Qəribə həyat
Etibar Nasir tərəfindən "Hekayə" bolməsinə 19:12 03 noyabr 2015 tarixində əlavə olunmuşdur

İlk yaz günləri idi. Nəhayət ki 7 il fasilədən sonra Ağayevlər ailəsində bir oğlan uşağı dünyaya göz açdı — həyatının neçə çətin və necə keşməkeşli olacağından bi xəbər olaraq. Hamı sevinirdi, yadlar belə. Çünki, bu ailə hamının sevimlisi idi. Bu ailə öz el-obasına can yandıran ailə idi. Bir çox insanlar gətirib qurbanlar kəsirdi. Sərxan nəinki evin, elinin ərköyünü olmuşdu.
Günlər bir-birini qovurdu. Axı, hara tələsirdi bu günlər? Sərxanın həyatının acınacaqlı zamanınamı? Sərxan hardasa qeyri adi uşaq idi. Hələ 5 yaşı olanda nəinki hərfləri, hətta vurma cədvəlini də əzbər bilirdi. Ən qəribəsi də bu idi ki, bunları özü öyrənmişdi. Onu tanıyanlar və dünya görmüş insanlar öz aralarında deyirdilər ki: ”Bu uşağın aqibətindən qorxuram. Belə uşaq çox getməz.” Güclü yaddaşa malik bir uşaq idi. Şeirə və ya uzun poemaya bir dəfə qulaq asır, sonra əzbər deyərdi.
Nəhayət, məktəbə getmək zamanı yaxınlaşdı. Sərxanın atası həmin vaxt “maarif” adlanan şöbəyə oğlunun bir il tez getməsi üçün ərizə yazdı və ərizə qəbul olundu. Sərxan məktəbə ilk addımın atdı. Məktəbdə hamının sevimlisinə çevrildi. 3-cü sinifdə oxuyanda 8-ci sinifin tənlik məsələlərini həll edirdi, sanki həyat nə uğurlar varsa, bu qısa müddətdə Sərxana nəsib edirdi ki, sonradan həyatdan heç bir uğuru olmayacağın mesaj anlasın.
5-ci sinifdə oxuyarkən Sərxan bölgələr arasında olimpiadaya qoşuldu. Oxuduğu məktəbi və anadan olduğu rayonu rus dili fənnindən təmsil edirdi, ancaq heç bir hazırlıq görməmişdi. Müəllim və yarış iştirakçılarının hamısı Sərxanın ilk turlardan geri dönəcəyin deyirdilər, lakin Sərxanda heç bir həyacan və təlaş yox idi. Həmin olimpiadanın qalibi məhz Sərxan oldu. Nəhayət, orta məktəbi bitirdi. Sənədlərin verib, təlaşsız imtahandan uğurla keçərək psixologiya fakultəsinə qəbul oldu, ancaq elə o vaxtdan Sərxan üçün həyatın amansız dərsləri başladı.
Valideynlərinin birdən birə imkansızlaşması Sərxanı arzularının üzərindən xətt çəkməyə məcbur etdi. O, sahələrdə ot biçib sataraq ailəsini dolandırardı və bu minvalla həyat sürürdü. Bir gen sahədə ot biçdiyi zaman güclü yağış başladı. Sərxan yağışdan daldalanmaq üçün böyük çinar ağacının altına qaçdı. Nədənsə ağacın böyük budağı qırılıb Sərxanın başına düşdü. Zərbənin təsirindən əvvəl yerə yıxıldı, sonra isə çox qan itirdiyindən neçə saat orada huşsuz vəziyyətdə qaldı. Oradan keçən bir nəfər onu bu vəziyyətdə görüb tez xəstəxanaya çatdırdı. Özünə gələn kimi yenə də müxtəlif işlərlə məşğul olub ailəsinə kömək etməyə davam elədi. Məktəbə gedən şagirdlər və Bakıda ali təhsil alan tələbələr söhbət edəndə Sərxan onlara həsrətlə qulaq asardı. Biruzə verməsə də, oxumaq eşqinə qalib gələ bilmirdi. Ən qəribəsi də bu idi ki, həmin tələbələr tətilə gələndə Sərxana ya diplom işini yazdırardı, ya da semestrə hazırlıq materiallarını ona gördərərdilər, Sərxansa sevə-sevə onları hazırlayardı.
Mən bir gün dözməyib soruşdum:
— Axı niyə bunu edirsən? Bunlar hər gen keyflərində olsunlar, sən isə işdən yorğun gəlib onların dərslərini hazırlayasan?! Onlar isə gedib öz adlarından təqdim etsinlər?! Heç səni yada da salmayacaqlar. Heç görmüsən bunlar dərslərindən bir söhbət etsinlər? Ancaq “belə gəzdik, elə gəzdik” deyirlər.
Sərxanın cavabı məni dəhşətə gətirdi.
— Mən onların tapşırıqlarını yerinə yetirəndə bir anlıq da olsa özümü tələbə kimi təsəvvür edirəm. Bu yolla yalandan da olsa arzuma çatmış oluram. Onların hansı əxlaqa sahib olmalarının mənim üçün fərqi yoxdur — gözləri dolmuş və dodaqları əsərək cavab verdi. Gizlətməyə çalışsa da gözlərindən axan dup-duru damlaları gördüm. Həyatımda belə peşiman olmamışdım.
Onu heç vaxt belə görməmişdim. Həmişə nikbin, yorulmaz və həyatın hər acısına dözən mübariz bir insan kimi tanıyırdım. İndi elə bil daxilindəki Sərxan bir anlıq baş qaldırdı və susdu. Aman Allah, o daxildəki Sərxan əgər susmasaydı nə olardı?! Görəsən yer-göy, dəryalar, dağlar bu ah-nalələrə tab gətirə bilməzdi ki, Sərxan onu qəlbində boğaraq tab gətirir. Mənim aləmimdə Sərxandan dözümlü mətin ikinci bir insan ola bilməzdi.
Lakin, necə deyərlər “sən saydığını say, gör fələk nə sayır”. Sən demə hələ həyatın Sərxan üçün hazırladığı başqa arzuolunmaz surprizləri də var imiş.
Sərxan ömrünün növcavan gözəl vaxtlarında atasını itirdi. Yenə də mətinlik göstərirdi. Anasını, nənəsini və bacısını düşünərək dərdini içində boğurdu, ancaq ona yaxın olduğum üçün bilirdim ki, qəlbində necə acı çəkir. Sərxana ən çox təsir edən isə vaxtilə atasının himayəsində olan bütün yaxınlarının səbəbsiz yerə onu tək buraxmaları idi. Ona qarşı soyuqqanlı olması idi, ancaq yenə də biruzə vermirdi və yenə də gah fəhlə, gah da usta işləyib ailəsinə baxırdı. Lakin, onun üçün hazırladığı oyunu bununla da bitmədi. Həyat bu dəfə Sərxanla çox amansız oyun oynadı.
Atasının yoxluğuna tam alışmamış nənəsi, 56 gün sonra isə anasını itirdi. Bax, indi sözün əsl mənasına Sərxanın beli qırıldı. Bayaqdan çətinliklərə soyuqqanlılıqla yanaşan qohum və yaxınlar indi Sərxanı bu vəziyyətdə — həyatın burulğanında tamamilə köməksiz qoydular. Qapısını da açan olmadı. Bir bacı, bir qardaş qaldılar evin altında. Bəlkə də həyatda yeganə insan mən idim ki, Sərxan məndən heçnə gizlətmirdi. O, artıq məhv olmaq üzrə idi və özünə qapanmışdı. Hər gün xəlvətcə qəbir üstünə gedib saatlarla otururdu orda və sakitcə ağlayararaq danışardı. Bəzən də elə olurdı ki, orda da yuxu tutub yatardı. Bir gün Sərxanın bacısının xahişi ilə onunla söhbət etməyə çalışdım.
— Sərxan, sən özünə yaraşmayan hərəkətlər edirsən, ayıl artıq. Bacını fikirləş, belə olmaz. Sənə də bir şey olsa bacın necə olar?
— Mən başa düşürəm ölüm haqdı. Bir gün məndə öləcəm. Düzdü, içimdə yanıram və çox kədərlənirəm, amma məni daha çox məyus edən başqa şeydir.
— Nədir axı? De, mən də bilim. Bəlkə cavabın bilərəm?!
— Onda sən de. Vaxtilə barmağıma tikan batanda balasını başıma fırlayanlar, mənə qurban kəsən yaxınlarım və guya məni çox istəyənlər indi qayğıya möhtac olduğum vaxt niyə yanımda yoxdurlar? Axı, bir səbəb olmalıdır. Səhv məndə olub? Gəlib özləri desinlər. Axı, mən onlara qarşı nə səhv iş görmüşəm? Nəyə görə yadlar məni görəndə tam səmimi məhəbbət bəsləyir, amma valideynləri sağ ola-ola vaxtilə atamın oxutdurduğu, dəfələrlə əsgərliyə dalınca getdiyi, toylarını etdiyi qohumlarım indi mənə yaddırlar? Səbəb nədir?
— Səbəbini hələ bilmirsən, Sərxan? Səbəb – insanların da həyat kimi etibarsız olmalarıdır. Axı, o vaxt atanın onlara verdiklərini indi sən onlara verə bilmirsən, onlarsa ancaq ehtiyac adamıdırlar. İncimə, Sərxan, mənim də qohumlarım belədir. Bu bir reallıqdır və bunu qəbul etmək lazımdır. Əzizim Sərxan, indi sən bacını düşünməlisən.
Dostların və yaxınların təkidi ilə Sərxanı evlənməyə razı sala bildik. Gözəl toy məclisi quruldu və bütün el-oba toy məclisində iştirak etdi. Tam məsuliyyətlə deyirəm ki, hamı ürəklə iştirak etdi. Təkcə Sərxanın özündən başqa. Məclis boyu fikrim onda idi. Gözü qapıda qalmışdı, sanki kimisə gözləyirdi. Artıq axşam idi və toy sona çatırdı. Sərxanın bizdən aralanıb çölə çıxdığın sezdim. Ona hiss etdirmədən arxasınca getdim və gördüm ki, qəbirstanlığa gedən yola boylanır. Ora gedəcəyindən qorxub tez yanına getdim. Bir qədər susduqdan sonra “Camaat sənin başına yığışıb, burda niyə durmusan? Yoxsa evllikdən qaçırsan? — deyə vəziyyəti dəyişmək üçün zarafat etmək istədim, ancaq…..
— Bütün günü gözüm yolda qalaraq “indi gələrlər” deyə gözlədim. Deyirdim nənəm heç dayanmaz və gələr. Niyə gəlmədi? Bilirəm, ağlasığmaz istəkdir, eləmi? — deyib birdən birə ağlamağa başladı. Onu lap uşaqlıqdan tanıyıram və onu bu halda nəinki görmür, heç təsəvvür belə etmirdim, lakin başa düşürdüm ki, bu vəziyyətə mane olmaq olmaz. Qoy illərin qəhərini boşaltsın. Yenə qəbirstanlığa gedən yola boylanaraq davam etdi: “Ağlasığmaz arzudur, bilirəm. Məs mənim çəkdiklərim ağlasığmaz deyilmi? Mən yaşda birinin başına bu qədər müsibət gələ, qardaşsız olduğum bir yana, qohumlarım da məni tək qoydu. Bütün bu çəkdiklərimin yanında bu istəyim nə idiki? Bir kölgə kimi gəlib-gedəydi. Nə olardı?! — deyib hönkürərək dizi üstə yolun ortasına çökdü. Mən də ona qoşulub ixtiyarsız ağlayırdım. Birdən Sərxandan bir qorxunc səs çıxdı və sifəti əyilib qorxunc vəziyyət aldı ki, onu sözlə ifadə etmək qeyri-mümkündür. Mən birinci dəfə idi ki, belə bir mənzərə ilə rastlaşırdım. Qorxumdan donub qalmışdım. Özümdən asılı olmayaraq elə bağırdım ki, toy mağarında bir adam qalmadı. Sərxanı tez xəstəxanaya apardılar, mənsə hələ nə baş verdiyini başa düşməyərək donub qalmışdım. İndi siz bacının nə hala düşdüyünü, gəlinin hansı vəzəyətdə olduğunu təsəvvür edin. Sərxanı sevib toya gələnlərin hamısı vəziyyətini özünüz təsəvvür edin… Sərxangilə yaxın adam olduğum üçün məni onların yanında qoydular. Nəhayət ki səhərə yaxın xəstəxanadan geri döndülər (nəzərinizə çatdırım ki, o vaxtlar mobil telefonlar yox idi). Sərxanın iki gün xəstəxanada qalmalı olduğun dedilər. Səhər tezdən gedib xəstəxanada həkimlə görüşdüm. Həkim nurani və ağsaçlı bir kişi idi. O, dedi ki, “Sərxan sağalmaz xəstəliyə tutulub. Bundan əlavə dünən yüngül infarkt keçirib.” Məni sanki tok vurdu. Axı, bu həyat Sərxandan nə istəyir?
Indi isə Sərxanın həmin xəstəliklə mübarizəsinə baxanda ürəyim parçalanır. Təəssüf ki, əlimdən də heç nə gəlmir.
Bu gün təsadüfən sevimli kimya müəllimimiz olan Oktay müəllimi gördüm. Sərxanı soruşdu. Onun barəsində bir az danışdıq. Çox məntiqli və maraqlı fikirləri, məsləhətləri ilə yenə də köməyimə yetişdi.
— Sənə bir söz desəm Sərxana deyərsən? — deyə soruşdu.
— Əlbəttə, sevə sevə. Özü də o, sizin hər sözünüzü qəbul edir. — deyə sevinclə cavab verdim.
— Sərxana de ki, o, heç kimin yaşamadığı və yaşaya bilmədiyi bir həyatı yaşayır. O, başqalarının hələ bir neçə ilə öyrənə biləcəyini körpə vaxtlarında öyrənib. Camaat birinci sinifdə hərf öyrənəndə o, çox şeyi bilirdi. Bir sözlə, hər şeydə öndə idi. İndi də həyatında da hamını qabaqlayıb. O, başqalarının yaşaya bilmədiyi bir həyatı yaşayır. Həyatına bu baxımdan baxsın.
Mən “baş üstə” dedim, ancaq nə gizlədim?! Oktay müəllimin nə demək istədiyini başa düşmədim. Qəribədir… bunu Sərxana deyəndə dərin bir xəyala daldı və bircə bu kəlməni dedi “Allahım, sənə şükürlər olsun. Sən mənə lütf etmisən, mən isə bunu anlamamışam. Məni bağışla.”
Bunun nə demək olduğunu Sərxandan soruşmağa çəkindim. Elə indi də bilmirəm ki, Oktay müəllim nə demək istəyib?!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+24=
Hesaba giriş
Müəllif

Etibar Nasir
Əlaqə
E-mail:
jafariyyah@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0335 saniye