Pənahəli xan, Vaqif, Xurşudbanu Natəvan və b. - Qarabağın keçmişindən bu gününə adlarını eşitdiyimiz, yazılarda tanıdığımız o dahi şəxsiyyətlər...
Neçə belə görkəmli şəxs yetişdirib Qarabağ ?! Saymaqla bitməz: Qarabağ xanları, xanəndələr, şairlər daha kimlər, kimlər...
Ağaməhəmməd Şah Qacar dəfələrlə hücum etdi. Qarabağı, o gözəl yerləri işğal etmək istəyirdi. Ancaq Şuşa qalasını ələ keçirə bilmədi. Səfalı Qarabağ tarix boyu bu cür mənfur hücumlara məruz qalıb. Ancaq yıxılmayıb! Özünü alçaltmayıb!
Amma indi Qarabağımız özgə əllərdədir. Yenə onu sınmağa, əyilməyə qoymamalıyıq! Ən qısa vaxtda Vətən övladları ayağa qalxmalıdır. Qarabağsız keçən hər gün bizi Qarabağdan daha da uzaqlaşdırır.
Özümüzə qarabağlı deyirik. Bəs Qarabağ hanı? Sabah övladım məndən soruşacaq: "Qarabağ haradadır? Məni oraya niyə aparmırsan?" Nə cavab verəcəm? Bilmirəm... Ancaq indi ayağa qalxsam, əlimə silah alıb, düşmənin üzərinə yerisəm, sözsüz, onun başını kəsib, torpağımı azad edəcəm. Bəs niyə etmirik? Qorxuruqmu? Əsla yox! Silaha əl atmaq lazım gəlsəydi, torpağımızı çoxdan azad etmişdik. Ancaq artıq qanların tökülməsini istəmirik. Bəsdir, körpə cəsədlər! Ancaq düşmən də bizlə razılaşmır. Buna məcburdur... Razılaşmalıdır! Əks halda düşməni evində tutub öldürəcəyik. Buna inanıram. Dövlətimiz günü-gündən inkişaf edir. Bu inkişaf bizi Qarabağa daha da yaxınlaşdırır. Ancaq zaman əleyhimizə işləyir. Tez bir zamanda düşmən bizimlə sövdələşməlidir. Torpaqlarımızı geri verməlidir.
Mən Bülbülün evini, Ağabalanın qəbrini, Xan əminin yurdunu görmək istəyirəm! Cox şeymi istəyirəm?! Yox! Bu mənim haqqımdır haqqım olanı tələb edirəm!
Az qalıb! Cox az qalıb! Belə davam edə bilməz! Qarabağ xanəndələrinin o xoş avazını Cıdır düzündə eşitməyimə çox az qalıb... Həkəri çayının yanında uzanıb dincəlməyimə, Xudafərinə tamaşa etməyimə, Azıx mağarasına girməyimə çox az qalıb!
Bu gün Qarabağ bizdə deyil. Amma dünən bizdə idi, bizim idi... Sabah da bizim olacaq. Az qalıb... Gözlə bizi Qarabağ! Əyilmə! Düşmənə təslim olma! Az qalıb! Səni övladların xilas edəcək. Yenə qoynun gülüstana dönəcək. Yenə hər tərəfdən musiqi sədaları eşidiləcək. Xoşbəxt günlərimizə az qalıb... Qarabağlı günlərimizin geri qayıtmağına az qalıb!