"Dul qadının etirazı" Mark Tven
Tamella Abdıyeva tərəfindən "Hekayə" bolməsinə 22:32 09 iyul 2014 tarixində əlavə olunmuşdur

“Bu illər ərzində, mənim diqqətimi çəkən ən qəmgin əhvalatlardan biri də müharibə dövründə burada- Karninq şəhərində baş vermişdi”- bunu deyən bankirin işçisi sözə başladı.

“Den Mörfi adlı bir gənc, könüllü olaraq ordu sıralarına yazılmış və böyük cəsarətlə vuruşmuşdu. Bütün yoldaşları onun xətrini çox istəyirdilər. Elə buna görə də, aldığı yara onu zəiflədib əldən salanda, hətta tüfəng də onun üçün ağır bir yük olanda, silahdaşları sözü bir yerə qoyaraq, ona orduda satıcı kimi işləməyi təklif etdilər. Bundan sonra, əli pula çatan Den qazandığı pulları yığmaq  üçün həyat yoldaşına göndərərdi. Bu illər ərzində paltar yuyub ütüləməklə dolanan bu qadının qazandığı ağır təcrübə ona pulu necə saxlamağı çox yaxşı öyrətmişdi. Necə deyərlər, qəpiyinin də qədrini bilirdi. Ancaq hər cür çətinlik görmüş bu qadın, bank hesabı artdıqca daha da xəsisləşirdi. Zavallı qadın firavan həyata heç cür öyrəşə bilmirdi. Yoxsulluğun , aclığın, soyuğun, köməksizliyin, bu dünyada pulsuz qalmağın nə olduğunu çox yaxşı bildiyi üçün, yenidən o günlərin geri dönəcəyi qorxusu ona rahatlıq vermir, bir kabus kimi onu izləyirdi. Ancaq, çox keçmədi ki, Den öldü. Silahdaşları isə onun kimi  bir yazığın adəti üzrə bir çuxura atılacağını, sonra isə heç nə olmamış kimi ətrafdakılara onun başına gələnlərin nağıl ediləcəyini bildiklərindən, ona bəslədikləri dərin hörmət və izzətin sübutu olaraq,  onun həyat yoldaşı  xanım Mörfiyə teleqram vuraraq, yoldaşının mumiyalanıb evə göndərilməsini istəyib-istəməmisini ondan xəbər aldılar. Xanım Mörfi cəsədin mumiyalanmasının cəmi iki-üç dollar edəcəyini düşünüb, onların təklifini qəbul etdi. Mumiya üçün xərcin qəbzi isə evin xanımına yalnız “oyaq qalma” mərasimində gəlib çatdı. Elə hər şey də bundan sonra başladı. Qəbzdəki məbləği görən qadın hər kəsin qəlbini parçalayan acı, kədərli bir ağı deyərək nalə qopartdı : “Deni basdırmaq üçün yetmiş beş dollar, mən də elə bilirdim Muzeyə qoyacaqlar, yoxsa heç vaxt belə bir işə baş qoşub, bu qədər xərc çəkməzdim!”

Bu mənzərəyə şahidlik etmiş bank işçisi deyirdi ki, bu sözlərdən sonra evdə hamı göz yaşı tökürdü.

* “Oyaq qalma” mərasimi  ölümlə əlaqədar bir mərasim olub, əsasən axşam saatlarında cənazə evdə olarkən ölmüş şəxsin evində həyata keçirilir. 

 

 


... dəfə oxunub
Qiymət: 8/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
1+35=
Hesaba giriş
Müəllif

Tamella Abdıyeva
Haqqında
Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) Bədii Tərcümə Klubunun (BTK) üzvü 
Əlaqə
E-mail:
tamella.abdijeva@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0269 saniye