Yaşayaq
Ismael Memmedov tərəfindən "Şeir" bolməsinə 13:55 10 iyun 2014 tarixində əlavə olunmuşdur

Yaşayaq

 

Üzümdə kədər, gözümdə yaşlar

Bir səs pıçıldayır qulağıma:

“Sənin ölümsüzlüyün sən öləndə başlar.”

Bir səs pıçıldayır şeytan misalında

Küyü az,  cingiltisi çox

Harayı az,  inilitisi çox.

Pıçıldayır qulağıma

Deyir ölməlisən, öl.

 

Yox!

 

Deyirlər uzaqlarda bir yasəmən ağacı var,

Gül ətirli, bulud çətirli bir yasəmən ağacı.

Deyirlər o qədər gözəldir ki,

Gözəlliyindən yaranan isti üşüyənlərə kömək olur.

Gözəlliyi doydurur hər bir acı.

Baxın, mən də deyirəm,

Məni o yasəmən ağacının altında

Şən qadınlar basdırsın.

Hamı desin, hamı gülsün

Mən  istəmirəm öləndə

Anamın təbəssümü mənimlə ölsün.

 

Deyirlər uzaqlarda bir yasəmən ağacı var,

Bir qızcığaz cıxıb oynayır budaqlarında.

Budaqları körpə olsa da daşıyır qızı.

Bəylər, 

Xanımlar,

Qoymayın sınsın o cavan budaq,

Qoymasın yıxılsın o balaca uşaq.

Bir azca insan olun,

Bir az sevgiylə dolun.

 

Hamı öləcək bir gün.

Kimi yasəmən ağacının altında,

Kimisi də bir neçə otun üstündə

Gedəcək öz əbədi yuxusuna.

Bəylər,

Xanımlar,

Bir az da həssas olun.

O qızın qorxusuna,

Bir də cavan budağın həyat qaynadan qoxusuna.

 

Ölməzdən əvvəl

Yaşamağın qədrini bilin.

Bəylər ,

Xanımlar,

Axtarıb tapın yasəmən  ağacını,

Oxşayın o balaca qızın saçını.

Ümidsizlikə,qorxuda eşələnməyin,

Əl-ələ verin, möhkəm dayanın,

Möhkəm dayanaq.

Yaşadığımız dünya kabusdur

Qışqırın, oyanın.

Qışqırıraq, oyanaq. 


... dəfə oxunub
Qiymət: 9/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
8+32=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0373 saniye