Telefon söhbəti
Elnur Əliyev tərəfindən "Şeir" bolməsinə 23:40 01 may 2016 tarixində əlavə olunmuşdur

Roman oxuyurdum Əbülhəsəndən.
“Sədaqət”. Beləydi romanın adı.
Açıq-mavi rəngli telefon birdən,
Fasilə vermədən hey dınqıldadı.
Dəstəyi qaldırıb dönük həvəslə
“Nə olub görəsən?” özümdən sordum.
Sonra fikirləşib sönük həvəslə
Deyindim:
“Boş yerə özümü yordum”.
Səsini eşitdim iki nəfərin.
Qət etdim, bildim ki, yola girmişəm.
Birisi çəkərək köksünü dərin
Sözə başlamışdı:
- Mən bilmirmişəm.
Hə, Salman, nə oldu? Söylə ki, nədən
Dəstəyi qoydun sən telefon üstə?
- Vaqif, yol qarışdı. İncimə məndən.
Sağalmamısan heç! Xəstəsən, xəstə!
- Təzədən sənə zəng etməli oldum.
Çünki söhbətimiz qaldı yarımçıq.
Təzədən səni dəng etməli oldum.
Bir gün görərsən ki, ölürsən artıq.
- Təzədən başlama. Qurtar söhbəti.
Mən onu sevmirəm. Mənim qəlbimi
Heç kəs ala bilməz. Saxla hörməti.
- Necə başlamayım? O cür gül kimi
Qızı qaçırtdın sən əldən, ay məzlum!
Hələ də qorxursan xəyanət edər?
- Bəli, mən qorxuram. Güclüdür qorxum.
Qorxuram sevərəm, o atıb gedər.
- Daha sözüm yoxdur. Salman, mən axmaq
Xəbərin olmadan, sənə demədən
Sevgi məktubları yazdım. Sən axmaq
Aləmi qatmısan mənə demədən.
- Vaqif, sən qatmısan aləmi, mən yox!
- Dostluq xatirinə tutdum bu işi.
- Sən mənə köməklik çox etmisən, çox!
- Dosta kömək etmək könlüm vərdişi.
- Onu istəmirəm. Onu sevmirəm.
- Sevmirsən, nə olar? Söhbət zamanı
Ölərdin deyəndə “səni sevirəm”?
- Dilə gətirəydim bu ağ yalanı?
Bəziləri kimi bacarmaram mən.
Sevməyə-sevməyə yalandan deyəm
“Sevirəm”. Gərəkmi sevdirib həmən,
Beynini, qəlbini yalanla yeyəm?
Bunu etməyimə kim haqq veribdir?
- Bəsdir danışdığın filosof kimi.
Salman, olan olub, keçən keçibdir.
- Düzünü deyirəm, kəsmə sözümü.
Bir özün fikirləş.
- ...
- Niyə susursan?
Düz söz acı olub hər vaxt bilirəm.
- Sən allah, bağışla! Yaxşı da, Salman,
Gəl, bizə. Hələlik!
- Oldu. Gəlirəm.
Bu söhbət sarsıtdı bütün qəlbimi.
Bir qədər səssizcə xəyala daldım.
Sonra bu söhbəti olduğu kimi
Qələmə almağı qərara aldım.


... dəfə oxunub
Qiymət: 10/10(26 səs)
[qiymət ver ]
Şərh yaz
3+35=
Hesaba giriş
Müəllif

Elnur Əliyev
Haqqında
Elnur Rəsuloğlu (Əliyev) 1982-ci ildə Salyan rayonunda zəhmətkeş ailəsində anadan olmuşdur. 1988-ci ildə Salyan rayonundakı Yusif Qasımov adına 4 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1999-cu ildə oranı bitirmişdir. Beşillik fasilədən sonra – 2004-cü ildə 484 balla, ödənişsiz əsaslarla Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 2008-ci ildə isə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası alaraq ali təhsilini başa vurmuşdur. Həmin ildən Salyan rayonu Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. 1999-cu ildən dövri mətbuatda müntəzəm çıxış edir. Müxtəlif zaman kəsiyində “Qələbə”, ”Kredo”, ”Gənc müəllim”, ”Aysberq və həyat”, ”Təhsil və zaman”, “Kaspi” qəzetlərində, “Azərbaycan məktəbi”, “Azərbaycan dili və ədəbiyyatı tədrisi”, “Ulduz” jurnallarında, “www.ayb.az”, “www.newsbaku.info”, “www.avrasiya.info”, “www.litparad.org”, “www.qafqazmedia.az”, “www.bizim.info”, “www.poliqon.az”, “www.persona.az”, “www.vehdet.org”, “www.edebiyyat-az.com”, “www.gundelik.info”, “www.azpress.az” saytlarında şeir və məqalələri çap olunmuşdur. Ailəlidir. İki övladı - bir oğlu və bir qızı var.
Əlaqə
Tel.:
+994519473182
E-mail:
elnurresuloglu@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0222 saniye