“Telefon zəngi” Dorosi Parker
Tamella Abdıyeva tərəfindən "Hekayə" bolməsinə 22:00 25 mart 2015 tarixində əlavə olunmuşdur

Ey mərhəmətli Tanrım, elə et ki, o, məni xatırlasın. Əziz Tanrım, elə et ki, o, mənə indicə zəng vursun. Söz verirəm, səndən başqa heçnə istəməyəcəm. Məncə, bu elə də böyük bir istək deyil. Bu arzumu çin etmək Sənin üçün çox, çox balaca bir şeydir. Yalnız bircə zəng... Ey Tanrım, arzu etdiyim bu istəyimi həyata keçirməyin üçün Sənə yalvarıram nə olar, nə olar, nə olar....
Bəlkə də, bu barədə düşünməyi unutsam, telefon zəng çalar. Hərdən belə olur. Ancaq, bircə bunu bacara bilsəydim, bircə bacarsaydım. Görəsən, beş yüzə qədər beş-beş saysam, telefon zəng çalar? Zarafat etmirəm , yavaş-yavaş sayacam. İşdir, birdən üç yüzə çatanda telefon çalsa, beş yüzə çatanadək dəstəyi qaldırmayacam. Beş, on, on beş, iyirmi, iyirmi beş, otuz, otuz beş, qırx, qırx beş, əlli ... Of, ürəyim partlayacaq indi!
Axırıncı dəfədir ki, saata baxıram. Birdə saata tərəf baxmayacam. Artıq səkkizə on dəqiqə işləyib. Amma, demişdi ki, saat beşdə zəng vuracaq. “Səni saat beşdə yığacam, əzizim”. Deyəsən, o, burada mənə “əzizim” demişdi. Hə, hə, əminəm, burada demişdi. Yadımdadır, o, iki dəfə mənə “əzizim” dedi, birdə sağollaşanda “hələlik əzizim” deyə qulağıma pıçıldamışdı. Yadımdadır, işi çox olduğuna görə danışa bilmirdi, amma, buna baxmayaraq, düz iki dəfə “əzizim” dedi. Məncə, özüm ona zəng vursam acığı tutmaz. Amma, bilirəm ki, bu yanlışdır-deyilənə görə, bu, kişilərin heç də xoşuna gəlmir. Onları itirib-axtaranda eşqlərindən dəli-divanə olub çöllərə düşdüyümüzü fikirləşirlər ki, bu da bir kişinin sənə nifrət etməsinə bəs edir. Amma, biz artıq üç gündür ki, danışmırıq- axırıncı dəfə isə ancaq hal-əhvalın soruşmuşdum. Belə mövzuda isə istənilən adamla danışmaq olar. Ancaq içimdə bir hiss var ki, zəng etsəm acığı tutmayacaq. Yəqin, onu bezdirdiyimi fikirləşməz. “Yox, əlbəttə ki, narahat etmirsən,” o, demişdi. Hə, birdə heçnə soruşmadığım halda, mənə zəng vurduğunu demişdi. Vallah, onun mənə zəng edib etmədiyini soruşmaq heç ağlıma da gəlməmişdi. Ancaq, məncə, o, indi bu sözü deməz. Xahiş edirəm, Tanrım, icazə vermə ki, o, bunu etsin, xahiş edirəm.
“Sənə saat beşdə zəng vuracam, əzizim”. “Hələlik, əzizim”. O, məşğul idi, tələsirdi, ətrafında çoxlu adamlar var idi, amma, bütün bunlara baxmayaraq, mənə iki dəfə “əzizim” dedi. Bu sözü dilinə gətiribsə , demək, hardasa onun da mənə qarşı hissləri var. Onu daha bir ömür görməsəm belə, bu söz ölənəcən mənə bəs edər. Ah, özüm özümü necə də aldarıram! Yox, bilirəm ki, bu mənə kifayət etməyəcək. Onu birdə görməyəcəmsə, heç nə mənə bəs deyil. Xahiş edirəm, onunla görüşməyi mənə qismət et, İlahi. Onu elə çox istəyirəm ki... Mən sözəbaxan və itaətkar olacam, Tanrım. Əgər bu arzumu yerinə yetirsən, söz verirəm, yaxşı insan olmağa çalışacam. Ah, bircə səsini yenidən eşitsəydim... Xahiş edirəm, Allahım, Sənin adınla diləyirəm.
Allahım, mənim istəyim sənə heç də kiçik görünməsin. Əlbəttə, Sən bəmbəyaz şəkildə yuxarıda, öz taxt-tacında əyləşmisən , dörd yanında mələklər, ulduzlar başına pərvanətək fırlanır. Mən isə, burada sənə bir telefon zəngi üçün yalvarıram. Nə olar gülmə, Tanrım. Sən axı haradan biləsən, mən indi nələr çəkirəm. Ey tac sahibi, bütün dünya ayaqlarının altına sərilib, Sənə tabedir. Nə kimsə yel olub yanından keçə bilər, nə də bir kişi ürəyini əlində oyuncağa çevirib, qəlbini qıra bilər. Ah, bir bilsən bu necə ağırdır, İlahi, çox, çox əzabvericidir. Mənə kömək etməyəcəksən? Yalvarıram, oğlunun xətrinə, mənə kömək et. Axı Sən özün demişdin ki, onun adı ilə məndən nə diləsəniz sizə veriləcəkdir. Tam həqiqət olan bu sözlərindən cəsarət alaraq indi Səndən rica edirəm. Ata, Oğul və Müqəddəs Ruh xətrinə, o, mənə zəng vursun.
Yox, artıq buna son verməliyəm. Belə davam edə bilmərəm. Təsəvvür et ki, bir oğlan bir qıza ona zəng vuracağını deyir, amma, nəsə olur və ondan heç bir xəbər gəlmir. Axı nə olsun, bu ki elə də faciəvi hal deyil, elə deyil mi? Belə şeylər hər bir insanın başına gələ bilər. Mənə nə axı, bütün bunlardan? Niyə axı bu telefon zəng çalmır? Ey, yoxsa, xarab olmusan, işləmirsən? Lənətə gələsən səni, qaradinməz, eybəcər məxluq. Nə olacaq axı, zəng çalsan, yoxsa, incidəcək səni? De görüm, bəlkə, işini görməyə ərincəklik edirsən ? Lənətə gəlmiş, bu saat sənin paslı kökünü yerindən dartıb çıxaracam, özündən razı qara, uzun sifətini isə yerə çırpıb cilik-cilik edəcəm. Cəhənnəm ol!
Yox, yox, yox, artıq dayanmalıyam. Mütləq başqa bir şey haqqında fikirləşməliyəm. Mən belə də edəcəm. Öncə, saatı götürüb, o biri otağa aparacam. O zaman daha ona baxa bilməyəcəm. Saata baxmaq istəsəm, yataq otağına getməli olacam ki, bununla da başqa bir iş görmüş olaram. Kim bilir, bəlkə də, mən saata baxanda, o da mənə zəng edəcək. Zəng vursa, demək, onun da mənə qarşı istəyi var. Əgər, desə ki, bu axşam görüşə bilmərəm, “eybi yox, əzizim, heç nə olmaz”, deyəcəm. Özümü lap birinci görüşdəki kimi aparacam. Bəlkə, onda yenidən onun xoşuna gələrəm. Düzü, ilk baxışda insanlara həmişə xoş təsir bağışlamışam. Ah, insanları sevmədən öncə onların xoşuna gəlmək necə də asandır.
Məncə, o, hələ də bir az da olsa məni bəyənir. Belə olmasaydı, bu gün mənə iki dəfə “əzizim ” deməzdi. Çox yox, bir damcı da olsa istəyi varsa, demək, hələ hər şey bitməyib. Hər şey Sənin əlindədir, əgər arzumu yerinə yetirsən, artıq Sənə heç bir sual verməyəcəm. Söz verirəm, əvvəllər olduğum kimi şən, gülərüz bir qız olacam və o, yenə məni əvvəlkitək sevəcək. Və bundan sonra daha Sənə heç nə üçün əl açmayacam. Görürsən, Tanrım ? İndi xahiş edirəm elə et ki, o mənə zəng vursun. Bütün ürəyimlə Sənə güvənirəm, inanıram ki, səsimi eşidəcəksən, İlahi!
Olmaya, pis biri olduğuma görə məni cəzalandırırsan? Bəlkə, bu cür şey istədiyimə görə mənə acığın tutub? Amma, dünyada o qədər pis adam var ki,- ancaq məni cəzalandırmaq haqsızlıq olardı. Mən ki heç kimə ziyan vurmamışam. İnsanın hərəkətləri yalnız başqalarına zərər vurduqda pis əmələ çevrilir. Sən ki bilirsən, indiyədək bir qarışqanı da incitməmişəm. Özün bilirsən ki, heç kəsə naxələf çıxmamışam. Hə, indi o, zəng vuracaq?
Zəng etməsə, demək, mənə qəzəblənmisən. Bax, indi beş yüzə qədər beş-beş sayacam, bundan sonra da telefondan səs gəlməsə, demək, Səndən kömək gözləməyə dəyməz. Bax, bu Sənin qəzəbinin əlaməti olacaq, ha! Beş, on, on beş, iyirmi, iyirmi beş, otuz, otuz beş, qırx, qırx beş, əlli, əlli beş...Yox, yox, bu düz deyil, düz fikirləşmirəm. Razıyam İlahi, göndər məni cəhənnəmə! Olmaya, məni öz cəhənnəminlə qorxudursan? Boynuna al! Bəlkə , elə fikirləşirsən ki, Sənin cəhənnəmin mənim içimdəki yanğından daha dəhşətlidir?!
Yox, belə etməməliyəm. Bəlkə də, o, bir az gec zəng vuracaq. Bu qədər əsəbiləşəcək nə var axı?! Bəlkə də heç zəng vurmayacaq, birbaşa bura gələcək? Məni ağlayan vəziyyətdə görsə, yəqin kefi pozular. Axı onlar bizi ağlayarkən bəyənmirlər. Çünki, özləri heç vaxt ağlamır. Ay Allah, elə istəyərdim ki, onu ağladım, onu əzab çəkən halda görüm. İstəyərdim ki, ona cəhənnəm əzabı yaşadım.
Ancaq, məncə, o mənim qədər qəddar deyil. Onun axı heç xəbəri də yoxdur, mən nələr çəkirəm. Kaş, ona heç nə deməmiş, özü hər şeyi başa düşərdi. Kişilərə bizə ağlatdıqlarını deyəndə xoşlanmırlar. Onda sənin eqoist və tələbkar olduğunu fikirləşirlər . Sonra da sənə nifrət edirlər. Nə vaxt ki içindən gələnləri olduğu kimi açıb dedin, onda sənə nifrət edəcəklər. Sanki həmişə onlarnan oyun oynamalısan. Ah, biz buna məcbur deyilik axı- məncə, bu fikirləşdiyimdən də çətindir. Kim bilir, bəlkə də, mən şişirdirəm; burada çətin heçnə yoxdur. Ah, əgər, o, indi zəng vursa, kədərli olduğumdan xəbəri də olmazdı. Onlar kədərli insanlara da nifrət edirlər. Mən elə sevimli və mehriban olacam ki, o, yenidən mənə heyran qalacaq. Bircə o, zəng vursaydı...bircə zəng vursaydı.
Bəlkə, elə indi o, mənə zəng edir? Bəlkə də zəng vurmamış bura gəlir? Kim bilir, bəlkə yoldadır? Bəlkə də başına nəsə gəlib. Yox, ona heç nə ola bilməz. Bunu təsəvvür edə bilmirəm. Onun sakit, hərəkətsiz, ölü vəziyyətdə uzanmağını ağlıma da gətirmirəm. Ah, elə istəyərdim ki, o, ölsün. Hə, bilirəm ki, bu, çox, çox dəhşətli arzudur. Amma həm də, yaxşı arzudur. Bax, əgər, o, ölsə, bütünlüklə mənim olacaq. Belə olsa, son bir neçə həftədə çəkdiyim bütün əzabları unudacam. Yalnız və yalnız yaşadığımız xoş anlar yada düşəcək. Və hər şey gözəl olacaq. Ah, kaş ki, o, ölərdi. Kaş, o, ölsün, ölsün, ölsün!
Bu lap axmaqlıqdır. Sənə dediyi vaxtda zəng vurmadığına görə bir insanın ölümünü arzulamaq ağlasığan deyil. Bəlkə, saat irəlidir, mən ki, vaxtı lap dəqiq bilə bilmərəm. Bəlkə, o, hardasa gecikir. İstənilən şey onu yubada bilərdi. Bəlkə, nəsə olub, ofisdən çıxa bilməyib. Bəlkə elə mənə zəng vurmaq üçün evə yollanıb və kimsə qonaq gəlib. O ki başqalarının yanında mənə zəng vurmağı xoşlamır. Bəlkə, o, məni gözlətdiyinə görə narahatdır. Bəlkə, elə o da mənim ona zəng vurmağımı gözləyir. Mənə ki heçnə olmayıb, demək bunu edə bilərəm. Hə, mən özüm də ona zəng vura bilərəm.
Yox, yox, aman Allah mən nə danışıram axı, bircə buna imkan vermə. Ey Müqəddəs Ölməz, imkan vermə ki, axmaqlıq eləyim. Sənin kimi mən də bilirəm ki, əgər, o, narahat olsaydı, harada, kiminlə olmağından asılı olmayaraq, mütləq bir yol tapıb mənə zəng vurardı. İlahi, mənə gözlərimi açacaq, bütün bunları başa düşəcəyim bir fəzilət bəxş eylə! Səndən nəyisə asanlaşdırmağını istəmirəm, istədiyim tək şey bunları başa düşməyimə kömək etməyindir. Yalız bu, uca Tanrım. Sənə yalvarıram, artıq kəs mənim ümidimi! İmkan vermə ki, boş-boş sözlərlə özümü ovundurum. Boş arzulardan Sən özün qoru məni! Buna imkan vermə, Sənə yalvarıram.
Yox, mən ona zəng vurmayacam. Yaşadığım müddətdə bu heç vaxt olmayacaq. Cəhənnəm odunda yandığını bilsəm də, onu axtarmayacam. Sənin gücünə ehtiyacım yoxdur, İlahi, öz gücüm mənə yetər. Sevən adam indiyə qədər nəsə edərdi. Yerimi bilir. Bilir ki, onu gözləyirəm. Həm də bundan çox əmindir. Onlar səndən əmin olduqları andan etibarən sənə nifrət edirlər. Məncə, əmin olmaq çox gözəl bir hissdir.
Amma, bu heç də çətin bir iş deyil. Heç axmaq fikir kimi də səslənmir. Kim bilir, bəlkə, onu axtarmağım xoşuna da gələcək. Bəlkə, elə o da bu dəqiqə mənə zəng vurur. Hərdən elə olur ki, bir adam dəfələrlə səni yığar, amma, sənə zəng çatmaz. Mən bunu təsəlli olsun deyə demirəm, belə hallar doğurdan da baş verir. Özün də bilirsən ki, belə olur. Ay Allah, Sən məni bu telefondan uzaq et. Elə et ki, qış yuxusuna getmiş qürurum bir damcı da olsun oyansın. Tanrım, mənim buna çox ehtiyacım olacaq. İçimdə bir hiss var ki, axırda mənə sirdaş yenə qürurum olacaq. Yalnız mən və o...
Əgər onunla danışmayanda bu hala düşürəmsə, bu qürur mənim nəyimə gərəkdir axı?! Qürur sadəcə heç kimə bir xeyri dəyməyən yalnış bir hissdir. Heç bir fərqi yoxdur istər kiçik qürur olun, istərsə də böyük qürur. Yox, bunları ona zəng vurmaq istədiyimə görə uydurmuram. Hamısı həqiqətdir, bilirəm ki, düz deyirəm. Mən özümə qalib gələcəm.
Tanrım, əl açıb Sənə yalvarıram, qoyma ki, ona zəng vurum.
Yox, burada qürurluq bir məsələ görmürəm. Bu qədər böyüdüləcək heç nə yoxdur. Ola bilsin, onu səhv başa düşmüşəm. Kim bilir, bəlkə,o, həmin vaxt mənim ona saat beşdə zəng vurmağımı deyibmiş. “Əzizim, mənə saat beşdə zəng vur”. Axı o, belə də, deyə bilərdi. Mən onu düzgün eşitməyə də bilərdim. Qoy birdə yadıma salım, “mənə saat beşdə zəng vur, əzizim”. Onun nə dediyi çox yaxşı yadımdadır. İlahi, özümlə dəli kimi danışmaqdan yoruldum artıq. Aç, mənim gözümü Qüdrətli Tanrım!
Yox, başqa nəsə haqqında fikirləşməliyəm. Daha bəsdir, sakitcə burada oturacam. Aha, bəlkə, nəsə oxuyum? Nə oxuyasan axı, bütün kitablar bir-birini sevən aşiqlər haqqındadır. Niyə axı, həmişə bu barədə yazırlar? Guya, bunun uydurma, cəfəngiyyatdan başqa bir şey olduğun bilmirlər? Guya bilmirlər ki, bütün bunlar yalnız boş yalandır? Bunun insanı necə incitdikləri bildikləri halda, niyə hələ də bu kitablar günü-gündən çoxalır? Lənətə gəlsin hamısını!
Amma mən belə etməyəcəm, sakitcə duracam. Bu qədər əl-ayağa düşməyə heç bir səbəb yoxdur. Fərz et ki, o, mənim yalnız tanışımdır. Fərz et, tanıdığım qızlardan biridir. Onda heç bir tərəddüd etmədən ona zəng vurub, necə olduğunu soruşardım. Şübhəsiz, belə edərdim. Bəs onda niyə indi də belə təbii, rahat ola bilmirəm ? Görəsən onu sevdiyimə görə beləyəm? İnaniram ki, bunu bacararam. Onu yığacam, həm də çox sadə və rahat şəkildə. Özün də şahid olacaqsan. Ah, bircə buna icazə vermə.
İlahi, doğurdan Sən onun mənə zəng vurmağına izin verəcəksən? Buna əminsən, Tanrım ? Yəni bütün bunlardan sonra ürəyin bir damcı da olsun yumşalmadı? Yox, mən demirəm ki, bu dəqiqə zəng vursun, sadəcə bu, bir az tez olsun. Mən beş yüzə qədər beş-beş, astadan sayacam. Əgər, zəng vurmasa, o zaman özüm ona zəng vuracam. Bax, belə də edəcəm. Ey Allahım, ey uca yaradan, elə et ki, o, məndən qabaq bunu etsin. Nə olar, xahiş edirəm, yalvarıram Sənə!
Beş, on, on beş, iyirmi, iyirmi beş, otuz, otuz beş, qırx, qırx beş, əlli .....
Son



... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+31=
Hesaba giriş
Müəllif

Tamella Abdıyeva
Haqqında
Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) Bədii Tərcümə Klubunun (BTK) üzvü 
Əlaqə
E-mail:
tamella.abdijeva@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0258 saniye