Yaponiyaya atom bombası atıldığında 2 yaşında olan qız 12 yaşına gəldiyində məruz qaldığı radiasiya səbəbi ilə xərçəngə yaxalanmışdı. Amma vəziyyəti ümidsiz idi. Xəstəxanadakı bütün həkimlər onun ölümü üçün gün sayarkən kiçik yapon qızı həyat dolu idi. Dəhlizlərdə qaçır, oynayır və digər xəstələrə kömək edirdi. Xəstələr arasında ən sevdiyi adam 80 yaşlarında özü kimi xərçəng olan yaşlı bir qadın idi.
Kiçik yapon qızı ölüm döşəyindəki bu yaşlı qadını tək buraxmamışdı. Qadın ölməmişdən qabaq “Mənim üçün artıq gecdir, amma bizim inancımıza görə əgər bir adam kağızdan 1000 dənə durna quşu düzəldərsə, hər istəyi qəbul olunur. Mən edə bilmədim. Sən et və xilas ol.” deyərək son nəfəsini vermişdi.
Kiçik qız çox üzülsə də, həyatda qalmaq arzusu ilə ənənəvi yapon sənəti olan origami ilə durna quşlarını düzəltməyə başlamışdı. Sevinc içində çalışdığından ilk başlarda çox sürətlə düzəldirdi, amma sağlamlığı sürətlə pozulmağa başlamışdı.
Bu həzin əhvəlat yerli və beynəlxalq mətbuatda yer almışdı. Dünyanın dörd bir yanından insanlar qıza minlərlə durna quşu göndərməyə başlamışdılar. Amma kiçik yapon qızı xəbərlər mətbuata çıxdığında əlini tərpədə bilməyəcək durumda idi.
Həyatdakı son saatlarını 644-cü quşu düzəldərək keçirmişdi. Quşu bitirmiş, gözləri qapanarkən tibb bacıları və xəstə baxıcıları poçtdan çıxan yüzlərlə origami quşu ilə otağa daxil olmuşdular. Amma kiçik yapon qızı bir təbəssümlə cansız yatırdı.
Poçtalyonlar aylarca xəstəxanaya kağızdan durna quşu daşımışdılar. Sayı milyonlara çatan durna quşları Yaponiyada bir muzeydə sərgilənir. Bu hekayə Yaponiyada 1943-1955-ci illər arasında yaşayan Sadako Sasakinin hekayəsidir. Dostları əskik qalan 356 durnan qatlayıb onunla birgə gömürlər.
Ayrıca Hiroşima və ABŞ-da xatirəsinə heykəl və abidə qoyulmuşdu. Durna quşu o zamandan bəri sülhün və nüvənin tərk-silah edilməsinin rəmzidir. Kiçik qızın həyatı “Sadako və kağızdan min durna quşu” adı ilə 1977-ci ildə Eleanor Koerr tərəfindən qələmə alınmışdı.
İnsanlıq nüvə silahı ilə tanış olduqdan sonra nə qədər uğraşsa da, bu bəladan qurtulmağa müvəffəq ola bilməmişdi. Hər növ nüvə silahı hazırlamaqda bir-birləri ilə bir yarış içinə girmişdilər. Bu da azmış kimi insanları radiasiyaya məruz buraxacaq qədər texnoloji, insan həyatına “olmazsa olmaz” şəklində yerləşmişdi. Radiasiya ilə birgə yaşamaq insanlığın taleyi və ya yaşamaq şəklinə çevrilmişdi.
Caniləşmədə heç bir sərhəd tanımayan insanlıq ölüm maşınları hazırlamağa, ölüm qusmağa davam etməkdədir. İnsan həyatının heç bir önəmi olmayan bu yaşam tərzində insanı öldürməkdən zövq duyan terrorist hücumlar yayılmaqdadır. Görünən o ki, insanlıq dünyanın sonunu da, öz sonunu da sürətləndirmək niyyətindədir.
Sülhün və tərk-silahın təmin olunmaması insanlıq adına çox böyük şanssızlıqdır. Sülhə və tərk-silaha qarşı laqeydliyin cəzasını yenə insanlıq çəkəcəkdir. Durna quşunu sülhün və nüvə tərk-silahının simvolu etmək müsbət düşüncə ola bilər, amma insanlığın burada səmimi olması və buna görə səy göstərməsi lazımdır. Əks halda canilər çox məsum canlara qıymağa davam edəcəkdir.