişdi: ya məqsədinə çatacaqdı, ya da hər şey bitəcəkdi. Bir anlıq ətrafa göz gəzdirdi. Gedəcəyi yeri müəyyən etmək o qədər də çətin olmadı. Qaranlıq küçə diqqətini cəlb etdi. Digər küçələrdən fərqli olaraq burada işıq yanmırdı.
Həyatda tək olduğunu düşünürdü. Çünki onu başa düşəcək biri ilə qarşılaşmamışdı. Ailəsindən lazımi diqqəti görə bilmədi. Dediklərini başa düşmədilər... O da evi tərk etdi. Heç axtarmadılar da...
O fikirləşirdi ki, ya çox ağıllıdır, ya da əksinə... Onu başa düşəcək birini həyatı boyu axtardı. Məktəbdə sinif yoldaşları ilə münasibəti olmadı. Buna görə ona pis baxırdılar, təhqir edirdilər.
Yaşadığı məhəllədə oynadığı uşaqlardan tez bezdi. Çünki heç birisi onu başa düşmədi...
Qonşuları onu çox istəmirdilər. Çünki onu başa düşmürdülər...
Bir qız sevdi. Amma o qız onu başa düşmədi...
İndi bütün bunlara son qoymağın vaxtı idi... Çoxdandı bu barədə düşünürdü. İndi isə edəcəkdi...
Qaranlıq küçəyə doğru addımladı...
Çox getmədi... Qarşısına yeniyetmə bir uşaq çıxdı. Taxtanın üzərində oturmuşdu. "Sən kimsən? Bu qaranlıqda nə edirsən?" - dedi. Cavab özünü çox gözlətmədi: "Mən heç kimin başa düşmədiyi birisi. Filmimi izləyirəm...". Cavab ona təsir etdi: "Gəl, mənimlə, bir yerdə hər ikimizin filminə baxaq". Uşaq razılaşdı...
Artıq iki nəfər idilər...
Çox getmədilər... Qarşılarına orta yaşlı birisi çıxdı. "Siz kimsiniz? Bu qaranlıqda nə edirsiniz?" - deyə soruşdular. Cavab özünü çox gözlətmədi: "Mən heç kimin başa düşmədiyi birisi. Filmin sonunu gözləyirəm...". Cavab onlara təsir etdi: "Gəlin, bizimlə, bir yerdə filmimizi izləyək". Orta yaşlı razılaşdı...
Artıq üç nəfər idilər...
Çox getmədilər... Qarşılarına qoca birisi çıxdı. "Siz kimsiniz? Bu qaranlıqda nə edirsiniz?" - deyə soruşdular. Cavab özünü çox gözlətmədi: "Mən heç kimin başa düşmədiyi birisi. Filmin sonuna baxıram...". Cavab onlara təsir etdi: "Gəlin, bizimlə, Bir yerdə baxaq". Qoca razılaşdı...
Artıq dörd nəfər idilər...
Çox getmədilər... Qarşılarına körpə çıxdı. Ağlayırdı... "Sən kimsən, balaca? Bu qaranlıqda nə edirsən?" - deyə soruşdular. Cavab özünü çox gözlətmədi... Körpə daha da bərkdən ağlamağa başladı... Körpəni götürüb yola davam etdilər...
Artıq beş nəfər idilər...
Çox getmədilər... Artıq qaranlıq küçənin sonuna çatmışdılar... Hündür bir binanın zirzəmisinə açılan qapı onların yolunu kəsdi. Qapını döydülər... Açan olmadı... Qapını itələyib içəri girdilər... Bir nəfər gördülər. Boğazına kəndir keçirmişdi. Əlində tutduğu kağızda yazılmışdı: "Məni heç kim başa düşmədi. Qərar vermişdim, ya məqsədimə çatacaqdım, ya da hər şey bitəcəkdi... Bu da "Son"".
Küçəyə qayıtdılar... Yollarına davam etdilər. Qaranlıq küçədən çıxıb işıqlı bir parka gəldilər. O gətirdiyi uşaqdan soruşdu: "Səni başa düşən birisini hələ tapmamısan?". Cavab özünü çox gözlətmədi... "Məni artıq dörd nəfər başa düşür". Sonra orta yaşlıdan soruşdu. Cavab özünü çox gözlətmədi... "Məni artıq dörd nəfər başa düşür". Sonra qocadan soruşdu. Cavab özünü çox gözlətmədi... "Məni artıq dörd nəfər başa düşür". Sonda körpədən soruşdu. Cavab özünü çox gözlətmədi... Sakitləşdi.
O, qaranlıqda məqsədinə çatmışdı. Qaranlıqdakı ümidi tapmışdı.

© Vüsal Məmmədzadə 22 dekabr 2011


... dəfə oxunub
Qiymət: 10/10(11 səs)
[qiymət ver ]
Şərh yaz
2+26=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.026 saniye