Onları görürəm, eşidirəm, amma heç nə edə bilmirəm. Onlar xalq tərəfindən sevilirlər, qiymətləndirilirlər, amma mən çürüyürəm. Onlardan, qəhrəmanlıqlarından ağız dolusu danışılır, amma mən unudulmuşam.
Onları günahlandırımmı? Bizim yerimizə keçməklə, bizim haqqımızı əlimizdən almaqla ittiham edimmi? “Xain”, “satqın” etiketini alınlarına yapışdırımmı? Hər şeyi ortaya tökümmü?
Amma bunu edə biləcəyimə inamım ölüb. Bu ölüm dünənin, srağagünün ölümü deyil. Bu ölüm 20 ildən artıq var. Bizi çoxdan öldürüblər. Məndən savayı hamısını mərhəmətsiz torpaq udub.
O illər - qara illər, qanlı illər, ümidsiz illər, ölümlü illər. O illərdə “müharibə”, “düşmən”, “vətən” bütün dəhşətləri ilə ruhumuza, beynimizə, varlığımıza çökmüşdü. Düşmənin qanına susamışdıq. Onlar qocalarımızı öldürürdülər, qadınlarımıza təcavüz edirdilər, uşaqlarımıza travma yaşadırdılar, əsir düşənlərimizə işgəncə verirdilər.
Amma düşməndən deyil, satqından ölümcül zərbə aldıq. Diplomatik heyətə aviaterror yaşatdılar, operatoru kamerası ilə birgə ölümə yolladılar. Biz isə baş verənlərdən xəbərsiz düşməndən qisas almağa davam edirdik. Yavaş-yavaş birilərimiz o dünyalıq olmağa başladı.
Mən tək qaldım. Əlim silahla birgə titrəyirdi. Göz yaşları içində həyatlarını itirən dostlarıma nəzər saldım. Qorxmağa başlayırdım. Dişlərim bir-birinə dəyərək ölüm sükutunu pozurdu. Hönkürmək həddinə çatmışdım. Göz yaşlarımı silməyə qorxurdum, çünki tək idim.
Niyə kömək gəlmir? Niyə təkəm? Niyə düşmən sakitdir?
Hər şey birdən-birə dəyişildi. Dostlarımın qisasını almamış özümü biabırçı sülh şəraitində tapdım. Atamla anamın dediklərini anlamırdım, onların qayğılarından qaçırdım, bir zaman sevdiyim qızın mənə ürkəkcəsinə baxmasına dözə bilmirdim. Yemək-içmək, yatmaq kimi gündəlik ehtiyaclarımı yerinə yetirə bilmirdim. Əlimə kitab alınca gözlərimin önündə qanlı duman örtüyü peyda olurdu, beynimin içindəki müharibə səslərini eşitməmək üçün kitabı qeyri-ixtiyarı hərəkətlə yerə atıb cəld əllərimlə qulaqlarımı qapadırdım, diz üstə çöküb için-için ağlayırdım. Məni heç kim anlamırdı, hətta ailəm də. Mənə yaxınlaşmağa, sığal çəkməyə, sakitləşdirməyə qorxurdurlar. Sanki mən vərəm xəstəsi idim onların gözündə. Nəfəslərini tutub saxlayaraq mənim durumuma çarəsizcə baxıb ağır gözlərlə izləyici rolunu oynayırdılar. Kabuslarıma, travmalarıma, ağrılarıma bir çarə tapa bilmədiklərində özlərini alçalmış hiss edirdilər. Dəfələrlə müvafiq yerlərə etdikləri müraciət, şikayət, yazdıqları kağız parçası arxivə göndərilirdi.
Heç bir həkim, heç bir psixoloq, heç bir nevropatoloq mənim yaralarımı sağaltmağa qadir deyildi. Evdəki mühit məni öldürməyə davam edirdi. Mənim əllərim silaha öyrəşmişdi, silah qoxurdu. Düşmənlərimiz, satqınlarımız öz kef-damaqlarında, dostlarım isə qara torpaq altında. Qisas mənə rahatlıq vermirdi. Özüm-özümü ev dustağı etmişdim. Evdən çıxmaq-insanlara qarışmaq demək idi, onların sifətlərinə tüpürmək, yaxalarından tutub silkələmək, gözlərinin içinə baxaraq nifrətini qusmaq demək idi. Qab-qacaqları sındırıb ailəmə bağırırdım, kitabları cırıb barbarcasına tapdalayırdım.
Gün keçdikcə barmağımı belə tərpənməyə çətinlik çəkirdim. Yatağımdan qalxa bilmirdim, ağzımı açıb yemək-içmək ehtiyacımı ödəyə bilmirdim. Beynim, ruhum yaşadığım travmalardan çökərək məni yavaş-yavaş iflic etməyə başlayırdı. Məni bu vəziyyətə gətirən hər kəsə vermək istədiyim suallarım vardı.
Amma ən böyük zərbəni yalançı “qəhrəmanlarımız”dan aldım. Mənim haqqımı alçaqcasına oğurladılar, öz adlarına çıxartdılar. Təkcə mənim yox, bizim, dostlarım, bizim haqqımızı yedilər. Bundan ötrü həyatımızı ortaya qoyduq? Bundan ötrü?! Bir çoxları bilə-bilə nəinki susurdular, hətta şişirtməyə davam edirdilər. Onlara rahat mənzil, yeni vəzifə bəxş etdilər. Mən burada hərtərəfli çürüyərkən onlar orada yaşamağa davam edirdilər. Kaş ki, ağzımı açıb bağırmağa, barmağmı tərpətməyə gücüm çatardı. Ölmək, sizin yanınıza gəlmək, rahatlıq tapmaq istəyirəm, dostlar, kömək edin mənə, yalvarıram, kömək edin. Bu zibil dünyada yaşamaq, hələ tək yaşamaq, şərəfsiz yaşamaq istəmirəm, özümə belə yaşamaq haqqını yaraşdırmıram. Məni öldürüblər, çoxdan öldürüblər. Amma ilk siz məni öldürdünüz. Məni orada tək buraxıb tərk etməməli idiniz, mənə bunları yaşatmamalı idiniz. Əgər tək olmasaydım, əgər siz mənimlə birgə olsaydınız, heç kimin bizim haqqımızı yeməyə cəsarəti çatmazdı. Hətta müharibə belə utanc şəkildə bitirilməzdi, mütləq qələbə əldə ediləcəkdi.
Qardaşım məndən bezərək, cana doyaraq evi tərk etdi. Məndən kiçik idi, müharibədən əvvəl onunla oynamağı çox sevirdim. Amma müharibədən sonra onunla maraqlanmadım, onu sevmədim, ondan uzaqlaşdım. Onun dərin, inkaredilməz, sarsılmaz nifrətini qazandım. Mənə 5 il dözdü, məni 5 il gözlədi. Amma 5 ildə ona heç nə edə bilmədim, etmədim. Atam-anama səsini qaldırırdı, məni barmağı ilə işarələyib qışqırırdı, göz yaşları içində yumruğunu masaya vururdu. 18 yaşına gəlincə evi, ata-anamızı, məni həmişəlik tərk etdi. Gedərkən mənimlə son dəfə görüşmədi. O, gedəndən sonra atamla anam qısa müddət məndən uzaqlaşdılar. Mənim dərmanlarım onlarının sonuncu pullarını amansızcasına xərcləyirdi. Eşitsəm də, görsəm də, anlasam da, heç nə edə bilmirdim. Ağzımı açıb danışmaq, barmağımı tərpətmək kimi cüzi istəyim yox idi.
Görəsən bu yalanı kim icad edib, niyə icad edib? Nəyə xidmət edir? Hər ilin özəl günlərində tv ekranında izləyirəm, iynə-dərmanlarla yaşayışımı davam etdirirəm, amma hələ də dərk edəcək səviyyəyə yüksəlməmişəm: Yalançı qəhrəmanlarımızın dövlətə, vətənə nə kimi xidmətləri olub? Mənim vəziyyətimdə olanlar varsa əgər, niyə susurlar?