Ümid
Aqil Yaşaroğlu tərəfindən "Hekayə" bolməsinə 00:15 17 dekabr 2016 tarixində əlavə olunmuşdur

Ümid


P
ayızın tökdüyü yarpaqlar insanların diqqətini cəlb edəcək qədər kənardan gözəl görünürdü. Həyətdə əsən noyabr küləyi dəqiqələri tələsdirərək, Orxanın sonuncu ümidlərini parçalayırdı. Qəlbinin dərinliyində səslənən həzin bir musiqi onu keçmişə aparırdı. O, beynindəki fikirləri dağıtmaq üçün siqaret yandırdı. Anası on beş gün bundan qabaq küçədə yolu keçəndə, avtomobil qəzasında dünyasını dəyişmişdi. Anasının faciəli ölümü onu qəhərləndirir, göz yaşları isə qurumaq bilmirdi. Atası oğlunun qəmini azaltmaqı üçün əlindən gələni etsə də, onunla bağlı işlər çətinliyə doğru gedirdi.
Orxan anasını vaxtsız itirdiyinə görə taleyindən narazıydı. O, bu hadisəylə barışmaq istəməyib, son ümid kimi anasının yolunu gözləyirdi. Bir tərəfdən də düşünürdü ki, anası heç vaxt qayıtmayacaqdır. Onun yoxluğu evdə hər an, hər dəqiqə hiss olunurdu. O, qəlbi çarpaz yaralılar, gözləri yol çəkən insanlar kimi pıçıltılarla deyirdi:
– Ana, niyə məni atıb getdin? Sənsiz yaşaya bilmirəm. Nə olar, qayıt gəl!
Oğlunun sanki röyadakı pıçıltılarını eşidən atası qəhər içində boğularaq ağlayırdı. O oğluna dedi:
– Orxan, əzizim, Allah belə istəyib. Biz insanlar onun işinə qarışa bilmərik. Anan heç vaxt istəməzdi ki, sənin göz yaşların tökülsün. Heç bir valideyndə bunu istəməz ki, övladı ondan tez bu dünyadan köçsün.
Həmin gün Orxanın ağlamaqdan gözləri qızarmışdı. Yuxularında diksinərək, “ana” deyə ayılırdı. Fikirləşirdi ki, bundan sonra həyatının sonrakı günləri mənasızlaşmağa başlayıb.
Payızın xoş günlərindən birində Orxan təsadüfən avtobusda keçmiş müəllimini gördü. O, özünü görməməzliyə qoyub, üzünü pəncərəyə çevirdi. İçindəki qəhəri gizlətmək istəsə də, müəllim kənardan mənalı baxışlarla adamları süzürdü. Həmin an Orxanın sakitcə öskürəyi müəllimin diqqətini cəlb etdi. Orxan arxa oturacaqda oturmuşdu. O, ayağa qalxaraq müəllimi ilə görüşdü. Onlar avtobusdan düşüb, parkların birində skamyada əyləşdilər. Ötən günlərdən xatirələr danışan müəllim gülümsəyərək dedi:
– Orxan, bala, məni görəndə niyə gizlənməyə çalışdın?
Orxan dərindən nəfəs alıb:
– Üzr istəyirəm, müəllim, sizdən gizlənmədim. Sadəcə arxada oturduğumdan sizi görmədim, – deyə cavab verdi.
Müəllim Orxanın yalan danışdığını hiss eləyib, saatına baxdı və dedi:
– Doqquzuncu sinifdə oxuyarkən, direktorun sənə verdiyi sual yadına gəlirmi?
Orxan bir neçə saniyə fikrə dalıb dedi:
– Bəli, çox gözəl yadımdadır. Sual belə idi: “Həyatda nədən qorxursan”? Mən fikirləşmədən” Əlbəttə ki, atamı, anamı itirməkdən” cavabını vermişdim.
Orxanın üz cizgilərinə diqqətlə baxan müəllim onun gözlərində tənhalıq hissini oxudu.
Müəllim dedi:
– Orxan, bəs indi o sual təkrar olunsa, nə cavab verərsən?
Orxan bir qədər qəmginlik hiss edərək cavab verdi:
– Doğmalarımı itirməkdən, ya da bu sualın cavabını ağlamaqla ifadə edərəm.
Keçmişin səhifələri vərəqləndikcə, hadisələr Orxanın gözündə canlandı. Yetimlik Orxanın qəlbində çarpaz yara qoymuşdu. Hiss edirdi ki, onun cavabı müəllimin ürəyini yaralamışdı.
Müəllim gözünün yaşını silərək dedi:
– Mən atamı üç yaşımda olarkən itirdim. Anamın tökdüyü göz yaşları, çəkdiyi əzabları dərk edə bilməyəcək qədər uşaq idim. İndi isə həmin hadisədən qırx səkkiz il keçib. Zaman ötdükcə, yaralar daha çox, üzə çıxaraq məni incidir. Yadıma gəlir ki, beşinci sinifdə oxuyanda sinif rəhbərim bizdən atan-analarımızın kimliyini və harada işləməsini soruşmuşdu. Onların adlarını deyin. Çünki o, valideynlərimizin adlarını və iş yerlərini jurnala qeyd edirdi. Növbə mənə çatanda, kədərli bir səslə dedim:
– Atamın adı Akifdir, rəhmətə gedib. Anamın adı Şəhladır, işləmir.
Sinifdə hamı donub qaldı və halıma yandı. Çünki bu dəqiqəyə qədər heç kim məni atasız bilmirdi. Müəllim özü də təəssüf hissi keçirdi. O, dinmədi. Sifətinin cizgiləri müharibə illərində qəm çəkən insanların rəngini xatırlatdı. Həmin günü anamı qucaqlayaraq evdə doyunca ağlamışdım. Yaranan səssizlikdən sonra mən müəllimə sual verməklə mövzunu dəyişdim.
Vaxt keçdikcə hiss eləyirdim ki, uşaqlar mənimlə yazıq kimi davranırlar. Amma heç vaxt kiminsə qabağında qürurumu sındırmadım. Həmişə başımı dik tutdum. İllər ötdükcə bütün çətinliklər və məhrumiyyətləri içinə çəkən anam məni oxutdu, həyatda nəyin yaxşı, nəyin pis olduğunu göstərdi. Pulu necə xərcləməyi, cəmiyyətdə özümü necə aparmağımı başa saldı. Həmişə də onun qarşısında baş əyir, borcunu heç vaxt qaytara bilməyəcəyimi söyləyirdim.
Müəllim yenə duruxdu. Bir qədər susandan sonra başını bulayıb danışmadı.
– Dünya vəfasız və yalan dünyadır, – deyərək Orxan dilləndi.
O, müəllimlə xudafizləşib parkı tərk etdi. Müəllimin sözləri Orxanın həyata baxışlarında yeniliyə səbəb oldu. Fikirləşdi ki, ağlamaqla heç nəyə müvəffəq ola bilməz.
Bir neçə il keçdi. Orxanın vaxtsız ağarmış saçları qəlbini kövrəltdi. Sərin yaz axşamlarından biri idi. Məktəbi yada saldıqca Orxanın sifətində təbəssüm işartıları yarandı. Keçmiş xatirələri yada düşdü. Səhər oxuduğu məktəbə yollandı. Yolda özünü çox pis hiss elədi. Fikirləşdi, görəsən, məktəb illəri onun yaralarını təzədən qanadacaqmı?
O, məktəbin həyətinə daxil oldu. Uşaqlıq illəri kino lenti kimi gözlərinin qabağında canlanıb, ani də yox oldu. Müəllimləri ilə bir-bir görüşüb, xeyli söhbət etdi. Sinif rəhbərini görmək məqsədilə onun dərs keçdiyi otağın qapısını astaca döydü. İçəridən razılıq verildi. O, qapını astaca açıb:
– Salam, Gülnarə müəllim, olarmı?
Gülnarə müəllimə sevincindən ayağa qalxıb dedi:
– Xoş gəlmişsən, oğlum, nə yaxşı ki, gəlib bizi yad elədin!
Yaranmış şəraitdən çox məmnun olan Orxanın sevincdən gözləri yaşardı. O, şad halda:
– Sağ ol, müəllimə. Sizi görməyimə çox şad oldum, – dedi.
Orxan uşaqlarla salamlaşaraq, onlarla tanış olur. Müəlliməsiylə bir neçə dəqiqə keçmişə qayıtdıqdan sonra oturduğu partaya yaxınlaşaraq:
– Uşaqlar, görürəm nəsə yazırsınız? Bu, çalışma, yoxsa yoxlama yazıdır? – deyə soruşdu.
– İnşa yazırıq, – deyə uşaqlardan biri dilləndi.
Orxan müəllimindən icazə alıb, lövhənin qabağına gəldi. O, uşaqlara diqqət edib dedi:
– Çox gözəl. Bəs mövzu nədir?
Uşaqlar dinməzcə dayandılar. Gülnarə müəllimə, ən sevimli şagirdi olduğuna görə Orxanın xətrini çox istəyirdi. Onun anasız böyüməsi haqqında uşaqlara məlumat vermişdi. Orxan sualına cavab tapmayıb, ikinci partadakı oğlana yaxınlaşıb dedi:
– Qardaş, hansı mövzu haqqında inşa yazırsınız?
Hamı susdu. Səbri tükənən Orxan:
– Niyə axı heç kim dinmir, – deyə səbirsizlə soruşdu.
Yaranmış sükuta qənim kəsilən bir oğlan ayağa qalxaraq sakitcə:
– ”Ana” haqqında inşa yazırıq deyib, – yerində əyləşdi.
Oğlanın həmin an dediyi “Ana” sözü Orxanın kövrəlmiş qəlbində gizli sızıltılar əmələ gətirdi. O, dərindən köks ötürdü. Əlini partanın üstünə qoyaraq dedi:
– Allah heç kəsi ata-anasız etməsin. Valideynsiz yaşamaq çox çətin və ağırdır. Zaman keçdikcə, mən bunu daha da yaxşı anlayıram. Heç kəsə belə uşaqlıq illəri arzulamıram. İllər boyu anasız böyümək hissini qəlbimdə duymuşam. Tale avtomobil qəzasında anamı əlimdən aldı. Hər gün tökülən göz yaşlarım ürəyimdə sancı yaratdı. Anam yuxuma gələrək mənə deyirdi ki, ağlamaqla heç nə düzəlmir. Mən onun ümidverici sözlərindən toxtaqlıq tapırdım. Ona nəsə demək istəyəndə yuxudan oyanır, yorğanın altında gizlicə ağlayırdım. Ana yoxluğunu neçə illərdir ki, atamla hiss edirik. İkimiz də sevinclərimizi gizlədib, qəlbimizdə yas saxlayırıq. Bəzən mənə elə gəlir ki, anam elə bil vəfat etməyib, harasa gedib və haçansa bir gün qayıdacaq. İnsan öz yaxınının qiymətini itirəndə bilir. Bu gün həmin hadisədən artıq on il keçib. Öz valideynlərinizin, yaxınlarınızın qədrini bilin, uşaqlar.
Hörmətli Gülnarə müəllimə, sizin dəyərli vaxtınızı aldığıma görə üzr istəyirəm.
Orxan kədərli cümlələri ilə uşaqlarda və müəlliməsində qəhər yaratdı. Sinifdə hamının gözləri yaşardı və o, müəlliməsi ilə xudafizləşib oranı tərk etdi.
Sabahkı günlərə ümidlə baxıb, günəşin şüalarından vəcdə gələn Orxan qəlbində fərəh hissi duyaraq, xoş görüşdən məmnun halda ata yurduna pənah gətirdi...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+25=
Hesaba giriş
Müəllif

Aqil Yaşaroğlu
Əlaqə
E-mail:
yazici.a@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0255 saniye