Sən
Səbinə Məmmədzadə tərəfindən "Hekayə" bolməsinə 22:32 31 mart 2014 tarixində əlavə olunmuşdur

Artıq yaz gəlib. Havalar çox gözəl keçir. Yaz sənin ən sevdiyin fəsil idi. Soyuq havalara, qışa isə yazın əksinə nifrət edərdin. Yazı səbirsizliklə gözləyərdin. Çünki ağacları, gülləri çox sevirdin. Güllərini göz bəbəyin kimi qoruyurdun. Bəzən səni onlara qısqanırdım. Elə bilirdim ki, onları məndən çox sevirsən. Çünki sənə dəyər verirdim, çox sevirdim. Sən mənim həm həyat yoldaşım, həm dostum, həm də sirdaşım idin. Səni itirməkdən çox qorxurdum.

Balaca uşaqlar kimiydin. Neçə yaşın olur-olsun, ruhun həmişə cavan idi. Nə də olsa həmişə gülə bilirdin. Hər şeyin ancaq yaxşı tərəfini düşünürdün. Mən də sənin kimi olmaq istəsəm də, bunu bacarmırdım. Nədənsə, sənin kimi ola bilmirdim.

Gözəl yeməklər bişirirdin. Hələ tortlarından danışmıram. Darıxmışam o günlərdən ötrü.

İndi yeməyimi özüm bişirirəm. Səninki kimi olmasa da, bacarıram. Yemək olur yəni.

Gəzməyi, teatra, kinoya getməyi çox sevirdin. Hər yaşında bu belə idi. Yaşın artsa da , sən dəyişilmirdin. Həmişə eyni qalırdın. Gülmək, zarafat eləmək həyat tərzinin bir hissəsi idi. Bəlkə də elə buna görə həmişə cavan qalırdın.

Göründüyün kimi idin. Saflığın, ürəyinin təmizliyi, paklığı üzünə vururdu. Sənin kmi birini tanıdığıma görə məncə çox şanslıyam.

Həyata etibar yoxdur. Hər şeyin ən gözəl çağında, sənə ən çox ehtiyacım olan bir vaxtda məni tək qoydun. Həyatını itirdin. Səni itirəcəyimi heç vaxt düşünmürdüm. Həmişə istəyirdim ki, eyni gündə ölək. Təbii ki, bu mənim istəyimlə bağlı deyil. Hər şey Allahın əlindədir.

Həmişə deyirdik:  “Bizi yalnız ölüm ayıra bilər”.  Elə belə də oldu. Ölüm ayırdı bizi.

İndi təkəm. Özümü çox yalnız hiss edirəm. Ev səssizdir. Sən yoxsan deyə, sanki evdə heç kim yaşamır. Tez-tez yuxuma da girirsən. O yuxulardan heç ayılmaq istəmirəm. Çünki ayılanda hər şeyin yuxu olduğunu başa düşürəm.

Yadımdadı, şəkil çəkdirməyi də çox sevirdin. Sənin əksinə mən, heç xoşlamırdım. Mənim üçün şəkillər mənasız gəlirdi. Amma indi fikirləşirəm: “Nə yaxşı ki, şəkillərin var”. Onlar da olmasa neyniyərdim? Heç olmasa onlarla özümə təsəlli verirəm.

İndi də şəkillərindən biri əlimdədir. Ona baxa-baxa danışıram. Bir adam olsa, qıraqdan görsə, deyəcək: “ Dəlidir, nədir? Şəkillə danışır”. Mən də görsəm elə deyərəm. Amma neyniyim? Şəklinə baxaraq danışmaq, bir az da olsa, mənə rahatlıq verir. Yenə də  darıxıram. Bacarmıram. Dediyim kimi, şəkillər sadəcə rahatlıq, təsəlli verir, amma səni unutdurmur. Heç unutmaq da istəmirəm. Yanına gəlmək istəyirəm. İnanıram ki, tezliklə görüşəcəyik.


... dəfə oxunub
Qiymət: 9/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
2+9=
Hesaba giriş
Müəllif

Səbinə Məmmədzadə
Haqqında
314 saylı orta məktəbin 9-cu sinif şagirdiyəm. Hərdən nələrsə yazıram. Qardaşımın yazıları mən də bu sahəyə maraq oyadıb. Gələcəkdə kitablarımın nəşr olunmağını arzu edirəm.
Əlaqə
E-mail:
sebine105@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0278 saniye