Yazıçı
Vüsal Məmmədzadə tərəfindən "Hekayə" bolməsinə 16:01 05 aprel 2014 tarixində əlavə olunmuşdur

Əlində kağızlarla pilləkənləri qalxır. Üzündə yorğunluq qarışıq ümidsizlik var. Bir neçə pillə qalxdıqdan sonra qapıya çatır. Ciblərini axtarmağa başlayır. Açarı çıxarıb qapını açır. İçəri girir. Pencəyini çıxarıb qapının ağzındakı asılqandan asır. Ayaqqabılarını bir küncə itələyib otağa tərəf gedir. Kağızları əlindən yerə qoymur. Sanki, kimsə oğurlayacaq. Otağa keçib divanda oturur. Xəyala dalır. Bir müddət hərəkətsiz qalır. Sonra ayağa durub əlindəki kağızları kağız-kuğuzla dolu masanın üstünə atır. Masanın yanındakı şkafa yaxınlaşır. Şkafın yuxarı gözünü açır və kəndir çıxarır. Elə bil, əvvəlcədən kimsə hazırlayıb qoymuşdu. Qalstukunu çıxarır. Köynəyinin üst düyməsini açır. Masaya, kağız-kuğuzların üstünə qalxır. Əli çilçırağa çatmır. Aşağı əyilib masadakı kitabları üst-üstə yığır. Bu dəfə çatır. Kəndiri çilçırağa bağlayır. Boynunu kəndirin halqasından keçirir. Gözləyir... Telefon zəng çalır. Gözləyir. Qərar vermək istəyir. Qərarını verir. Boynunu kəndirin halqasından çıxarır. Cəld hərəkətlərlə telefona tərəf irəliləyir. Dəstəyi qaldırır. “Alo” deyir. Qulaq asır. Yorğunluq qarışıq ümidsiz simasını gülüş əvəz edir. Gözləri işıqlanır. Bədəni canlanır. Masaya tərəf yüyürür. Kağız-kuğuzları ora-bura atmağa başlayır. Bayaqkı kağızlarını axtarır. Bir az sonra tapır. Tez qapıya tərəf qaçır. Ayaqqabılarını geyinir. Pencəyini əlinə alıb tələsik qapını bağlayır. Pilləkənlərlə aşağı şütüyür.

Axşam...

Evə qayıdır. Əlində bir çörək var. Bayaq üzünə hopmuş gülümsəmə hələ də simasındadır. Hansısa musiqini zümzümə edir. Qapını açır. İçəri daxil olur. Pencəyini çıxarır. Ayaqqabılarını kənara itələyib otağa tərəf gedir. Çörəyi masanın üstünə qoyur. Kəndiri götürür. Şkafın yuxarı gözündə yerləşdirir. Sonra aşağı gözünü açıb təmiz vərəqlər və karandaş götürür. Stulu çəkib oturur. Kağız-kuğuzları bir tərəfə yığıb önündə boş yer açır. Çörəkdən bir parça kəsir. Ağzına aparır. Karandaşı vərəqə yaxınlaşdırır. Nəsə yazmağa başlayır. Ara bir düşünür, çörəkdən kəsir və çeynəyir...


... dəfə oxunub
Qiymət: 9/10(17 səs)
[qiymət ver ]
Şərh yaz
1+31=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0284 saniye