Aysel Abdullazadə yazır:
Bir müsahibədə sual verilmişdi ki, sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz? Cavabım: Lunaparka gedər, əylənərdim, olmuşdu.
Bir dostum yazıb ki, səmimi olduğunu bilməsəm, bu cavabı diqqət çəkmək üçün dediyini düşünərdim. Çünki mənə görə, səndə vəfa duyğusu, sevdiklərinə qarşı zaman ayırma, sevmə yüksəkdir.
Bir az buna aydınlıq gətirmək istərdim. Həm də vəfa dediyimiz bu duyğuya mənim baxış bucağımdan baxmış olardıq.
Əvvəla onu deyim ki, suala verdiyim cavab tam səmimidir. O anı düşünüb ilk edəcəyim iş olaraq ağlıma gələn bu oldu. Çünki lunapark qayğılardan azad olmaq üçün ən ideal məkanlardan biridir. Əylənirsən, oraya girəndən çıxana qədər ən yüklü, ağrılı, dərdli insan belə, hər şeyi unudur, uşaqlaşır. Başqa bir aləmə düşür, nağıllar ölkəsində hiss edir özünü. Bu üzdən, sabah öləcəyimi bilsəm, ilk gedəcəyim və xeyli zaman keçirəcəyim yer lunapark olardı.
Gələk vəfa duyğusuna, sevdiklərimizə qarşı nə qədər həssas olmağımız məsələsinə.
Onu qeyd edim ki, özümə və dolayısıyla yaşam tərzimə təsir edən müəyyən prinsipləri olan insanam. Həyat mənimdir! - devizi ilə yaşayıram. Həyatımı kimsəyə bağışlamaram. Ailə fərdlərimə belə.
Bağışlamaq deyəndə, məsələ insanlara sözün həqiqi mənasında həyatımı hədiyyə etməkdən getmir. İstəmədiyim bir şeyə məcbur edilmək anlamında dedim. Məsələn, istəmədən evləndirilmək, istəmədiyim yerdə yaşamaq - bunları mənə heç bir qüvvə etdirə bilməz. Övladlıqdan rədd etmə ilə qarşı-qarşıya gəlsəm belə, buna yenə dirənərəm. Bu şey məni qorxudub, həyatımı, yaşamımı başqalarına verməyimə səbəb ola bilməz. Vermərəm!
Bu nöqteyi-nəzərdən də əgər öləcəyimi bilsəm, yenə istədiyim şeyləri son dəfə də olsa, edib rahat ölərəm.
Sevdiklərimə zaman ayıran biriyəm, vəfa duyğusuna da sahibəm.
Amma insanlara aşırı dərəcədə bağlanmağın, olmazsa olmazlıq prinsipinin əleyhinəyəm və bunu həyatımda da tarazlayıram. Bilmirəm, bəlkə də çox soyuqqanlı olduğumu düşünəcəksiniz. Nədən qaynaqlandığı mövzusunda bir fikrim yoxdur. Amma belə formalaşmışam. On altı yaşımdan ailəmdən ayrı yaşayıram, darıxmaq hissim yoxmu? Əlbəttə var! Amma aşırı deyil, kimsə üçün darıxanda gedib görürəm, hissimi gidərirəm.
Məsələn, uzaq bir yerdə mutlu olacağamsa, kimisə düşünmərəm, gedib orada həyatımı quraram, yaşayaram. Nəticədə bu həyat bizimdirsə, fərd olaraq mənə sunulubsa, mənim qurallarım keçərlidir. Məni dünyaya gətirən insanlara minnət borcu ilə yaşamağım absurtdur. Mən də övladımı dünyaya gətirəcəm və o həyatın bəlirli bir yaşdan sonra tamamilə sərbəst şəkildə ona aid olduğunu söyləyəcəyəm.
Vəfalı olmaq, sadiqlik, sevgi hissləri kəsinliklə mühümdür. Bir insanı var edən, oluşunu bütünləşdirən və mükəmməlləşdirən amillərdir. Mən dostlarıma vəfalıyam - onlara zamanımı ayrıram, dinləyirəm, yardım edirəm. Mən vətənimə vəfalıyam - onu sevirəm, qoruyuram, adını ucaldıram. Mən ailəmə vəfalıyam - mütəmadi görüşürəm, qayğılarına qalıram, nəvaziş göstərib sevgi sunuram. Mən övladlarıma vəfalı olacağam - onları sevəcəm, qayğı göstərəcəm, böyüdəcəm və bir şəxsiyyət kimi formalaşdıracağam. Amma bütün bunlarla yanaşı, olmazsa olmaz deməyəcəm.
Sevdiklərimizin olmağı və insanda vəfa duyğusunun bulunmağı insanı kəndirləməlidir deyə bir şey yoxdur. Həyat çox azaddır, sərbəstdir, yetər ki, doğru yaşamağı biləsən, müəyyən bir xətt əlbəttə var, o xəttin hüdudlarını keçmədən irəliləmək öz əlimizdədir. Həyatınızı hədiyyə etməkdən vazkeçin!
Sayğılarla...