Solmuş çiçəklər
Səbinə Məmmədzadə tərəfindən "Hekayə" bolməsinə 18:16 09 may 2014 tarixində əlavə olunmuşdur

Həmişəki kimi kresloda oturub çay içirdim. Yenə də keçmişim, uşaqlığım beynimdə dolanırdı. Keçmişimdəki hər şey yadımda idi.

Yaz fəslində bizim kənd daha gözəl olurdu. Anamın həyətdə əkdiyi qızılgüllərin ətri adamı valeh edirdi. Bütün gün dostlarım Həsən və Muradla kəndi gəzirdik. Arada-bir çayxanaya da baş çəkirdik. Buranı kəndin ağsaqqalı Bahadır baba işlədirdi. O, həmişə maraqlı əhvalatlar danışar, biz də ona qulaq asardıq. Çayxanadan qayıdandan sonra evimizin yanındakı kanaldan balıq tutardıq. Balıq tutduğumuz qarmaq Həsənin idi. Həmin qarmağı ona dayısı düzəltmişdi. Yadımdadır, hələ bir dəfə 3  böyük balıq tutmuşduq. O günü heç vaxt unutmuram…

Bir dəfə evə qayıdanda gördüm ki, çoxlu qonaq var. Ona görə də həmin gecə evdə yer olmadığından babamgildə qaldım. Onların çox böyük evləri vardı. Yazda elə çox vaxt onlarda qalırdım. Çünki babamla vaxt keçirməyi xoşlayırdım. Bəlkə də, o, dünyada ən çox istədiyim insan idi. Kolxoz sədri olan babam, üzdən bir qədər zəhmli olsa da, ürəyində yumşaqlıq vardı.

Mən sizə dedim ki, bütün gün dostlarımla gəzirəm, amma səhv başa düşməyin, dərslərimi də yaxşı oxuyurdum. Ən sevdiyim fənn riyaziyyat idi. Bu fənni mənə sevdirən Tahir müəllim olmuşdu.

Kəndimizin məktəbi balaca olsa da, çox gözəl idi. Hələ həyətindən danışmıram. Həmin həyətdə mənim də əkdiyim güllər vardı. O güllər açanda çox sevinirdim.

İllər keçdi, mən böyüdüm. Universitetə daxil olduğum üçün şəhərə getməli idim. Ancaq kəndimizdən ayrılmaq istəmirdim. Axı mən burada doğulub böyümüşəm. Onsuz necə yaşayacağam? Son dəfə kəndimizi gəzdim. Hamı ilə sağollaşdım. Evə gələndə çamadanlarım hazır idi. Ayrılıq vaxtı gəldi. Anam ağlamağa başladı:

-         Oğlum, özündən muğayat ol. Tez-tez məktub yaz. Yaxşı?

-         Narahat olma ana. Sən də mənə yaz.

Babam da vidalaşmağa gəldi. İlk dəfə idi ki, onun gözlərində yaş görürdüm.

O, mənə qızılı rəngdə bir saat verib dedi:

-         Oğlum, bu saatı yaxşı-yaxşı qoru. Vaxtın qədrini bil.

-         Yaxşı, baba. Bu saat həmişə yanımda olacaq.

Hamı ilə sağollaşandan sonra yola düşdüm. Qatara minəndə yuxum gəlirdi. Yerimi rahatlayan kimi yatdım.

Səhər açıldı. Saat 6 idi. Artıq Bakıya çatmışdıq. Qatardan düşdüm. Şəhərdə heç bir qohumumuz olmadığından, 1 həftə öncə gəlmişdim ki, kirayə ev tapım. Günlərlə ev axtardım. Nəhayət, bir yataqxanada mənə uyğun, əşyaları olan ev tapdım.

Artıq o gün gəldi. Bu gün universitetdə ilk günüm olacaqdı. Universitetə gəlib çatdım. İçəri daxil oldum. Bir neçə dəqiqə sonra ucaboy bir oğlan mənə yaxınlaşaraq soruşdu:

-         Salam. Mənim adım İlqardır. Bəs səninki?

-         Ömər.

-         Hansı fakultəyə daxil olmusan?

-         Riyaziyyat.

-         Təsadüfə bax. Mən də həmin fakultəyə daxil olmuşam. Auditoriyanı tanıyıram, gəl gedək.

Həmin oğlanla birlikdə auditoriyaya gəldik. İlk dərsimiz maraqlı keçdi, amma dərs boyu elə-hey kəndimizi, evdəkiləri fikirləşirdim. Onlardan ötrü çox darıxmışdım. Evə gələndə məktub yazıb göndərdim. Çox yorğun olduğumdan, məktubu göndərdikdən sonra yatdım.

Sabah yenə dərsə getdim. Dərsdən sonra İlqarla şəhəri gəzməyə çıxdıq. İlqar məndən soruşdu:

-         Necədi buralar? Xoşuna gəlir?

-         Hə, qəşəngdi, amma bizim kəndin yerini verməz. Oralar əsl cənnətdir.

-         İnşallah bir gün məni apararsan.

-         Mütləq. Söz verirəm!

Sonra İlqarla sağollaşdıq. Amma mən evə getmədim. Bir az da gəzdim. Gəldim bir yerə çatdım. Burada dəniz vardı. Çox gec olduğundan adam da az idi. Burada özümü rahat hiss elədim. Bütün problemlərim yadımdan çıxdı. Heç vaxtın necə keçdiyini də başa düşmədim. Havada çox gəzdiyimə görə acmışdım. Evə gələn kimi yemək yeyib, yatdım.

Səhər açıldı. Bu gün dərs yox idi. Yerimdən durdum. Yuyunub, yemək yeyib yeni kəşf etdiyim yerə getdim. Dəniz sakit idi. Sahilə yaxınlaşan gəmi məni sevindirdi. Çünki ilk dəfə idi ki, gəmi görürdüm. Bilet alıb gəmidə gəzintiyə çıxdım. Çox adam yox idi. 30 dəqiqəlik gəzintinin necə bitdiyini hiss etmədim. Gəzintidən sonra evə qayıtdım. Yuxarı çıxmamış dəhlizdəki poçt qutusuna yaxınlaşdım. Güman etdiyim kimi mənə məktub gəlmişdi. Evə qalxıb əl-üzümü yuyub, yüngülvari yemək hazırlayıb yedim. Sonra məktubu açıb oxudum. Xatıırladığım qədərilə belə yazılmışdı:

“Salam, oğlum. Məktubunu alanda çox sevindik. Necəsən? Oralara uyğunlaşa bilmisən? Biz çox yaxşıyıq. Sözün açığı, bədbəxt hadisə baş verib. Əvvəlcə düşündüm ki, sənə deməyim, ancaq sonra başa düşdüm ki, bilməyə haqqın var. Ən yaxın dostların Həsən və Murad qəzada həlak olublar. Bilirəm, bu xəbəri oxuyanda çox pis olacaqsan, ağlayacaqsan. Ancaq həyat davam edir. Möhkəm ol. Özünə yaxşı bax.

Baban”.

Bu məktubu oxuyandan sonra eynilə babamın yazdığı kimi ağlamağa başladım. Bir anlıq həyatdan küsdüm. Çünki ən yaxın dostlarım-Həsən və Murad artıq həyatda yox idi.

Səhər açılan kimi vağzala gedib bilet aldım. Universitetdən icazə almağa belə macal tapmadım. Vaxt çatdı. Vağzala getdim. Qatara minib yola düşdüm. Yol boyu gözümə yuxu getmədi. Elə-hey ağladım, keçmiş günlərimizi fikirləşdim.

Səhər açıldı. Qatardan düşdüm. Stansiyadan evimizə kimi məsafə təxminən 500-600 metr olardı. Evə çatan kimi məni anam qarşıladı. O, dedi:

-         Oğlum, səndən ötrü o qədər darıxmışıq ki. Necəsən?

-         Pisəm ana. Kaş Həsənlə Murad da burada olardı.

Evdə bir stəkan çay içən kimi, Həsəngilin evinə getdim. Muradın ailəsi də orada idi. Hamısına başsağlığı verdim. Daha sonra qəbirstanlığa yollandıq. Onları dəfn etdik. Artıq axşam düşmüşdü. Mən şəhərə qayıtmalı idim. Hamı ilə sağollaşıb, qatara mindim. Saat 6 oldu. Bakıya çatdım. Evə gələndə yuxarı çıxmamış poçt qutusuna yaxınlaşdım. Qutunun qapağını açanda bir bağlama gördüm. Üstündə mənim ad və soyadım yazıldığından, mənə gəldiyini başa düşdüm. Bağlamanı götürüb evə çıxdım. Əl-üzümü yuyub, bağlamanı açdım. İçərisində dibçəkdə əkilən, solmuş gül var idi. Bağlama 1 ay bundan öncə göndərilmişdi. Görünür, poçta problem olmuş və bağlama gec çatdırılmışdı. Bağlamadakı məktubu  götürüb oxudum. Bu sözlər yazılmışdı:

“Salam Ömər. Necəsən? Ümid edirik ki, yaxşısan. Yəqin dərslərini də yaxşı oxuyursan. Səndən ötrü çox darıxmışıq. İnşallah tezliklə görüşərik. Hə, bir də, bu gülə yaxşı bax. Biz yanında olmayanda bu sənə həmdəm olsun.

Həsən və Murad”.

İndi 63 yaşım var. Geriyə dönüb baxanda çox kövrəlirəm. Çünki keçmişimdəki gözəl günlər geri qayıtmayacaq. Keçmişimdə acılarım da olub. Həsən və Muradın ölüm xəbərini eşidəndə həyata küsmüşdüm. Ən yaxın dostlarımın öldüyünə inanmaq istəmirdim. Həmin hadisədən 42 il ötüb. Deyirlər, zaman acıları sağaltmır, ancaq onlarla yaşamağı öyrədir. Bax mən də bunu öyrəndim. Həyatımın ən dəyərli hədiyyəsi – dostlarımın mənə göndərdiyi dibçək də mənimlədir...


... dəfə oxunub
Qiymət: 9/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
8+25=
Hesaba giriş
Müəllif

Səbinə Məmmədzadə
Haqqında
314 saylı orta məktəbin 9-cu sinif şagirdiyəm. Hərdən nələrsə yazıram. Qardaşımın yazıları mən də bu sahəyə maraq oyadıb. Gələcəkdə kitablarımın nəşr olunmağını arzu edirəm.
Əlaqə
E-mail:
sebine105@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0237 saniye