Hər gün bu dünyaya yalvarıram mən,
Nə olar anama dəyməsin zaman.
Dünyadan əl çəkib sovruluram mən,
Yetər ki anama dəyməsin zaman.
Razıyam ömrümün baharı solsun,
Ümidi qırılsın, pənahı dönsün,
Sevgisi xor baxsın, eşqi yan dönsün
Yetər ki anama dəyməsin zaman.
Yetər ki əlindən süzülsün telim,
Ən şirin nəğməylə tökülsün dilim,
Tək onun önündə bükülsün belim,
Yetər ki anama dəyməsin zaman.
Bu kiçik dünyamın nəhəng sultanı,
Bu payız ömrümün tək bahar anı,
Yerinə qocalım, mən verim canı,
Yetər ki anama dəyməsin zaman.
Saçının dənini saçıma əkim,
Qəlbindəki dərdi könlümə biçim,
Onun alovuna mən yanım, bitim
Yetər ki anama dəyməsin zaman.