Həyat nağıllarla doludur. Birini də mən dilə gətirim...
Şairlər göydəki ulduzlara bənzəyirlər. Onlar çox uzaqda olsalar da, həmişə yaxında duyulurlar, həmişə kiminsə onları kəşf edəcəyini gözləyərək, səbrlə ulduz olmaqda israrlıdırlar. Uzaq məsafələrdən Yaradanın onlara bəxş etdiyi, son məqamı və məkanı bəlli olmayan bir nöqtədən Yerə baxmaqda davam edər, məni görər, səni görər, onu görmək istəməyənləri görər, Allahın onları gördüyünü duyub, sevincdən ağlayar, gülər şairlər. Onun sevimli bəndələri olduqları üçün cahilləri "yazıqlar olsun” deyib ağlayar, ağı kimi şeir deyər, dərviş olub çöllərə düşər şairlər. Bir gedər Torpaga çatar, ondan o yana yolu olmadığını düşünəndə, Vətən olub yenə göylərdən imdad dilər. Hərdən Şair olmaqdan bezər şairlər.
Zülmlərin ən acısı – parçası olduqları elin, obanın hürr içində olmadığını görüb, nakam arzularını qəlbində illərlə, əsrlərlə daşıdığını dərk edib, aciz qalmaqdır. Bu acizliyi özlərinə bağışlamaz şairlər... Dəlilikdir, sərsəri-divanə hamıdan biri olmaq istəyidir, bir gün anlaşılıb, anılmaq istəyidir şairlik. Lap uşaqlar kimi, doğru danışdıqlarını hamıya çatdırmaq, sübut etmək istəyilə, daha da məsum olmaqdır şairlik. Şairləri sevindirmək – onları görüb, onlara inanmaqdır. Elə hey bir gün bu dünyanın onların sevdiyi çəhrayı rəngə boyanacağını düşünənlərdir uşaqlar və bir də... şairlər...
Mən şair Behrudini dünyada tək qaldığım, bu təklikdə qorxumdan dönüb heç Allahıma da,Tanrıma da baxa bilmədiyim anda gördüm. Dünyanın rəngini unutduğum, mənim həyat deyilən canlı varlıqla son bağımın qopduğunu daxili bir həqiqətlə hiss etdiyim və anladığım, sükuta qərq olmuş cahanın dörd bir tərəfi olduğunu bilsəm də, qədərimin bircə yolundan savayı yaşlı gözlərimlə heç nəyi görə bilmədiyim anda göründü gözlərimə Şair. Gözlərimə inanmadım, amma o məni özünə inandırdı. Gözümün önünə gəldi – şeirlərilə, qəlbimə yol saldı – dünyaya baxışlarıyla, dərdimə həmdəm oldu – "Məzarlıqda bitən yovşan”ı ilə...
Bir yığın qəzetin içində əlimə keçən səhifədə tələbəlik illərindən tanıdığım, həmkarım Xanımın qardaşı, Şuşa uğrunda döyüşlərdə həlak olmuş milli qəhrəman Heydər Həmidovun xatirəsinə həsr edilmiş şeirlər dərc olunmuşdu. Qardaşını, şair Rüstəm Behrudini tanımasam da, Xanımı ki tanıyıram, qəlbinin odunu, alovunu, yanğısını, yeganə qardaşının itgisini necə yaşadığını bilirəm. Bunu bilə-bilə necə vaz keçim bu səhifədən, onu oxumaqdan?!
("Azadlıq” qəzeti, 30 mart, 2013-cü il ). "Başım dumanlıdır, Heydər, Şuşanın dağları kimi” başlıqlı şeir səhifəsində bütün gözəl şeirlərin içində biri məni tutdu, yaxaladı, qəlbimi gördü, məni bağrına basdı, təsəlli olmaq istədi... Bilmirəm nəyə nail oldu, amma məni çox ağlatdı, çox dilləndirdi, mənə qəlbimin dili ilə aşağıdakı sətirləri yazdırdı... əlimdən tutdu – yazdırdı...
Yovşanlıqda mənim nə işim vardı,
Məzarlıqda mənim nə daşım vardı,
Anasız qalmağa nə yaşım vardı.
Ölümlər həyatdan qisas alırmış.
Qabağında ölüm sənin mən, ana.
Yovşan olum, acı qoxum mən, ana.
Qəbrin üstə keşik çəkim mən, ana.
Gecənin bir adı ayrılıq – indi.
Gecənin bir dadı yovşandı – indi.
Bu yovşanı mən də topladım, dərdim.
Bu yovşanı qəbrimin üstə sərdim.
Anam vardı, bu dünyada nə dərdim,
Yovşan toplamışam, şair, bölüşək?!
Bu yovşanın acısı var – bal dadır.
Bu kənd yolu qəbristana aparır.
Ayaq altda yovşan qalır, ot qalır.
Şair, bu yolları sənlə gəl gedək.
Bu yovşandan harda görsən, dər gətir.
Dərdim böyük, mən ölmüşəm, sən götür.
Qəbrim üstdə yovşan adlı gül bitir.
Şair, boş məzara mən də enmişəm.
Yovşanında nə mətləb var, İlahi!
Sözlərində nə böyük ürək, şair!
Sən dünyanın hər üzünü görmüsən.
Yovşan üzlü dünya gördüm, İlahi!
Ürəyimdə açıq yara, bağlanmaz,
Anasız qız al geyinib, daranmaz.
Ətirlərdən bircəsini seçərdim -
Məzarlıqda bitən yovşandır, şair!
"Məzarlıqda bitən yovşan” adlı şeirinə Rüstəm Behrudi belə bir giriş verir:
"Çox qəribədir... Gördüyüm bütün kənd məzarlıqlarında yovşan bitir. Və bütün məzarlıqlardan yovşan qoxusu gəlir. Yovşan ətri hər yerdə hüzn, kədər və ayrılıq əlamətidir”. Büsbütün yovşanlığa qərq olmuş kənd qəbristanlığına, anamın yeni, əbədi və son mənzilinə ilk ziyarətimdən bir neçə gün sonra Rüstəm Behrudini "Yovşan”ının ətri məni öldürdü.
...Sonra yolum kəndimizin qəbristanlığına düşdü. Sonra burnuma yovşan ətri doldu – acı, doğma, torpaq kimi bozumtul rəngli yovşanın həyat kimi acılı-şirinli dadı, tamı hopdu üzümə, əlimə, gözümə, sinəmə.
...Sonra gözümə Şair göründü. Ulduz kimi göylərdən mənə baxan, kəşfini gözləyən, dünyada, bir Allah bilir, neçə dəfə ölüb-dirilən, ölməyin də, diri qalmağın da sirrinə varmış Şair – şair Rüstəm Behrudi...
...Sonra o məzarlığa, anamın qəbri üstə yovşan ətirli şeirlərimi apardım, ölümün düz gözünün içinə baxmış, bu dünyada da, o dünyada da insanların halından xəbərdar bir şairin ruhunu ruhuma dayaq edib, yovşanlıqda ağılar söylədim.
...Sonra o məzarlıqda bitən yovşandan dərib, zərfə qoydum. Həmin qəzet səhifəsini və yazdıqlarımı da ora əlavə edib, zərfi bir kənara qoydum. Rüstəm Behrudiyə çatdırmağı düşündüyüm zərfi.
... Sonra zərfi acıb, içindən o yovşanı götürdüm. Şairləri tale uşaq kimi aldadıb, zülm qarşısında daim rəhmli olmağı öyrədib. Düşündüm, bəndənin nə haqqı var ki... Qıymadım... Qıya bilməzdim şair Rüstəm Behrudiyə. Həm də o, bu yovşanı dərib də, sərib də, yandırıb külü ilə göylərə sovrulub da. Axı, bu onun öz ruhu ilə söhbətidir. Mən isə, sadəcə, o söhbətin şahidiyəm. Qoy ruhu bir daha inciməsin... Yovşan məzarlıqda bitsə yaxşıdır...
Şeirin tam mətnini də bu yazıya daxil etmək istəyirəm. Çünki yovşan bir ölümün deyil, bütün ölümlərin, əslində, biz dünyadan köçsək də belə, bizdən sonra sevgi həsrətində yaşayan ruhumuzun simvoludur. Bəlkə, həyatın əzəli simasıdır, ətridir, rəngidir yovşan... Qızılgüllər bizi aldatmaq üçündür.
Məzarlıqda bitən yovşan
Ətrin öldürdü məni,
Bağrım oldu yenə şan-şan.
Gördüm ki, boş bir məzara,
Yenə məndən danışırsan,
Məzarlıqda bitən yovşan.
Əlim qoynumda gəlmişəm,
Əvf et, hönkürüb ağlasam;
Öz qəbrim üstə qoyacam,
Səndən bir dəstə bağlasam,
Məzarlıqda bitən yovşan.
Sən arxasız, mən kimsəziz,
Sənnən axır göz yaşlarım;
Burda daşlar daş deyil ki,
Bacılarım, qardaşlarım,
Məzarlıqda bitən yovşan.
Bu son bahar da ölmədim,
Ölmədim, yaz, yaz gönaha.
Mən öz tabutundan tutub,
Dönən bir ölüyəm daha,
Məzarlıqda bitən yovşan.
Məni dərd deyil, adamlar,
Adamlar öldürdü; Sən, sən...
Baş daşıma qoyulacaq
Çiçəklərdən də gözəlsən,
Məzarlıqda bitən yovşan.
Vədə tamamdı, dönəcəm,
Gəlim qarışım tüstünə.
Gələcəm dua oxuyaq,
Ölən bir şairin üstünə,
Məzarlıqda bitən yovşan.
Ətrin öldürdü məni,
Bağrım oldu yenə şan-şan.
Gördüm ki, boş bir məzara
Yenə məndən danışırsan,
Məzarlıqda bitən yovşan.
P.S: Nəhayət, ən sonda Şairlərin Haqdan gəldiyi bir daha sübuta yetdi. Mən təsadüfən həmkarım Xanım Həmidovaya rast gəldim, şəhid qardaşına həsr olunmuş "Başım dumanlıdır, Heydər, Şuşanın dağları kimi” başlıqlı şeirlərdən, onların müəllifindən və yaşadığım hisslərdən söz açdım. Bir yovşan nağılı yazmağı təklif etdi. Bu da nağıl, həyat kimi... Yoxsa həyat nağıl kimi...
Göydən üç alma düşdü: biri Ananın, biri Şəhidin, biri Şairin.
Kəmalə Umudova