Azərbaycanda ixtisas və həyat yoldaşı seçəndə maksimum diqqətli olmaq lazımdır. Çünki sonra dəyişmək çox çətin olur.
Məsələn, uşaqlıqdan diş həkimi olmağı arzulayan biri gedib BDU-nun biologiya fakültəsinə düşür. İstəyir ki, oxumaya, gələn il yenə işini verə, qohum-qonşu özünü yetirir ki, "kül ağlına, niyə naz edirsən?! Bu il bura düşdün, gələn il heç medtexnikuma da düşə bilməyəcəksən. Görürsən, filankəsin uşağını, filan qədər balla düzdə qaldı və s." Beləcə, binəva, istəmədən biologiyada oxuyur, bitirir, hələ müəllim adı ilə əməkli də olur. Hər dəfə stomotoloqa gedəndə, qapının ağzında bir köks də ötürür.
Ya da, tələbə yoldaşını sevən birinə anası xalası qızını alır. Vəssalam, ömrlük məhkumsan.
Lap elə, özləri seçib evlənənlər də çox zaman səhv etdiklərini biləndə, ayrıla bilmirlər. Bu da müxtəlif bədbəxtliklərə yol açır.
Ya da yaşayırlar, amma el görkünə.
Ümumiyyətlə, bizdə çox sahələrdə olduğu kimi ixtisas seçimində də valideyin istəyi dominantlıq təşkil edir. Məsələn, uşaqlıqdan həkim olmaq istəyən ata oğlunu zorla tibb universitetinə göndərir. Ya da, son dövrlərdə hüquqşünasların sayının nə qədər artığının şahidi oluruq. "Gəlirli, hörmətli peşədir" - deyib, valideyinlər uşaqlarını pul gücünə də olsa, hüquq fakültəsində oxutdururlar.
Çox az valideyin qızının aktrisa, oğlunun rəssam olmasını etirazsız qarşılayır. Qızlar sənət seçəndə isə, yaxınların məsləhəti adətən belə olur: "qız üçün ən yaxşısı həkimlik və müəllimlikdir".
Amma valideyinlər unudurlar ki, bu ixtisasla bir ömür boyu onlar deyil, balaları məşğul olacaq. İstənilən sahədə zirvəyə qalxmaq üçün gərgin əmək lazımdır. Sevmədiyin bir işlə isə belə əziyyət çəkərək məşğul olunmaz. Demək, nəticədə zirvəyə yetişmək də olmayacaq.
Düşünürəm, biz uşaqlarımızın yaxşı təhsil almasına yardımçı olmalıyıq. Hansı sənət seçəcəklərini onların öz öhtələrinə buraxmalı, sadəcə olaraq, əlimizdən gələn yardımı etməliyik.
Məsləhət vermək olar, ancaq bunu zor olaraq onlara qəbul etdirmək, öz böyüklüyündən və valideyinlik statusundan istifadə edərək minnət qoymaq, məcbur etmək olmaz.
Şahnaz Kamal