"Qısa hekayə" Ernest Heminqvey
Tamella Abdıyeva tərəfindən "Hekayə" bolməsinə 00:55 14 iyul 2013 tarixində əlavə olunmuşdur

Paduada isti bir yay axşamı idi. Nəhayət ki, buradakı adamların  köməyi ilə dama çıxan yaralı əsgər yüksəklikdən şəhərə tamaşa edərək təmiz havanı ciyərlərinə çəkdi. Səmada sərçələr hay-küylə uçuşur, sanki oynaşırdılar. Ancaq, bir az keçmiş hava qaralmağa başladı və bununla da projektorlar işə düşdü. Damdakı digər adamlar isə boş şüşələri götürərək  yavaş-yavaş aşağı düşməyə başladılar. Onların səsi bütün eyvanı bürümüşdü.  Ara sakitləşəndən sonra Luz çarpayıda, – onun yanında əyləşdi. Nəfəskəsən isti yay gecəsində onun gözəl və təravətli vücudu insana bir yaz mehitək sərinlik bəxş edirdi.

Artıq üç ildir, Luz burada gecə növbəsində tibb bacısı işləyir. Bu müddət ərzində o, bütün xəstələrin ürəyinə yol tapa bilmişdi. Luz həmin yaralı əsgər üçün əməliyyat stolunu hazırladı, ona toxtaxlıq vermək üçün isə gah dostcasına zarafatlaşır, gah da lağlağı edirdi. Daha sonra yaralı əsgərə keyləşdirici vuruldu və bununla da, yaranmış boşluğu doldurmaq üçün boşboğazlıq etməyə heç bir lüzum qalmadı . Əməliyyatdan sonra qoltuqağacına öyrəşən əsgər, artıq, heç kimin köməyi olmadan da temperaturunu ölçə bildiyindən daha Luzun çarpayıdan düşməsinə heç bir ehtiyac qalmırdı. Burada çox az  xəstə var idi və hamısı da onlar  arasındakı  münasibətdən xəbərdar idi. Bütün xəstələr Luzun xətrini çox istəyirdi. Luza qarşı daha dərin hisslər bəsləyən bu yaralı əsgər isə dəhliz boyu geri qayıdarkən onu öz yatağında xəyal edirdi.

Cəbhəyə qayıtmazdan əvvəl onlar Duomaya gedib dua etdilər. Sakit və alaqaranlıq bu məkanda insanlar dua etməklə, sanki özlərini Tanrıya daha yaxın hiss edirdilər. Evlənmək üçün buraya gəlmiş bu cütlüyün isə nə sənədləşmə üçün vaxtı, nə də doğum haqqında şəhadətnamələri var idi. Onsuz da, heç bir sənəd olmadan da onlar özlərini evli hiss edirdilər, ancaq, bəzən bir kağız parçası sevgini heç qorxmadan bütün dünyaya car çəkməyə güc, sanki, heç vaxt onu itirməyəcəyinə zəmanət verir.

Onun cəbhədə olduğu müddətdə Luz çoxlu məktublar yazsa da, onlar yalnız müharibədən sonra mənzil başına çatdı. O, cəbhəyə  gətirilən on beş qalaq məktubu tarixlərinə görə seçib, hamısını birnəfəsə oxudu.  Bütün məktublarda Luz xəstəxanadakı həyatından,  bir də onu necə sevdiyindən, onsuz gecələrin necə uzun, dəhşətli keçdiyindən və daha bu cür bacarmadığından yazırdı.

Müharibə qurtarandan sonra onlar qərara gəldilər ki, evlənmək üçün yeganə yol bu cavan oğlanın öz vətəni, Amerikaya dönüb, yaxşı bir iş tapmağıdır. Luz isə o, bir iş tapanacan onun yanına getməyəcək, yox əgər darıxsa, yalnız o zaman görüşmək üçün  Nyu-Yorka gələcəkdi.  Hər halda, iki sevən qəlbin istəyi belə idi…Oğlan isə söz verdi ki, içməyəcək, dost-tanışla eyş-işrət məclislərinə getməyəcək, gecə-gündüz yalnız və yalnız bir yuva qurmaq üçün işləyəcək. Bəli, bu idi onun məqsədi: iş tapmaq və evlənmək. Bununla belə, Paduadan Milana gedən qatarda Luzun onunla getmək istəməməsi sevgililər arasında mübahisəyə gətirib çıxardı. Milan vağzalında ayrılıq zamanı çatanda, onlar bir-birilə həmişəki kimi öpüşüb ayrılsalar da,  mübahisə hələ də bitməmişdi. Sevdiyi qadınla evlənmək üçün ondan kilometrlərlə məsafə uzaq qalmağı belə gözə alan bu cavan oğlan isə Luzla bu şəkildə ayrıldığına görə çox məyus idi.

Beləliklə o, Genoadan qayıqla Amerikaya yola düşdü. Luz isə xəstəxana açmaq üçün Pardonone şəhərinə geri qayıtdı. Yağışlı, səssiz bu şəhərdə sükutu yalnız bir neçə müddətdir  bura yerləşmiş arditi batolyonu pozurdu. Qarlı-yağışlı havada, palçıqlı küçələrdə qışı keçirən batalyon mayoru Luza vurulur və ona eşq elan edir. İtalyanlara heç də yaxşı bələd olmayan bu qızcığaz isə Ştatlara, artıq keçmişinin bir parçası saydığı həmin, amerikalı əsgərə  məktub yazaraq onlar arasında yaşananların sadəcə ötəri həvəs olduğunu bildirir. Luz bu hərəkətinə görə məyus olsa da, çox yaxşı bilirdi ki, bütün bunları qəbul etmək onun üçün asan olmayacaq, ancaq, ümid edirdi ki, bəlkə, nə vaxtsa bağışlanacaq. Bu tələsik sevgi macərasından ağlını itirmiş bu cütlük isə gözlənilmədən yazda evlənməyə qərar verirlər. Ancaq, bütün olanlara baxmayaraq, Luz yenə də həmin əsgəri əvvəlki kimi sevirdi, həmişə də sevəcəkdi, ancaq, qəlbinin dərinliyində bunun əslində adi rəğbət hissindən başqa, bir şey olmadığını yaxşı anlayırdı. O, bütün qəlbiylə inanırdı və arzu edirdi ki, bu cavan oğlan nə vaxtsa özünə böyük karyera quracaq və hər şeyi unudacaq. Luz inanırdı ki, belə hər ikisi üçün  yaxşı olacaq.

Vaxt ötdü, zaman keçdi…Ancaq, iş elə gətirdi ki,  mayor onunla nə yazda, nə də başqa bir fəsildə evləndi. Luz isə bu barədə Çikaqoya yazsa da heç vaxt məktubuna cavab almadı. Amerikalı əsgər isə bir müddət sonra, Linkoln Parkında taksi sürdüyü vaxtlarda univermağın ilmə şöbəsində işləyən satıcı qızdan qonoreya xəstəliyinə yoluxmuşdu.

 

Duoma- Milanda baş kilsəQonoreya cinsi yolla keçən xəstəlikdir.Cinsi yolla yoluxan bu infeksiya şəxsdən şəxsə vaginal, anal və oral seks zamanı keçir.

 

 


... dəfə oxunub
Qiymət: 8/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
1+12=
Hesaba giriş
Müəllif

Tamella Abdıyeva
Haqqında
Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) Bədii Tərcümə Klubunun (BTK) üzvü 
Əlaqə
E-mail:
tamella.abdijeva@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0241 saniye