Tənhalar da darıxır
Narniya tərəfindən "Hekayə" bolməsinə 22:33 11 yanvar 2016 tarixində əlavə olunmuşdur

İçərisində dəftərxanadan aldığım yağlı boyalar, cürbəcür bərklikdə sadə qara karandaşlar, daş tuş olan sarımtıl bağlamanın yerini sol qoltuğumun altında rahatlayıb düşməyəcəyinə əmin olandan sonra həvəssiz, ahəstə - ahəstə yolun sağ kənarı ilə addımlamağa başladım. Sola burulan yolda istiqaməti dəyişərək sağa dönürəm. Qarşıda 200 metrlik məsafədə yaşadığım 9 mərtəbəli yataqxana binası görünür. 10 aydan bəri bir neçə əcnəbi də daxil olmaqla mən də o binada yaşayıram.  300 gündür ki,Lichtenfelsdəyəm. Bura necə gəldiyimin  təfərrüatlarını danışmaq niyyətində deyiləm. Uzun hekayələr üçün romanlar mövcuddur. ” İnşaat şirkətinin filiallarından birinin əməkdaşıyam.” deməklə kifayətlənirəm. Bayaqdan boyunca addımladığım yol pilləkənlərlə digər aşağıdakı paralel yola calanır. Bir neçə pilləni geridə qoyuram,əynimdəki idman üslublu üst geyimini çıxarıb sürahinin üstünə atdım. Səhərki  yağışın islatdığı solğun payız günəşinin quruda bilmədiyi nəm daş pilləkənin üzərində otururam. Şəhərin təmizlik sirrini aşkar etmişəm. Burada tozu havaya sovuraraq bütün səthlərə busə tək qonduran nə dəli Xəzri var, nə də gilavar.

Bağlamanı yanıma qoydum, dirsəklərimi dizlərimə dirəyib, başımı azca önə əyərək bir – birindən aralı barmaqlarımı gicgahlarımda təsbitlədim. Daha bir iş günü. Beynimin bütün damarlarının sıxıldığını hiss edirəm, ənsəmdə qəribə ağrı, gözlərimin önündə qəribə qığılcımlar var. Aşağı yolun kənarındakı evlərdən məni  yüzə yaxın pilləkən ayırır. Buranın payızını sevirəm. Yarpaqlar sanki , hicrana dözə bilməyəcəklərinə bələd təki ağacı tərk etməyi bacarmır, ayrılığın yaxınlığını duyub rəng alıb - rəng vermiş, saralıb, narıncılaşmış, hələ bəziləri qızarmışdılar da. Hava rütubətli, lakin daha mülayim və sakitdir.Yeridikcə xışıldayan xəzəl yuxulamış yaddaşı oyadır. Bakıda payızı qəfil hiss edərdim. Bir də görərdim ağaclar əti yeyilmiş balıq skeleti kimidirlər. Üzərində yarpaq yoxdur. Lakin yaz- yay bizdə olduğutək deyildir. Bizdə günəş şüaları bütün vücudunu isidir, yay günü payıztək yağış səpələnmir, isti rütubətli havanı ağırlaşdırıb nəfəs almana mane olmur. Fəsilləri rəssam gözü ilə görürəm mən. Bax indi başqa bir boya ustasının oturduğum yerdə mənim tablomu çəkməsini istərdim.

 Memaram. Repetitorlarla hazırlaşa bilmədiyimdən AMİU- ya orta nəticə ilə ödənişli əsaslarla qəbul olunmuşdum, amma ödəmirdim. Uşaq evində böyümüşəm  mən, valideynlərimi görməmişəm. Bilmirəm gözlərim hansının gözləridir, üz ovalım hansına oxşayır, ya xasiyyətim hansınınkı kimi ötkəmdir.? Maraqlıdımı bu mənə ?! Həm hə, həm də yox. Onlar haqqında sadəcə bunu deyə bilərdim : “ Çulumu sudan çıxarmama imkan verən ağlımı kodlaşdıran genlərimə görə minnətdaram. Çox vecsiz, quru səslənir, amma başqa cür bacarmıram. Əfsus ! “ Zamanla onlar haqqında düşüməməməyə vərdiş etdim, amma unutmadım. Orta məktəb vaxtından yaxşı oxumuşdum. Universitetə qəbul olunmaq  tək məqsədimdi. 18 yaşında heç bir sığınacağı olmadan, iş yeri ilə təmin edilmədən uşaq evindən bayıra atılmaq, küçədə gecələmək. Əks halda bu idi məni gözləyən. Qəbul olunsaydım həm təqaüd alacaq, təhsil müəssisənin yataqxanasında normal şəraiti olan otaqla təmin olunacaq, “ən əsası “ həm də ali təhsilimin göstəricisi,  ölkəmdə mənə ” bütün iş yerlərinə qəbul üçün  yaşıl işıq yandıracaq” diplomum olacaqdı.

 Yetimxanada böyümək. ( Eh, uşaq evi daha yaxşı səslənir axı. Bu yer bildirən –xana şəkilçisi ilə yetim sözü elə bil yaranı üzünə- üzünə çırpır, başına qaxanc edir. ) Bu, hər mehriban münasibətə şübhə ilə yanaşmaq, əvvəldən qəlbin qırıldığı üçün sənə baş çəkməyə gələn insanlardan sonsuz şəfqət umub, kiçik adi davranışı biganəlik sanmaq, sevimli tərbiyəçinin nəvazişini evdə onu gözləyən doğma övladlarına qısqanmaq , yıxılıb dizləri qanayanda üzünü xəyalında belə canlandıra bilmədiyin ananı “ Ay, ana! “ deyərək səsləyə bilməmək,  kimdənsə kömək ummamaq, “ etibar “ın nə olduğunu yadırğamaq yox, ümumiyyətlə, ondan xəbərsiz olmaq, bəzən isə dostunla yelləncəyə görə dalaşıb yeri ələ keçirdikdən sonra kənara çəkilib “ Sən də gəl, bir yellənək. “ deməkdir.Çünki, bilirsən tək sirdaşın onlardır. Acı mühitdə dostluğu öyrənirsən. Bəzi uşaqlar üçün isə uşaq evi əxlaqsızlıq yuvalarından, küçələrdə yapışqanlı polietilen qoxulamaqdan, tin- bucağa atılmış şprislərdən xilasdır.  Cismin uçuruma yuvarlanmış rudan xəbərsiz xilası.

Qısası 4 il ərzində MacDonald`s-da, ərzaq dükanlarında satıcı işlədim,tələbə yoldaşlarımdan repetitorlarının hazırlıq materiallarını alıb daha çox konspektlərin gündəlik səhifələnməsi vərdişi hesabına alman dilini öyrənə, təqaüd proqramınlarından birini qazana bildim. Hərdən fikirləşirəm : “ Eh, Məhyəddin, görən nə vaxtsa Əcəmi kimi sənin də Möminəxatun, Cümə məscidin yadigar qalacaq, adına stansiya, küçə adlanacaq, memar sözü adına bölünməz hissətək calanacaqmı ?  Uşaq vaxtı elə bilərdim “ memar” Əcəminin adıdır.

Bu da qısa xülasə. Əlqərəz, bütün bunları indi oturub yada salmağın nə mənası.

Uzaqdan otağımın pəncərəsinə baxıram. Qaranlıq. İşıq yanmır. Pəncərədən boylanıb yolumu gözləyən, ya da evə gecikmişəm deyə zəngi zəngə calayan heç kəs. Bəlkə də saat yarımdan çoxdur ki, yerimi burada rahatlamışam. İndicə 11-12 yaşlarında bir oğlan yanımda ayaq saxlayıb “ Köməyə ehtiyacınız varmı? “ deyə soruşdu. Yəqin yanımda bağlamanı, məni isə pilləkəndə əyləşmiş gördüyündən . 28 yaşında özümü velosiped sürən 75 yaşlı babanın hiss etməyəcəyi qədər yaşlı hiss elədim. “ Yox ” - dedim, və ayağa qalxdım. Yenə kömək təklif edəcək birinə rastlamamaq üçün.

4-cü mərtəbə.Sükut. Dəhlizdə ayaq səslərim divara dəyib, əks – səda verir, açarın cingiltisi  ətrafa yayılır. Sıradan çıxmaqda olan lampa iki dəfə göz vuraraq məni qarşılayır. İşıq seli ətrafa səpələnir. “ Xoş gəldim. “ deyirəm.

Aldıqlarımı masanın üstünə sərələdim. Bu, dünəndən ta bu gün növbəti yemək bişirilənədək yuyulmayan yağlı tava, boşqab, stul, çarpayıya atılmış, əyindən çıxarılmış tərs üzündə paltarlarım, masanın üstündəki qədlənmiş karandaşımın qırıntıları ilə birlikdə yaradılmış səliqəsizliyini bir az da artırdı. Mənim pinti iqamətgahım. Başımı sağa- sola yelləyərək aldıqlarımı nəzərdən keçirirəm. Yağlı boyalar.  Gərək yalnız çertyoj çəkmək üçün ləvazimatları alaydım. Digər tərəfdən indi hansı memar bütün çertyojları əli ilə çəkir ki ? Yəqin ancaq tələbələr. O qədər müasir proqramlar var ki... Hərdən mənə elə gəlir ki, tək –tük tablolarıma sərf etdiyim vaxt əbəsdir. Onları sərgiləmirəm, heç kəsə göstərmirəm, hədiyyə etmirəm. Nəyə gərəkdir axi ?!

 Onun portretini çəkmək. Bütün günü ağlımdan çıxmayıb.  Naturadan deyil, düşüncədən əksi canlandırmaq üçün üzün hər cizgisini xatırlamalısan, xətlərlə, kvadrat, ovallarla ayırıb incələməlisən, canlı surət yaratmalısan. Xatırlamaq- həmişə könülaçan olmur.

Əl- üzümü yuyub stulda oturdum, sol ayağımın topuğunu sağ dizimə dayadım, dəsmalla alayarımçıq qurulanmış, nəm əllərimi başımın arxasında daraqlayıb, ənsəmdən təpəmə doğru hərəkət etdirdim, qısa cod saçlarım ova hazırlaşan oxatan kirpinin oxlarıtək biz – biz durur. Yağış pəncərəmi döyəcliyir. Bu günki tək qonağım. Damlalar pəncərə şüşəsinə çırpılır, intihar edirmişcəsinə aşağı süzülürdülər. Yazı masamın solunda, kitab rəfindəki  Aytmatovun “ Gün var əsrə bərabər “ i, Hötenin  “Faust” u diqqətimi çəkir. Əvvəl birini, sonra digərini əlimə götürürəm. “  Faust “ kitablarla eyni cərgədə deyildi, öndə qoyulmuşdu. Üstündəki tora, sanki buxarlanmış pəncərə şüşəsinə yazdığım kimi “ X “ yazıram. Bu günü də yola saldım. Kitablar Osmanlı Sultanına bəxşiş verilmiş, Dolmabahçe sarayındakı, üzərinə “ Hər saatın bir gün , hər günün bir əsr olsun.” yazılmış saatı yadıma salır. Cümlə  hansı arzunu ifadə edə bilər ki ? “ Gün var əsrə bərabər “ dəki kimi iztirabla dolu günün bir əsr qədər uzun olması, yaxud Fausta “ Zaman, dur, keçmə, sən gözəlsən. “ demək cəsarətini vermiş bəşəri xoşbəxtliyin nəsibi olması diləyi iləmi təqdim olunmuşdu ?

Bayaqdan damağımda olan siqaretdən bir qulab da alıram. Baş və göstərici barmaqlarımın arasında közərən kötük sonuncu dəfə havada yarımdairə cızandan sonra onu külqabının dibinə döyəcləyirəm, fasilə vermədən ikincini götürüb küncdə üzəri ağ parça ilə örtülmüş molbertə yaxınlaşıram. Sazaq, kəsif havada əla infrastrukturlu, kənd təmizlikli havası olan, sakit, kiçik şəhərdə əylənə biləcəyin yer şənbə, bazar günlərində səsi 2-3 küçə uzağa yayılan canlı musiqi ilə qonaqları feyziyab edən  yeməkxanalardır. Heç yerə getmək istəmirəm. Vaxtı öldürməyin başqa yolları da olmalıdır. Rəfdə oxumadığım kitab yoxdur. Heç  oxumaq istəmirəm də. Qəhrəmanların düşüncə, əzabları daxilimə ağırlıq çökdürür.

Sadə qələmlə əvvəlcə kətan üzərinə oval çəkirəm. Vertikal, horizontal xətlər ovalın mərkəzində perpendikulyar yaradır. Daha bir neçə xətt, paralel, perpendikulyar. Yox, çəkmirəm ! Yaxşısı, sabah ofisdə başlamalı olduğum yeni çertyoju cızma – qara edim. Neçə gündür kompyuterimin soyuducu  sistemi sıradan çıxdığından həmişəki kimi müvafiq proqramdan istifadə edə bilmirəm. Olsun. Lap yaxşı. Bir azca vaxt keçər.

İşin dəqiqliyini təmin etmək üçün konusvarı qələm ucunu xırdadənəli sumbata ilə rəndələyirəm. Karandaşı kağıza sərbəst şəkildə, perpendikuyar tutub, çeçələ barmağımı və əlimi kağıza söykəyirəm. Çertyoj üçbucağının katetlərindən birini çəkilmiş xəttə paralel yerləşdirib, hipetenuz boyunca bayaqkı xətti müəyyən nöqtədə kəsən xətt çəkirəm. Qələmi qulağımın dibimə yerləşdirib,  ( Bu jesti uşaq vaxtı ustalarda görmüşdüm.Onlar başlarına qəzetdən düzəldilmiş papaqlar qoyardılar. Mən də hər dəfəsində “ İki dəfə də bu cür qatlasan suda üzmək üçün kağız gəmiyə dönər. “  deyə fikirləşərdim. ) kiçik nəlbəkiyə əyəndə kənarlarına çatacaq miqdarda su əlavə edirəm. Daş tuşu nəlbəkinin dibində dairəvi hərəkət etdirirəm. Tədricən suyun rəngi bozdan, açıq- qara, qaraya qədər dəyişir. Kifayətdir. Məhlulu perodan rahat süzülsün, tez qurumasın deyə qatı etməməyə çalışıram. Daş tuşun çatlamasının qarşısını almaqdan ötrü qurulayıb torbasına qoyuram. Peroyla karandaşla çəkilmiş xətlərin üzəri ilə gedirəm. Üzbəüz Herr Schneider otağından Mosartın parçası səslənir. Ruhun dincəlir, beynindən bütün ağır düşüncələr silinir, yerindən çıxacaqmış kimi döyünmək gücü olan ürəyin lal sakitliyə təslim olur.

-          Gözəldir, hə ?

-          -Hə, - daxilimdəki mən dilləndi.

. Ən yaxın dostumdur o. Məni ən yaxşı başa düşən də odur, amma hərdən mənə elə gəlir ki, ikimiz tamam fərqliyk. Bəzən əgər qəzəbliyəmsə o, turşunu neytrallaşdıran qələvi kimi məni susdurur, ya da əksinə susuramsa “ Haqqını tələb et. “ deyə səslənir. O da qəzəblənir, gülür, sevinir, dəstəkləyir, bəzən də susur. Mən şizofreniya xəstəsi deyiləm, şüurlu olaraq bu mən-in mövcudsuzluğunu bilirəm.. Bu, daxili səsimdir

-          Portreti niyə çəkmədin ? – daxili Mən dedi.

-          İstəmədim ! Sənə nə ?

-          Niyə ? Xatırlamaqdan qorxdun !

-          Yox. Dedim axı.

-          Bu, sual deyildi. – Daxili Mən dedi.

-           İstəmədim. Boş rəssamlıqla məşğul olmaqdansa işlə məşğul olmaq lazımdır.

-          Rəssamlığı heç vaxt mənasız məşğuliyyət hesab eləməmisən. Onu peşə adlandırmayacaq qədər çox sevirsən.- daxili Mən dedi. Qəlbin arzusu, qəlbin sevgisi heç vaxt əhəmiyyətsiz ola bilməz ! - Çox çəkirsən ! Tütünə bu qədər aludə olma ! Belə getsə ağciyərin qurum bağlayacaq, iki qaraciyərin olacaq. – Güldü.- Özünü zəhərləyirsən !

-          Bilirsən ki , düzdür, sağlamam, öz gücümə ayaqlarım üstə dayanmama imkan verən intelektim var, amma xoşbəxt bəndə kimi doğulmamışam mən, dünyaya gəlməm ailəmi sevincə qərq eləməyib. ( Bəlkə heç ailəm də yoxdu . ) Kimisə sevməyi ağlımın ucundan belə keçirə bilməmişəm, ancaq sevgi ummuşam. Məni həqiqətən sevə biləcək xanımları isə  “ Ömür bir qadını sevmək üçün həddən artıq uzundur. “ deməklə uzaqlaşdırmışm, tənhalıqla özümü zəhərləmişəm. İndi başa düşmüşəm o, narkotik idi.

-          Nə ? Kim ? Nə sarsaqlayırsan !  Cəfəngiyatdır ! Sən aludəçi deyilsən .

-           Mən sevmişəm. Bu isə eynidir.

-          Anlamıram.

-          Dayan, eşitdiyim 2-3 cümləni düz-qoş edim, bir az da öz izahatımı qatım. Eşitmisən bu fikri ?

“ Əgər eşq narkotik aludəçilikdisə, sevdiyin qadın narkotiklərin şahıdır. Heroin. “ Bilirsən niyə heroin ? Çünki, ən tez və ən dəhşətli asılılığı o yaradır. Sözün hərfi mənasını nədir bəs ?

-          Desən, bilərəm. Bunları düşüncənin hansı bucağında məndən xəbərsiz saxlamısan ? – daxili Mən dedi.

-          “ İ feel like a hero “ – “ Özümü qəhrəman kimi hiss edirəm.”  Lap qayaları çapmağa hünərli Fərhad kimi.

-          . Kənardan çox skeptik səslənən nümunədir. Səni tanımasam şübhə ilə yanaşardım. Sanki xəbərdarmışsan. Bilirmişsən. Həm də  axı sevgi ali hissdir. Sənsə onu “ ağ ölümlə “ müqayisə edirsən Bu iki duyğunu müqayisə  etmək ən azı prinsipcə qeyri- etikdir.

-          Sevgi çox şanslı insanlara səadət gətirir. Əgər hər ikisinə tərif versəm mənimlə razılaşacaqsan. Sevgi vərdiş deyil, lakin sevdiyinə çox tez vərdiş edirsən. Üzünə, səsinə, sözlərinə, gülüşünə, əllərinə, nəfəsinə... Çox darıxırsan, hər görüş növbəti doza kimi eyforiya yaradır, əhvalın sözlərindən, davranışından, münasibətindən asılıdır. Növbəti dozanı əldə edə bilməmək qorxusu olduğu kimi, içində də xətrinə dəyə bilmək, bir gün onu itirmək  xofu olur. Elə hesab eliyirsən ki, istədiyin vaxt onsuz keçinə bilərsən, atarsan , əslində isə düşündüyündən də çox bağlısan.

-          Xəstəsən sən !

-          Hmm, ola bilər. İnkar etmirəm ! Bir düsturu bilməklə çıxarışlarla digərlərini də tapmaq olar. Sevmişəm. Aludəçiliklə əlaqəsi olduğunu da dedim. Demək müqayisə edə, nəticə çıxara da bilərəm !

-          Bu söhbəti də düstura aparıb çıxardınsa, sənə sözüm yoxdur. Çox darıxdırıcısan . Səni kim sevər ?! – daxili Mən narazı şəkildə dedi.

-          Bitirməmişəm hələ. Vərdişdən 21 gün uzaq ol, unut. Bilmirəm bəlkə vərdiş və bağlılıq bu sinonimdirmi ? Çox ürəyiyumşaq biriyəm, sevgili olduğum heç bir xanımla 7 aydan çox münasibət qurmamışam. Niyə məhz 7 ? Çünki, bu rəqəm xoşuma gəlir. Dünyanın Misir ehramları, Artemidanın asma bağları, İskəndəriyyə mayakı və s. kimi 7 möcüzəsi, əfsanələrdə göyün 7 qatı, ağ işığın 7 spektri var. Doğum günüm də ayın 7-ə təsadüf edir. Çox eqoistik səslənir ? Niyə ?  Məncə, əksinə. Onlardan tez uzaqlaşırdım ki, mənə bağlanmasınlar, ayrılıq əzabı çəkməsinlər, nə vaxtsa başqasını sevə bilsinlər. Belə.

Bayaqdan çəkdiyim vərəqi əzib yumrulayıb, otağın o biri başındakı zibil qutusuna tolazlayıram.   

Fırçanı götürürəm, palitrada rənglər qarışır. Boyalı fırça kətan üzərində rəqs edir. Bir, iki, üç. Dənizlə səmanı sonsuzluqda birləşdirən, yaxud ayıran xətt. Öləziyən günəş şüası, tədricən meydan oxumağa başlayan alatoranlıq, tünd-göyə boyanan Xəzər və O.

Düşüncəmi xatirələr cənginə alır.

28 may metrosundan Sahilədək piyada əlləri cibində avqustun bürküsündən nəfəsi təntiyə-təntiyə gəlmişdim. Bir azca piyada gəzmək istərkən niyə yaxınlıqdakı parka, lap yaxınlıqdakı Axundov parkına getməmişdim ki ? Niyə məhz bura və bu saatda ?

Onu görəndə mənə elə gəldi ki, çox doğma kimisə görürəm, sanki sinəmin sol tərəfində xoş, mülayim , ilıq nəsə qımıldandı. Mən onu Abşeronu bağrına basmış Xəzərtək qucaqlamaq, köksümə sıxmaq, həyəcanla çırpınan ürəyinin döyüntüsünü duymaq, incə belini sarmaq istədim. Sanki aylardan bəri viran qəsəbədə dağılmış, uçmuş binalar öz əzəli bünövrələrinə pərçimləndilər., hər şey öz yerinə qayıtdı, ruhuma, düşüncələrimə rahatlıq çökdü.

 Üzü, həsrətindən sahilə can atan dalğalı, neft qoxan Xəzərə sarı dayanmışdı. Üzoxşayan axşam brizi qumral saçlarını havaya sovurur, pərişan saçları üzünü görməyə imkan vermirdi.  Saçlarına, isti yay günündən qaralmış, daha da canlanmış çiyninədək çılpaq qollarına, taxıl zəmisitək yırğalanan donun ətəklərinə, ayaqlarındakı dabansız rahat çustlarına Məcnun gözləri ilə baxdım. Həminkilər idi. Onunla Bilgəh sahillərində qumda gəzərkən  barmaqlarına ilişdirdiyi, yırğaya- yırğalaya əlində apardığı baletlər. Topuqlara qədər ayaqlarını qıdıqlayan qum, sahili öpən ləpələr səni xoşhal edir. O, qızmar günəşin üzünü, çiyinlərini yandırdığından şikayətlənir.

Əgər bu dəqiqə getsəydi və məni görməyəcəyindən əmin olsaydım, zərif əllərinin hərarətini  duymaq üçün dayandığı yerə qədər gedər, əllərini qoyub qağayılara tamaşa etdiyi dəmir sürahiyə toxunardım. Qağayılar. Deyərdi ki, risksevər quşlardır. Gülərdim. “ Niyə ? “ soruşanda “ Bax, insanların gəzdiyi yerə qədər uçub gəlirlər, bəziləri lap aşağıya enir, tanımadığı insanların başı üzərində dövrə vururlar. “ Quru onları boğar, dənizin rütubətli havasına alışıblar, amma yenilikçidirlər, insanlardan qorxmurlar.

-          Burada fərqli nəsə görmürəm. Risksevər. Bu sözü də uyğun hesab etmirəm. Bütün quşlar, heyvanlar əhilləşirlər, insanlara uyğunlaşırlar. Gün ərzində minlərlə insan Bakı bulvarında addımlayır. Qağayılar da insan hənirtisinə alışıblar.

-          Eee, söz güləşdirmə, - deyərək gülərdi.

 Nazlı ədası, ağlasığmayanları həqiqət kimi danışması, mərhəməti, qollarını boynuma dolaması üçün darıxmışam.

Mənə elə gəlirdi ki, mən ondan daha gözəlini, daha kübarını tapa bilərəm. Fikirləşirdim ki, uduzan mən deyiləm, odur. Mən itirmirəm, o itirir. Elə bilirdim ki,  onu qüsurları ilə qəbul edən mənəm, lakin mən qüsursuzam.

Bulvarda dənizi seyr edən bir xanıma dırnaqarası baxan bəziləri.  Sahilboyu gələrkən ta o başdan onu gözləri ilə qamarlamağa çalışan birinin yanından keçərkən dodaqaltı nəsə mızıldandığını görə bildim. İçimdəki, adətən qış yuxusuna getmiş bədheybət oyandı, əclafın dilini dibindən qoparmaq, gözlərini oymaq istədim. Kim bilir, buraya gələnədək küçədə, metroda, avtobusda kimlər ona məhrəm baxışlarla baxmış, ipək saçlarını xəyalən oxşamışdı.  Mən onu dünyada hər kəsdən gizlətmək istədim. O, mənimdi, mənim, təkcə mənim !

Qəfil ağlımın ucundan  “ Görən kimi gözləyir ?  Əvəzimə kimi tapıb ? “ sualları keçdi. Ani meh dağınıq xurmayı saçlarını üzündən topladı. İndi çöhrəsini aydın görə bilirdim.  Əvvəlkindən solğun yanaqları, quyuya düşmüş gözləri beynimi  “ Çoxmu sevirsən onu ki, bir neçə intizar dəqiqəsinə dözmək bu qədər cəfalıdır ? ,  Hansı sözlərlə başını tovlayıb ? Avara, əbləh, görən , kimdir, nəçidir ? Necə ailənin oğludur ?” cümlələrilə didələdi.  Bayaqdan ürəyimi şan-şan edən mülayimlik, mehribanlıqdan əsər qalmadı. Eləbil ürəyimin içinə bıçaquclu, iti buz parçaları doldurdular .  Kəskin kənarlar yumruq boyda, al həyat cövhərini bədənimə paylayan ət parçasını daxildən məftillə cızılmış lövhə kimi parçaladı. Damarlarımda buz biganəlik dolandı. Bayaqkı doğmalıqdan əsər-əlamət qalmadı. Demək istəyəcəklərim dilimin ucunda kilidləndi, nifrət elədim ona . Onun sevincinin, kədərinin səbəbi başqası yox, mən olmalıydım. Özümdən gizlətsəm də bəlkə də üzündəki kədərin səbəbkarı olmağı çox arzulamağımın səbəbi ego, heç bir qızın məni belə tez unuda bilməsini həzm etməməyim deyil, onun məni hələ də sevməsi və bəlkə nə vaxtsa, bəlkə nə vaxtsa birlikdəliyimiz inancı idi.

Bir anlıq “ Səbəbkar sənsən. “ fikri ağıl labirintdə dolandı. “ Yəni, doğrudanmı ? “ deyə həyəcanlandım. Daxili Mən  “ Mən olsam gəlməzdim. Heç o da. Başqa birinə görə buradadır. “ dedi. Mən , “ Haqlısan, mən də gəlməzdim. “ – deyə mızıldandım. Yolumun üstündə olmasa belə ayaqlarımın məni bura məhz ona görə gətirdiyini unudaraq...  Həmin an bunu düşünmədim. Ovuclarımı düyünləyib, dilimdə “ Gündə birinə sarılan pozğun “ oradan uzaqlaşdım. 

Onu əxlaqsız adlandırmağım, mənə rahatlıq verməyən vicdan itinin ağzını yumdusa da, məni xoşbəxt etmədi. Eləbil belim büküldü, dizlərimin taqəti kəsildi. Sanki öləziyən günəş şəfəqləri anidən yox oldular, ətraf solğunlaşdı, hər şey nəzərlərimdə çirkinləşdi. Günəş .Hanı Günəş ?!  Nəyə görə üzbəüz gələn qızların baxışları bu qədər həyasızdır, nəyə görə əsaya söykənmiş bu yaşlı qarı evdə oturmur, bu zülmlə yerimək nə məcburdur. ?! Nəyə görə skamyada ağlayan ərköyün uşağın beyin çürüdən səsini anası ağzına şillə vurmaqla kəsmir, susdurmur onu. Niyə ?! Niyə ?! Niyə ?! İyrəndim özümdən, düşüncələrimdən...

Bəlkə də olmayan birini qısqanmışdım. Bilmirəm !

Bəlkə də lazım olan qısqanmaq deyildi, gərək ...

O vaxtdan onu görməmişəm. Heç Azərbaycana qayıtmamışam da.

Bu gün niyə xatırladım ki, onu...

Almaniyaya köçəndən yunan, ukraynalı, macar sevgililərim olmuşdu. Yunan ilahələrinin həmyerlisi  Mariya, səmimi macar Anna, sayəsində yeri gələndə dostlarım arasında “ Dünyanın ən gözəl xanımlarından biri sevgilim olub. “ deyə öyünə biləcəyim Anastasiya. Nədənsə qəlbimdəki boşluq dolmur.

Şərq ruhluyam . Heç vaxt ailə süfrəmdə körpəmi, əliqəlyanlı özümü və incə, zərif barmaqlarında siqaret dolanan qadını təsəvvür edə bilmirəm.

Kollektivdə neçə dəfə sırf  “ Buyurursunuzmu ? “ deyib, qadın iş yoldaşlarıma tütün təklif etməmək üçün tütün həvəsini boğmuşdum, ya da məkandan uzaqlaşmışdım. Şərq qadınının zərifliyini, müdrikliyini, Qərb qadınının cəsarətini bəyənirəm.

Lakin təkəm...

Nə mənimçün darıxan, nə də darıxdığım biri var. Bu cümləni deyərkən  nə dərəcədə səmimiyəm mən ? Eh, bu otaq niyə belə balacadır. Eləbil ürəyim tikanlı sərhəd məftillərinə  dolanıb. Hər dəfə sərhədlərini genişləndirəndə sanki məftillərə toxunur, qan ağlayır. Hüdudlar onu sıxır. Yumruğumla köksümə güclü zərbə vururam . Üç dəfə. Fiziki ağrı içimdəki sıxıntını bir neçə saniyəlik unutdurur. Elə bilirdim dərviş həyatı sərbəstlik, xoşbəxtlik, səyahət, macəra vəd edir. Yanılmışammış. Darıxıram. Kiminsə məni xəyalən belə gözləməsi, ən dözülməz vəziyyətimdə belə məni sevməsi üçün darıxıram.  Bəlkə də mövcud olmayan biri üçün ...

Dünyada təkəm. Niyə bilmirəm, amma darıxıram.

Fırça sonuncu dəfə molbert üzərində dolanır. Tablo tamamlanır . “ Qağayılar və sən. “ adlandırıram .

Saat 05:45.

Pəncərədən  havanın işıqlandığını, dan yerinin söküldüyünü görürəm. Sanki toxunmuş hörgünün bir ilməsi qaçmış, hər süzülən ilmə ilə səma bir az daha işıqlanmışdı.

Üzüqoyulu çarpayıya uzanıram.

Nə yaxşı ki, zaman durmur.

Yaxşı ki, səhər açılır.

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+14=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0373 saniye