Soyuq divarlar
Əli Məhərrəmli tərəfindən "Hekayə" bolməsinə 14:43 15 dekabr 2015 tarixində əlavə olunmuşdur

-Ay oğul bilmirsən bu evlərin istiliyi ilə məşğul olan idarə harada yerləşir? Soruşdum dedilər bu tərəflərdə olmalıdır.
Qara eynəkli cavan oğlan addımlarını yavaşıdıb qulağındakı qulaqcığı çıxarsa da yaşlı qadının sualını sonunacan dinləmədən: "Bilmirəm, buraları mən də yaxşı tanımıram" deyib yoluna davam elədi.
Yolun qarşı tərəfindəki dayanacağın arxasında adamlar yığışmışdı. Bir müddət fikirləşdikdən sonra yolu keçib, dayanacağın arxasındakı hündür mərtəbəli binanın qapısına tərəf yön aldı. "Deyəsən tapmışam. Bura oxşayır" düşüncəsi ilə qarşıdan gələn cavan oğlanı səslədi.
-Ay bala, ay oğul səhərdən girinc qalmışam. Tapa bilmirəm. Bəlkə sən bilərsən evlərə istilik verən idarə buradır? Onların işçilərini haradan tapa bilərəm? .
Təxminən 30 yaşlarında bəstəboy, solğun göy gözləri olan keçəl bir oğlan idi. Soyuq və küləkli havada üşüdüyündən dodaqlarının kənarı azca göyərmişdi, üşüyən əllərini gödəkçəsinin cibində gizlətmiş, gödəkçənin yaxasını boynundan yuxarı qaldırmışdı.
- Nə olub ay nənə? Evinə istilik vermirlər? Yoxsa necə?!
- Yaşlı qadın: "Əslində istilik verilir. Bütün binadakı boruları söküb yeniləri ilə əvəz elədilər. Ancaq mənim mənzilimdəki borular köhnəldiyi üçün, qoşmadılar. Dedilər ki, hamısı dəyişdirilməlidir. Gələrsən idarəyə müdirimizlə danışarsan. Qoca arvadsan sənə güzəşt eləyərlər. Amma dedilər ki, təmirin xərcini özüm çəkməliyəm. Mənim də pulum yox idi. Neçə gündür soyuqlar düşüb. Dünən pensiyamı almışam. Gəldim görüm nə deyirlər.
Oğlan geriyə çevrilib onların danışığını başqa heç kəsin eşitmədiyinə əmin olduqdan sonra qoca qarıya bir addım da yaxınlaşıb asta səslə: "Ay nənə sən onların sözlərinə inanma. Əgər müdirin yanına girsən səndən çox pul istəyəcəklər. Sən yaxşısı budur idarəmizin ustalarına de, onların əllərində ucuz mal-material olur, belə daha ucuz yollaşa bilərsən".
Yaşlı qadın şübhəli nəzərlərlə soruşdu: "Sən də ustasan? Bu idarədə işləyirsən? Onu düzəltmək üçün nə qədər alacaqsan?
Oğlan: "Hə ustayam, amma işə baxmasam bir söz deyə bilmərəm. Narahat olma pensiyaner adamsan bir razılığa gələrik. Evin uzaqdadır? İstəsən gedək baxım, qiyməti yerində danışaq? Əgər ürəyincə olmasa qayıdarsan müdirin yanına".
-Yaşlı qadın düşündü ki, onsuz da idarənin yerini tapıb. Əvvəlcə ustadan bir qiymət öyrənsin. Bəlkə doğurdan da ucuza görəcək.
-Yaxşı gedək. Ev elə də uzaqda deyil. Buradan 2-3 dayanacaq olar...
Gəl, xoş gəlmisən oğul. Buyur keç! Ayağına bir şey geyin döşəmə soyuqdur.
Olduqca köhnə, təmirsiz bir otaqlı qaranlıq mənzil doğurdan da çox soyuq idi. Evdəki borular və hər iki istilik radiatoru isə demək olar ki, çürümüşdü. Çətin ki, bunlar nəyəsə yarayardı.
- Ay nənə, bu borular tamam çürüyüb ki. Sözün düzü evin kiçikdir. Elə də çox boru gərək olmayacaq. Amma radiatorlar mütləq dəyişdirilməlidir. Belə də ki, bazardan alası olsan ikisi yüz manatdan ucuz olmaz.
- Oğul mən cəmi 150 manat pensiya alıram. Borc ala biləcək heç kimim də yoxdur. Haradansa köhnəsini, işlənmişini tapa bilməzsən?
Usta bir müddət borulara nəzər salıb: "Düzünü deyim bəzən kimsə çox sayda alır, amma hamısı istifadə olunmur. Bizdə əl altında qalır. Belə də ki, bahasına pul verməmişəm. Sən də nə verərsən, verərsən". Usta hiss elədi ki, qadının nəzərlərində bir narahatçılıq var. Daha mülayim səslə sözünə davam elədi: "Bax ay nənə biz iki nəfər işləyirik. Mən, bir də köməkçim. Bu işlərin hamısı üçün yüz manat alacıq".
Qadın susmuşdu. Deməyə söz tapmırdı.
Usta: "Yaxşı gəl belə edək, 50 manat indi verərsən. Gələn ay da pulun geridə qalanını. Sənin üçün də yük olmaz".
Qadın başını təsdiq edircəsinə yelləsə də: "Ay oğul! Mən qoca adamam. Əslində sənə borclu qalmaq istəməzdim. Həyatın işidir əgər işdir-qəzadır ölüb eləsəm üstümdə haqqın qalar".
Usta qadının gözlərinə baxıb, gülümsündü.
- Allah eləməsin. Belə söz danışma. Bir də ki, ölüm Allahın işidir. Hansımızın əvvəl, hansımızın axır öləcəyini deyə bilmərik. Allah bilən məsləhətdir. Baxıram hamamın da sıradan çıxıb. Qismət olsun gələcəkdə çağırarsan gəlib onu da düzəldərəm. İndi isə vaxt itirməyək, mən gedim materialları götürüm, mənimlə işləyən dostuma da deyim alətlərimizi gətirib gəlsin. Burda 3-4 saatlıq işimiz var...
Günün sonuna yaxın ustalar işlərini bitirib yaşlı qadının yeganə otağındakı masanın arxasında çay içirdilər. Usta yerindən qalxıb evin küncündəki köhnə taxta şkafın üstünə yığılmış üzəri işləməli əntiq gümüş əşyalara yaxınlaşdı. Onlardan birini əlinə alıb üzərindəki naxışlara baxa-baxa: "Görürəm elə də kasıb deyilsən. Bunları satsan yaxşı pula gedər. Onsuz da istifadə eləmirsən".
Qadın bir anlıq köks ötürdü.
- Onlar mənim keçmişimdən, doğmalarımdan qalan tək yadigardır. Dəyərli olduqlarını bilirəm. Ancaq onları mənim üçün daha da dəyərli eləyən mənə anamdan qalmalarıdır. Bilirsən mən evin tək qızı olmuşam. Anamı - atamı çox erkən itirmişəm. Onların üzlərini belə xatırlamıram. Bir dənə olsun belə şəkilləri yoxdur. Nənəm bu əşyaları anama cehiz olaraq veribmiş.
Qadın dərin bir köks ötürüb sözünə davam elədi: "Evlisən ay oğul? Balaların var?"
Usta sanki fikridən ayılırmış kimi diksindi.
- Hə nənə, iki oğlum var.
- Allah saxlasın. Göz dolu görəsən İnşallah.
Çox sağ olun. Allah razı olsun, sizə ömür versin.
-Nənə işimiz demək olar ki, qurtarıb. Mənim bu huşsuz köməkçim radiatorların filtirlərini gətirməyi unudub. Bu gün daha gecdir. Sabah səhər yəqin ki, evdəsən hə?! Beş-on dəqiqəlik işdir. Gəlib onu da quraşdırandan sonra isti suyun gələcək.
Yaşlı qadın ovucunda bükdüyü pulu stolun üstünə qoydu.
Usta: "Tələsmə! Biz hələ işimizi qurtarmamışıq axı. Sabah filtrləri qoyandan sonra verərsən. Nə bilmək olar?! Bəlkə yıxılıb - öldük?!." deyib gülümsünərək qapıya doğru irəlilədi. Sabah səhərə kimi, bir təhər döz, gəlib düzəldəcik.
Həmişəki kimi, üşüdüyündən qalın paltarda iki yorğana bürünüb yatmışdı. Gecənin bir vaxtı quru və isti havadan tərlədiyi üçün yuxudan oyandı. Asta addımlarla pəncərəyə yaxınlaşanda gördü ki, radiatorlar od kimi, qaynardır.
Səhəri gün ustalar gəlib çıxmadılar. Hətta ondan sonrakı günlər gözləsə də heç kəs gəlmədi.
Bayırda bərk soyuq vardı. Usta üçün ayırdığı pulu şkafın gözündən götürüb evdən çıxdı. Onunla qarşılaşdığı binanın qapısı önündə bir xeyli gözləsə də ustalardan heç birini görə bilmədi.
Bir müddət sonra mühafizə otağından çıxan hündür boylu qarabuğdayı bir oğlan yüksək səslə soruşdu: "Sizə necə kömək edə bilərəm? Kimisə gözləyirsiniz?".
Yaşlı qadın otağın qapısına qədər irəliləyib dilləndi: "Hə. Sizin idarənin ustaları mənim evimdəki radiatorları təmir etmişdilər. Dedilər ki, sabah gəlib radiatorların filtrlərini qoyacaqlar. Amma neçə gün keçib gəlib çıxmadılar".
- Mühafizəçi : "Siz həmin ustaların burda işlədiyinə əminsiniz? Nə radiatoru, başa düşmədim. Radiator nədir?".
Qadın gözləri ilə mühafizə otağındakı istilik radiatoruna işarə edib. Bax bundan dedi.
- Hə. Əlbəttə əminəm. Sizin idarədə işlədiyini özü demişdi. Arıq, tamam keçəl bir oğlan idi. Ancaq adını soruşmaq ağlıma gəlmədi.
Mühafizəçi oğlan qəribə bir çaşqınlıq içində dilləndi: "Ay xala bu radiatorlarda filtr olmur! Bura gəlib gedənlərin əksəriyyəti də dediyiniz kimi, arıq və tamam keçəl adamlardır. Yəqin hansısa fırıldaqçıdır sizi aldadıb. Həm də ki, bura idarə filan deyil. Onkoloji klinikadır".
Bu hadisədən uzun zaman keçmiş, yaşlı qadın onun soyuq divarlarını isidən "fırıldaqçı" ilə heç zaman görüşməyəcəklərini anlamışdı. Artıq köhnə gümüş əşyaların dəyəri qədər unudulmayan bir xatirəsi vardı.

Əli Məhərrəmli
Bakı 07.12.2015


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+37=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0233 saniye