Tarverdi dayı
Göz qoyur həm gülə, həm xarına Tarverdi dayı,
Oxşayır sanki urus çarına Tarverdi dayı.
Üzülür: "Seçmədi millət məni millət vəkili!",
Kökləyir dərdini öz tarına Tarverdi dayı!
Nəvəsiyçün sarı bir şar gətirib Qeysər əmi,
Piləyir ahını ,bax, şarına Tarverdi dayı.
Haca getmək lotunun, hətta, düşəndən başına,
Göz dikib qardaşının varına Tarverdi dayı.
Çaşıb arvad buna bir kəlmə deyib "kül başıva",
Gupuyur hər gecə öz yarına Tarverdi dayı.
Bir qədər pul gətirib Moskvadan yeznə dünən,
Di, bu gün döndü baxın harına Tarverdi dayı.
Səni qızdırdımı, dingilləmə qızmar bu Günəş,
Düşəcəksən ömürün qarına, Tarverdi dayı.
Elçi göndərdi, qızı vermədi yoxsul Kərəmə,
Qudasından düşünür barına Tarverdi dayı.
Qulaq as Yusifə, gəl, tarı əlindən yerə qoy,
Çatsa qarmon çatacaq karına, Tarverdi dayı!
Yusif Nazim Ərəbsoy