V.İ.Lenin – Marksizmin üç tərkib hissəsi
Elməddin Səmədzadə tərəfindən "Elmi məqalə" bolməsinə 11:19 04 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Bütün mədəni aləmdə bütün burjua elmi (istər rəsmi elm olsun, istərsə liberal elm) marksizmi “zərərli təriqət” kimi bir şey hesab edib, Marksın təliminə çox böyük bir ədavət və nifrət bəsləyir. Ona başqa bir münasibət bəsləniləcəyini gözləmək də olmaz, çünki sinfi mübarizə üzərində qurulmuş bir cəmiyyətdə “bitərəf” sosial elm ola bilməz. Bütün rəsmi və liberal elm muzdlu köləliyi bu və ya başqa şəkildə müdafıə edir, marksizm isə bu köləliyə amansız müharibə elan etmişdir. Muzdlu köləlik cəmiyyətində bitərəf bir elm olacağını gözləmək də, kapitalın mənfəətini azaldıb fəhlələrin muzdunu artırmaq lazım gəlməzmi – deyə irəli sürülən bir məsələdə fabrikçilərin bitərəf olacağını gözləmək qədər axmaq bir sadədillikdir. 
Bundan əlavə, fəlsəfə tarixi və sosial elm tarixi tamamilə aydın göstərir ki, marksizmdə “təriqətçilıyə” bənzər heç şey yoxdur, yəni dünya mədəniyyətinin geniş inkişaf yolundan kənarda əmələ gəlmiş məhdud, ölgün təlimə bənzər heç bir şey yoxdur. Əksinə, Marksın bütün dahiliyi məhz ondan ibarətdir ki, bəşəriyyətin qabaqcıl fikrinin irəli sürmüş olduğu məsələlərə o, cavab vermişdir. Marksın təlimi fəlsəfə, siyasi iqtisad və sosializmin ən böyük nümayəndələrinin təliminin doğrudan-doğruya və bilavasitə davamı olaraq meydana gəlmişdir. 
Marksın təlimi hər şeyə qadirdir, çünki doğru təlimdir. Bu təlim dolğun və düzgün təlim olub, insanlara heç bir mövhümatla, heç bir irtica ilə, burjua zülmünün heç bir şəkildə müdafiə edilməsi ilə barışmayan mükəmməl bir dünya görüşü verir. Bu təlim XIX əsrdə bəşəriyyətin yaratdığı alman fəlsəfəsi, ingilis siyasi iqtisadı və fransız sosializmi kimi ən yaxşı bir sərvətin qanuni varisidir. 
Biz marksizmin həmin üç mənbəyi və habelə tərkib hissəsindən bəhs edəcəyik. 

Marksizmin fəlsəfəsi materializmdir. Avropanın bütün ən yeni tarixi boyunca, xüsusən XVIII əsrin axırlarında, orta əsrlərdən qalan hər cür tör-toküntüyə qarşı, təsisat və ideyalardakı təhkimçiliyə qarşı qəti vuruşma başladığı zaman Fransada yalnız materializm bütün təbiətşünaslıq təlimlərinə sadiq qalan, mövhumat, cəhalət və sairəyə düşmən və yeganə ardıcıl olan bir fəlsəfə oldu. Buna görə də demokratiya düşmənləri materializmi var qüvvələri ilə “təkzib etməyə”, sarsıtmağa, ona böhtan atmağa çalışır və nəticə etibari ilə həmişə dini bu və ya başqa tərzdə müdafiə edən və ya dinə yardım göstərən fəlsəfi idealizmin müxtəlif formalarını müdafiə edirdilər. 
Marks və Engels fəlsəfəsi materializmi tam bir qətiyyətlə müdafiə edir və bu zəmində hər hansı şəkildə uzaqlaşmağın dərin bir səhv olduğunu dəfələrlə müdafiə edirlər. Onların baxışları Engelsin “Ludviq Feyerbax” və “Anti-Dürinq” adlı əsərlərində ən aydın və ətraflə surətdə şərh edilmişdir; “Kommunist manifesti” kimi bu əsərlər də hər bir şüurlu fəhlənin stolüstü kitablarıdır. 
Lakin Marks XVIII əsrin materializmi ilə kifayətlənməyib fəlsəfəni irəlilətmişdir. Marks fəlsəfəni alman klasik fəlsəfəsinin, xüsusən Hegel sisteminin naliyyətləri ilə zənginləşdirmişdir ki, bu sistem də Feyerbax materializminə gətirib çıxarmışdı. Bu naliyyətlərin başlıcası dialektikadır, yəni ən mükəmməl, ən dərin və hərtərəfli inkişaf haqqında təlimdir, daim inkişaf edən materiyanı əks etdirən insan biliyi haqqında təlimdir. Təbiətşünaslığın ən yeni kəşfləri – radium, elektronlar, elementlərin çevrilməsi, – köhnə və çürük idealizmə “yenidən” qayıdan burjua filosoflarının təlimlərinin əksinə olaraq, Marksın dialektik materializmini çox gözəl təsdiq etdi. 
Marks fəlsəfi materializmi dərinləşdirib inkişaf etdirərək onu başa çatdırmış, onun təbiəti dərk etməsini bəşər cəmiyyətinin dərk olunmasına şamil etmişdir. Marksin tarixi materializmi elmi fikrin ən böyük naliyyətidir. İndiyədək tarix və siyasət məsələlərindəki baxışlarda hökm sürən hərc-mərclik və özbaşınalığın yerini son dərəcədə mükəmməl və düzgün bir elmi nəzəriyyə tutdu və məhsuldar qüvvələrin artması nəticəsində bir ictimai həyat quruluşundan digərinin, daha yüksək bir ictimai həyat quruluşunun necə yetişib əmələ gəldiyini, məsələn, təhkimçilikdən kapitalizmin necə yetişib əmələ gəldiyini göstərdi. 
İnsan idrakı insandan aslı olmayaraq mövcud olan təbiəti, yəni inkişafda olan materiyanı əks etdirdiyi kimi, insanın ictimai inkişafı da (yəni müxtəlif fəlsəfi, dini, siyasi və sair baxış və təlimlər də) cəmiyyətin ictimai quruluşunu əks etdirir. Siyasi təsisat iqtisadi təməl üzərində üstqurumdur. Məsələn, biz görürük ki, müasir Avropa dövlətlərindəki müxtəlif siyasi formalar proletariat üzərində burjuaziyanin hökmranlığının möhkəmlənməsinə necə xidmət edir. 
Marksın fəlsəfəsi kamil bir fəlsəfi materializm olub, bəşəriyyətə, xüsusilə də fəhlə sinfinə böyük idrak vasitələri vermişdir. 

II 

Marks iqtisadi quruluşun təməl olduğunu, bunun da üzərində siyasi üstqurumun yerləşdiyini söylədikdən sonra, ən çox həmin iqtisadi quruluşu tədqiq etməyə diqqət vermişdir. Marksın başlıca əsəri olan “Kapital” müasir cəmiyyətin, yəni kapitalizm cəmiyyətinin iqtisadi quruluşunu tədqiq etməyə həsr olunmuşdur. 
Marksdan əvvəl klassik siyasi iqtisad, ən çox inkişaf etmiş kapitalizm ölkəsi olan İngiltərədə əmələ gəlmişdir. Adam Smit və David Rikardo iqtisadi quruluşu tədqiq edərək əmək dəyər nəzəriyyəsinin əsasını qoymuşlar. Marks onların işini davam etdirmişdir. Marks bu nəzəriyyəni ciddi əsaslandırıb ardıcıl surətdə inkişaf etdirmişdir. Marks göstərmişdir ki, hər bir əmtəənin dəyəri onun istehsalına sərf edilən ictimai zəruri iş vaxtının miqdarı ilə müəyyən olunur. 
Marks aşkara çıxartmışdır ki, burjua iqtisadçılarının şeylər arasında gördükləri münasibət (əmtəənin əmtəəyə mübadiləsi) insanlar arasındakı münasibəti ifadə edir. Əmtəə mübadiləsi ayrı-ayrı istehsalçılar arasındakı əlaqəni bazar vasitəsi ilə ifadə edir. Pul o deməkdir ki, bu əlaqə getdikcə daha sıx olur, ayrı-ayrı istehsalçıların bütün təsərrüfat həyatını möhkəm birləşdirib bir tam halına salır. Kapital bu əlaqənin daha da inkişaf etməsi deməkdir: insanın iş qüvvəsi əmtəə olur. Muzdlu fəhlə öz iş qüvvəsini fabrik, torpaq və əmək alətləri sahibinə satır. Fəhlə iş gününün bir hissəsini özünün və ailəsinin xərclərini ödəmək üçün işləyir (əmək haqqı), iş gününün digər hissəsini isə fəhlə müftə işləyir, kapitalistlər üçün izafi dəyər yaradır, kapitalistlər sinfi üçün mənfəət mənbəyi, sərvət mənbəyi yaradır. 
İzafı dəyər təlimi Marksın iqtisadi nəzəriyyəsinin təməl daşıdır. 
Fəhlənin əməyi ilə yaranan kapital fəhləni əzir, xırda sahibkarı var-yoxdan çıxarır və işsizlər ordusu yardır. Sənayedə iri istehsalın qələbəsi dərhal nəzərə çarpır, lakin əkinçilikdə də biz eyni hadisəni görürük: iri kapitalist əkinçiliyin üstünlüyünü artırır, maşın tədbiqi artır, kəndli təsərrüfatı pul kapitalının tələsinə düşüb boğulur, texnikasının geridə qalması üzündən dağılıb puça çıxır. Əkinçilikdə xırda istehsal başqa şəkildə dağılır, lakin onun dağılması faktı şəksizdir. 
Xırda istehsalı əzib dağıdan kapital əmək məhsuldarlığının artmasına və ən iri kapitalistlərin ittifaqları üçün inhisar vəziyyəti yaranmasına səbəb olur. İstehsal özü getdikcə daha çox ictimai şəkil alır – yüz minlərlə və milyonlarla fəhlə planauyğun bir təsərrüfat orqanizmi halında əlaqələndirilir, ümumi əməyin məhsulunu isə bir ovuc kapitalist mənimsəyir. İstehsal hərc-mərcliyi və böhranlar artır, bazar uğrunda qızğın mübarizə başlanır, əhali kütləsinin güzəranı xarablaşır. 
Kapitalizm quruluşu fəhlələrin kapitaldan asılılığını artıraraq, birləşmiş əməkdən ibarət əzəmətli bir qüvvə yaradır. 
Marks kapitalizmin inkişafını əmtəə təsərrüfatının ilk rüşeymlərindən, sadə mübadilədən başlamış kapitalizmin ən yüksək formalarına, iri istehsala qədər tədqiq etmişdir. 
Bütün kapitalist ölkələrinin, istər köhnə, istərsə yeni kapitalist ölkələrinin təcrübəsi Marksın bu təliminin doğruluğunu ildən-ilə getdikcə daha çox fəhləyə aydın şəkildə göstərir. 
Kapitalizm bütün dünyada qalib gəlmişdir, lakin bu qələbə yalnız əməyin kapital üzərində qələbəsinin ərəfəsindədir. 

III 

Kapitalizmin devrildiyi və “azad” kapitalizm cəmiyyətinin dünyaya gəldiyi zaman dərhal məlum oldu ki, bu azadlıq zəhmətkeşləri zülm və istismar altında saxlayan yeni bir sistem deməkdir. Bu zülmün inikası və ona qarşı protest olaraq dərhal müxtəlif sosialist təlimləri meydana çıxmağa başladı. Lakin ilk sosializm utopik sosializm idi. Bu sosializm kapitalizm cəmiyyətini tənqid edir, onu pisləyir, ona lənət yağdırır, bu cəmiyyətin məhv olmasını arzulayır, xəyalında daha yaxşı bir quruluş uydurur, istismarın ləyaqətsiz bir hərəkət olduğunu varlılara inandırmağa çalışırdı. 
Lakin utopik sosializm həqiqi bir çarə göstərə bilmirdi. Utopik sosializim nə kapitalizmdəki muzdlu köləliyin mahiyyətini aydınlaşdıra bilir, nə də yeni cəmiyyətin yaradıcısı ola biləcək ictimai qüvvəni tapa bilirdi. 
Halbuki feodalizmin, təhkimçiliyin devrilməsi ilə nəticələnən coşğun inqilablar Avropanın hər yerində, xüsusən Fransada getdikcə daha aydın göstərirdi ki, bütün inkişafın əsası və onun hərəkətverici qüvvəsi siniflər mübarizəsidir. 
Siyasi azadlığın təhkimçilər sinfi üzərində qazandığı heç elə bir qələbə olmamışdır ki, qizğın müqavımətsiz əldə edilmiş olsun. Az-çox azad, demokratik bir təməl üzərində qurulan heç bir kapitalist ölkəsi kapitalizm cəmiyyətinin müxtəlif sinifləri arasında ölüm-dirim mübarizəsi getmədən meydana gəlməmişdir. 
Marksın dahiliyi ondadır ki, buradan irəli gələn və bütün dünyü tarixinin göstərdiyi nəticəni o hamıdan əvvəl çıxarmış və bu nəticəni ardıcıl davam etdirə bilmişdir. Bu nəticə – sinfi mübarizə haqqında təlimdir. 
Adamlar hər bir mənəvi, dini, siyasi və sosial ibarələr, bəyanatlar, vədlər arxasında bu və ya başqa siniflərin mənafeyini görməyi bacarmadıqca, həmişə siyasətdə aldatmanın və aldanmanın əbəs qurbanı olmuş və həmişə olacaqdır. İslahat və yaxşılaşdırma tərəfdarları hər bir köhnə təsisatın – nə qədər əcaib və çürük görünsə də – bu və ya başqa hakim sinfin gücü ilə yaşadığını anlamadıqca, köhnəlik tərəfdarları həmişə onları aldadacaqdır. Bu siniflərin müqavımətini qırmaqdan ötrü ancaq bircə çarə vardır: yaşadığımız cəmiyyətin öz içərisində elə qüvvələr tapıb maarifləndirmək və mübarizə üçün təşkil etmək lazımdır ki, bunlar köhnə quruluşun kökünü kəsməyə və yenisini yaratmağa qadir qüvvə ola bilərlər və öz ictimai vəziyyətinə görə belə bir qüvvə olmalıdırlar. 
Bu vaxtadək bütün məzlum sinifləri qara gündə saxlayan mənəvi köləlikdən qurtulmaq yolunu proletariat ancaq Marksın fəlsəfi materializmi göstərdi. Kapitalizmin ümumi quruluşunda proletariatın həqiqi vəziyyətini yalnız marksın iqtisadi nəzəriyyəsi atdınlaşdırdı. 
Amerikadan Yaponyaya qədər və İsveçdən Cənubi Afrikaya qədər bütün dünyada proletariatın müstəqil təşkilatları artmaqdadır. Proletariat öz sinfi mübarizəsini aparmaqla maariflənib yetkinləşir, burjua cəmiyyətinin mövhumatından azad olur, getdikcə daha sıx birləşir və öz müvəffəqiyyətlərinin dərəcəsini təyin etməyi öyrənir, öz qüvvələrini mətinləşdirir və daim artıb böyüyür.


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
1+29=
Hesaba giriş
Müəllif

Elməddin Səmədzadə
Haqqında
marksist-leninist
Əlaqə
E-mail:
bobmeddin@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.03 saniye