Susqun
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 21:54 02 yanvar 2016 tarixində əlavə olunmuşdur

“Qeyri-qanuni” oğlunun varlığından təzəcə xəbər tutmuşdu. Amma bu, heç kəsdə təəccüb doğurmadı. Onsuz da keçmişini bilən şübhələnirdi. Amma özü bir qərara gələ bilmirdi. Çünki özünü məhv edə biləcəyindən, onun üçün qurulmuş dünyanı darmadağın edə biləcəyindən, dost bildiklərinin düşmənə çevrilə biləcəklərindən illər boyu qorxmuşdu. Özünü aldatmağın, özünə yalan satmağın acısını, əzabını yaşamışdı. Hələ onu sevən, ona dəyər verən insanlara qarşı tamamilə doğru-dürüst ola bilməməsi ilə özünü incitməyə, yaralamağa istər-istəməz davam edirdi.

“O qadın” onun cavanlıq səhvi idi. Gərək “ağıllı” davranıb o bətnindəki varlığı abort etdirəydi. O zaman nə özü zillətə düşəcəkdi, nə də uşağı. Hələ hamilə ikən üzərinə yapışdırılmış “qəhbə” etiketi onun ölümündən sonra da təqib edəcəkdi. Uşaq hər nə qədər günahsız olsa da, mövcud cəmiyyətin düşüncəsi heç vaxt “qəhbə balası”nı əfv etməyəcək. Həmyaşıdları onunla oynamaqdan vəbadan qaçar kimi qaçırdılar, qəsəbə sakinləri ana ilə balanın söhbətini etməkdən yorulmurdular ki, yorulmurdular. Qadın bəzən günlərlə evdə tapılmırdı, çünki işi vardı. Pritonda müştəriləri qəbul edər, qazanar, sonra isə evə qayıdaraq üzünü yastığa basdırıb hönkür-hönkür ağlardı. O, belə həyat arzulamırdı. Oğlundan ötrü utanırdı, ondan üzr istəyirdi. Uşaq hər şeyi sözsüz anlayırdı, anası ağlayarkən səssizcə yaxınlaşaraq saçlarından sığalını əskik etmirdi. Məktəbə gedəcək, yazı-pozu öyrənəcək, dost-tanış qazanacaq yaşda olan uşaq bu imkanlardan anadangəlmə məhrum idi. Lal deyildi, amma danışmırdı, çünki anası belə istəmişdi.

İkisi də tələbə idilər. Varlı oğlan və kasıb qız. Sonun belə olacağını çoxları bilirdilər. Hələ “mentalitet”in güclü olduğu yerdə bu mütləq idi. İkisinin valideynləri hərəkətə keçərək “başlarına ağıl qoymaq” əməliyyatına başlamışdılar. Qadağalar, ətrafın dedi-qoduları, əsassız söz-söhbətlər yavaş-yavaş beyinlərini yuyaraq onların saf münasibətlərinə təsir göstərməyə bilməzdi. Göz yaşları içində bir-birlərini incitməyə müvəffəq oldular. Aralarındakı münasibət özlərindən savayı hər kəsin sevincinə səbəəb olurdusa, yenə də “nöqtə” qoyaraq birdəfəlik bitirməyi bacarmırdılar. Qız ailəsi ilə təhdid olunurdu, oğlan isə hər şeydən məhrum buraxılaraq uzaqlara göndəriləcəkdi. Onlara qarşı atılan sonuncu terakt bu oldu. İlk və son gecə yaşandı.

Qız etmiş olduğu “namussuzluq” barədə yazaraq gecə evi tərk etdi. Soyuq payız küləyi iliklərinə işləyirdi. Göz yaşları süzüldükcə süzülürdü. Hara gedəcəyini özü də bilmirdi, sadəcə ayaqları onu yorulanadək aparmağa qərarlı idi. Sübhə az qalmış tanımadığı qəsəbəyə yetişdi.

Oğlan isə zorla göndərildi. Sona qədər gözlədi, səbr və ümid etdi ki, bəlkə valideynləri bu fikirdən vaz keçələr. Amma olmadı. Onsuz da ailəsi ilə mübarizə aparmaq yorulmuşdu, gücü tükənmişdi. Sevdiyinə qarşı etdiyi “cinayəti” yada salınca diksinən kimi olurdu. Axı o qızdır, cəmiyyət isə olan-qalan günahı qıda görməyə alışmışdı. Etməməli idi, amma iş-işdən keçmişdi, sonrakı peşmançılıq isə fayda verənə bənzəmr. Özü bilirdi, başa düşürdü ki, onlarınkı alınan işə bənzəmir. Varlı hara, kasıb hara?! Ayrı-ayrı dünyaların adamı idilər.

Aradan 10 il ötüb keçmişdi. Bu illər ərzində təhsilini xaricdə tamamladı, vətənə qayıdıb uğurlu karyeraya başladı, ailəsinin istəyi ilə biri ilə evləndi, qızı dünyaya gəldi, amma kabuslarından qurtula bilmədi. Əllərini duaya açdı, dilənənləri geri qaytarmadı, ailəsinə vaxt ayırdı. Kabus isə onu tərk etmək fikrində deyildi. Bir qadınla uşağı görürdü. Hər ikisi ağ geyimlər içində qaranlıq tunelə addımlayırdılar. Gecənin bir aləmində tər içində oyanarkən varlığını təşkil edən hüceyrələrin fəaliyyəti nəticəsində dərk edirdi ki, qadınla uşaq-onun keçmişindədir. Onları axtarışa verə bilməzdi, çünki anası dünyasını dəyişməmişdən öncə söz vermişdi: “Heç vaxt o qadını axtarıb tapmayacaq!” Kabus onu nə qədər yüklədirdisə, andı pozmaq bir o qədər ağır gəlirdi. Hər ikisindən də zərbə alırdı, həyat yoldaşı bunu sezirdisə, qaneedici cavab ala bilməmişdi. Ən sonda axtarışlara başladı, amma artıq qadın cinsi xəstəlikdən dünyasını dəyişmiş, oğlu insanlarla düşmən olmuşdu.

Bilən-bilməyən hər kəs “qeyri-qanuni” varisin varlığından xəbər tutar-tutmaz onun evini ayaqyoluna göndərməyə başladılar. Onsuz da “unudulmuş qadın”dan oğlunun üzə çıxması az deyilmiş kimi, indi də onu evə yerləşdirmək istəməsinə qarşı çıxan həyat yoldaşı ilə münasibətləri pislənməyə doğru gedirdi. Digər tərəfdən isə qızlarının ölümü ilə sarsılan ailə nəvələrinin o evdə qalmasına qarşı çıxdılar.

Olan isə uşağa olurdu. Travma dalınca travma zərbəsi almağa davam edirdi. Anlamırdı ki, bu insanlar niyə onun uğrunda savaşırlar. Əgər həqiqətən atası budursa, niyə onu qucaqlamır, başına sığal çəkmir, hal-əhval soruşmur, üzr istəmir?! Hələ də danışmırdı, çünki qarşısına onu danışdıracaq kimsə çıxmamışdı. Bu evdə özünü rahat hiss edə bilmirdi. Hələ “ögey ana”sının nifrət dolu baxışlarını öz üzərində hiss edərkən tamamilə sıxılırdı, az qala iflic olmaq təhlükəsi ilə üz-üzə gəlirdi. Onun məxsusi otağı da vardı artıq. Lazım olmadıqda oradan çıxmırdı. Eləcə divar küncündə əyləşərək özünü dünyadan təcrid edirdi. Bu dünya onu sevmədiyi kimi o da bu dünyanı sevmirdi. Amma nifrətini açıq şəkildə bildirə bilmirdi. Anasına verdiyi and təkcə dilini deyil, bədənini də möhürləmişdi. “Ögey ana”sı onu qəzəblə itələyərkən, başına ilişdirərkən, qolundan tutub sürükləyərkən, yerə yıxıb əlini tapdalayarkən dişlərini dodaqlarına batırıb göz yaşları içində susurdu. Əslində isə susmurdu, üsyan edirdi. “Ata”sı ona qarşı edilənləri bir-bir öyrənərkən həyat yoldaşına səsini yüksəltməsi və mütləq nəyinsə divara çırpılması ona zərrəcə təsir qüvvəsinə malik deyildi. Bəzən gecələr gözünə yuxu getməzdi, anasını düşünərdi.

“Ata” isə oğluna qarşı etdiyi susqunluğundan çox utanırdı. Onu qucaqlamaq, qoxusunu içinə çəkmək, dərisinə toxunmaq, saçlarını sığallamaq ehtiyacı günü-gündən artırdı. Amma qorxurdu, oğlunun reaksiyasından qorxurdu. Onsuz da onun səssiz halından yetərincə ürəyini yemişdi. Həyat yoldaşı qızını da götürüb birdəfəlik tərk edəcəyi barədə xəbərdarlığını dəfələrlə bildirmişdi. Uşağı nənə-babasına təhvil versinmi? Bu, ən düzgün qərar ola bilərdimi? Həm ailəsini qurtarar, həm də oğlunu. Günlərlə düşündü, iş iclaslarına qatılmaqdan imtina etdi, ailə yeməyində masa arxasına keçib əyləşmədi. Darmadağın olmuş halı hər kəsin diqqət mərkəzində idi. Bu isə getdikcə bəzi buz ürəkləri əritməyə başlamışdı. Artıq qapısını kimsə döymür, ona səsini qaldırmır, uşağın ünvanına söymürdülər.Hətta həyat yoldaşı belə yumşalmışdı. Ara-sıra ərinin kabinetinə təşrif buyurar, səssizcə oturaraq onu izləyər, onun ruh halına fikir verər, narahat olardı. Amma bu hisslər “ögey oğlu” yada düşər-düşməz dərhal ölərək basdırılırdı. Hələ də uşaqda günah görməyə davam edirdi. Sadəcə özünə nəzarət edərək uşağa qarşı zorakılıq işlətmək son andaca özünü saxlayırdı. Gözlərindəki nifrət qığılcımı bədəninə yayılaraq onu əsir alırdı. Hələ ki, ən böyük uğurunu qızını bu "xəstə"dən uzaq saxlamasında görürdü.

Ən son qərar isə uşağın nənə-babasına təhvil verilməsi oldu. Hər 2 tərəf dərin susqunluq içində idilər. Nənə-baba danışmayan uşaqla necə rəftar edəcəklərini bilmirdilər, ata isə qərarının doğru-səhv olduğunu keçmişlə birgə düşünürdü. Oğlunu qəsəbədən “xilas” edərkən ağsaqqallardan biri demişdi ki, uşağın dili bəlkə heç vaxt açılmadı.

Artıq oğlu ilə birgə susqun olmuşdu...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+35=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0913 saniye